29 may 2018-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis kapitanı Fariz Nəsirov və Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis leytenantı Ayaz İsmayılov tələbələr qarşısında “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə ölkəmizin, millətimizin sabahı bundan asılı olacaqdır” və yol hərəkəti qaydaları o cümlədən yol hərəkəti təhlükəsizliyi mövzularında maarifləndirmə tədbirləri keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açıq elan etmiş və bildirmişdir ki, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin müəssisədaxili nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etmələri, milli dəyərlərimizin qorunub saxlanılması vacib şərtlərdən biridir.

Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis kapitanı Fariz Nəsirov bildirdi ki, insan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri də məhz uşaq hüquqlarının müdafiəsidir.

Hər-bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı idealara qulluq etməsindən hər-bir ölkənin gələcəyi asılıdır. Hələ 1924-cü ildə Millətlər Cəmiyyəti uşaqların müdafiəsini və firavan həyatını nəzərdə tutan 5 əsas prinsipdən ibarət Bəyannamə hazırlanmışdır. Bu sənəd indi Cenevrə Bəyannaməsi kimi tanınır. 1959-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsinin yekdilliklə qəbul etmişdir. Sənədlərin qəbulu əsasında məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək olmuşdur.

Nəhayət ki, Uşaq Hüquqları Bəyannaməsi bəyan edilən prinsipləri, öz inkişafını BMT-nin Uşaq Hüquqları Konvensiyasında tapdı. 1989-cu il noyabr ayının 20-də BMT-nin Baş Məclisi tərəfindən 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyası qəbul edildi.

Azərbaycan Respublikasında “Uşaq Hüquqları” sahəsində qanunvericiliyin əsası Ümumilli Liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası oldu. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi referendum yolu ilə qəbul olunan əsas qanunumuzun 17-ci maddəsində deyilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu gün ölkəmizdə uşaq problemləri sahəsində aparılan dövlət siyasəti yalnız valideynlərin uşaqları qarşısında borcunun yerinə yetirilməsinə nəzarətlə kifayətlənməyərək daha da geniş şəkildə həyata keçirilir. Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, uşaq alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və s. məsələlər uşaq problemləri sahəsində dövlətin siyasətinin əsas istiqmətlərini təşkil edir.

Uşaq hüquqlarına diqqət və qayğının bariz nümunəsi kimi Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı 18 mart 2009-cu il tarixdə keçirilən Referendumda qeyd olunan maddəyə ümumxalq səsverməsi ilə qəbul edilən sonuncu əlavədə bir daha vurğulanır ki, Uşaq Hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Sonrakı əlavələrdə qeyd olunur ki, “valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar”, “uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır”. Azərbaycan Respublikasının Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, eyni zamanda yaşı 15-dən az olan şəxslərin bir qayda olaraq, işə qəbul edilməsinə yol verilməməsi məsələləri öz əksini tapıb.

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulduqdan sonra onun müddəalarını rəhbər tutaraq 19 may 1998-ci ildə “Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanunu” qəbul edilmişdir.

Həmçinin “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli Fərmanı olmuşdur.

Həmin Fərmanın 2.2-ci uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması qaydaları yarımbəndinin icrasını təmin etmək məqsədi ilə 23 yanvar 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 nömrəli Qərarı hazırlanmışdır.

Reallıq göstərir ki, respublikamızda uşaq hüquqları beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi normalarına əsasən qorunur. Onlar daim Azərbaycan dövlətinin himayəsi və qayğısı ilə əhatə olunurlar.

Sonra Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis leytenantı Ayaz İsmayılov çıxışında bildirmişdir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün sürücülərlə yanaşı piyadaların və sərnişinlərin də üzərinə qanunvericilikdə müəyyən olunmuş qaydada vəzifələr düşür. Ona görə də piyadalar və sərnişinlər “Yol Hərəkəti Haqqında Qanununun” 40 və 41-ci maddələrinin tələblərinə əməl etməlidirlər. Yəni piyadalar küçə və yollarda hərəkət zamanı səki ilə və ya yolun çiyni ilə hərəkət etməli qarşıdan-qarşıya keçdikləri zaman isə piyada keçidlərindən və ya piyada zolaqlarından istifadə etməlidirlər.

Tədbirin yekununda tələbələrə Naxçıvan Dövlət Televizyası tərəfindən hazırlanmış “piyada keçidindən keç, həyatından keçmə” adlı videoçarx nümayiş etdirildi.

Sonda Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov keçirilmiş tədbirə görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirmiş və bu kimi tədbirlərin davam etdirilməsinin zəruri olduğunu qeyd etmişdir.