Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.
Cari ilin məhsulu üçün muxtar respublikada 32 min 483 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə biçin aparılır.
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, biçin aparılan 405 hektar sahədə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Biçinə 4 kombayn cəlb olunub, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılıb. Ərazidə əkinin şırım üsulu ilə aparılması, qapalı suvarma şəbəkəsinin qurulması, normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına və məhsuldarlığın artmasına səbəb olub. Bu günə qədər 245 hektarda biçin başa çatdırılıb. Məhsuldarlıq 29 sentnerdir.
Muxtar respublikada taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi təmin edilib, zəruri ehtiyat hissələri alınıb, texniki xidmət təşkil olunub. Həmçinin taxıl zəmilərində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri görülüb. Sahələrdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları xidmət aparır.
Ali Məclisin Sədri muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılmasının vacibliyini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələr verib.
Taxıl biçini ilə tanışlıqdan sonra mexanizator və kombaynçılarla görüşən Ali Məclisin Sədri deyib: Taxıl biçini müqəddəs və əhəmiyyətli işdir. Bu iş ona görə müqəddəsdir ki, çörəkdir. Əhəmiyyətlidir ona görə ki, muxtar respublikada əsas ərzaq məhsulu istehsal olunur. Bu il muxtar respublikada 30 min hektardan artıq sahədə taxıl əkilib. Taxıl biçini optimal müddətə – iyul ayının sonuna qədər başa çatdırılmalıdır. Bugünə qədər 9 min hektardan artıq taxıl sahəsi biçilib və hazırda biçin mütəşəkkil şəkildə davam etdirilir. Bunun da əsas səbəblərindən biri vaxtilə torpaq mülkiyyətçilərinin kombayn və digər texnikalarla təmin olunmasıdır. Hazırda muxtar respublika üzrə taxıl biçinində 95 kombayn iştirak edir ki, onun da 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 80-i isə sahibkarlara məxsusdur. Həmçinin muxtar respublikaya yüksək iş əmsalına malik yeni kombaynlar gətirilib. Onlar da bu sahə ilə məşğul olan, işinin öhdəsindən gələn, texnikalardan səmərəli istifadə edən sahibkarlara veriləcəkdir.
Ali Məclisin Sədri deyib: Taxıl əkini zamanı aqrotexniki qaydalara düzgün əməl olunmalı, əkin şırım üsulu ilə aparılmalı, yerli iqlim şəraitinə uyğun məhsuldar və dərmanlanmış toxumlardan istifadə olunmalıdır. Biçin keçirilən bu ərazidə məhsuldarlıq 29 sentnerdir. Bu, böyük nailiyyətdir. Vaxtilə bu torpaqlardan 20 sentner taxıl götürülürdü. Lakin aqrotexniki qaydalara düzgün əməl olunması, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, şəraitə uyğun toxum sortlarının seçilməsi, normalar daxilində gübrə verilməsi məhsuldarlığı artırmışdır. Muxtar respublikada hər hektardan 40 sentner taxıl götürən torpaq mülkiyyətçiləri də vardır. Dəmyə üsulu ilə əkinin genişləndirilməsi də taxıl istehsalının artmasına səbəb olmuşdur. Hazırda muxtar respublikada buğda 30 qəpikdən qəbul edilir. Taxıl istehsalının artırılması sahəsində həyata keçirilən tədbirlər tələbatın yerli istehsal hesabına ödənilməsinə və vəsaitin ölkəmizdə qalmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri deyib: Taxılçılıqda məhsuldarlığı artırmaq əsas şərtdir. Çünki muxtar respublikanın əkinəyararlı torpaqları 62 min hektara yaxındır. Onun da 52 min hektarından çoxu suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada tələbata uyğun taxıl istehsalına əkin sahələrini genişləndirmək yolu ilə deyil, məhsuldarlığı artırmaqla nail olunmalıdır. Çünki əkinəyararlı torpaqlarda taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri də əkilir. Muxtar respublikada qapalı suvarma şəbəkələrinin qurulması nəticəsində suvarılan torpaqların sahəsi ilbəil artır. Hazırda Böyükdüz kəndində 600 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulur. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, torpaqlardan səmərəli istifadə olunmasına və bol məhsul istehsalına imkan verəcəkdir.
“Muxtar respublikada bu gün taxıl istehsalının artırılması sahəsində görülən işlər sabah hər bir sakinin süfrəsinin bərəkətinə çevriləcəkdir”, – deyən Ali Məclisin Sədri muxtar respublika sakinləri adından taxıl biçinində iştirak edən mexanizator və kombaynçılara təşəkkür edib.
Sonra Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki 500 hektar torpaq sahəsinə baxıb, ərazidə layihələndirmə işlərinin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.