İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirdi və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd etdi ki, bu, ölkələrimiz arasındakı yaxşı münasibətlərin nəticəsidir. Ali Məclisin Sədri Azərbaycan-Hindistan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası tərəfindən səylərin göstəriləcəyini diqqətə çatdırdı.

Səmimi qəbula görə minnətdarlıq edən Sanjay Rana Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Naxçıvana səfər etdiyini, muxtar respublikada sosial-iqtisadi və mədəni inkişafın şahidi olduğunu bildirdi. Səfir bu il Naxçıvan şəhərində İslam Mədəniyyətinin Paytaxtı və Avropa günləri ilə bağlı keçiriləcək tədbirlərin muxtar respublikanın uğurlu inkişafının nəticəsi olduğunu qeyd etdi, əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiklərini vurğuladı.