Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək müharibə veteranları ilə görüşüb, onları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib.

Ali Məclisin Sədri kompleksdəki abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib.

Sonra Dövlət Himni səslənib.

Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri abidə önünə gül dəstələri düzüblər.

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib, cəbhəyə 640 mindən çox oğul və qızını yola salıb. Azərbaycanlı çağırışçı və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar Şimali Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti də əvəzsiz rol oynayıb. Həmçinin akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında Azərbaycanın kimyaçı alimləri xüsusi təyinatlı yanacaq və şaxtaya davamlı sürtgü yağlarının, eləcə də partlayıcı maddələrin istehsalını təmin etməklə Qələbəyə öz töhfələrini veriblər. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Naxçıvanlılar da müharibədə qəhrəmancasına döyüşmüş, qələbənin qazanılmasında öz töhfələrini veriblər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunub.

Ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən muxtar respublikada bu bayram qeyd olunub, Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, ikinci dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara xüsusi qayğı və həssaslıqla yanaşır. Ölkə Prezidentinin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı bu təbəqədən olan vətəndaşlara göstərilən qayğının daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında da müharibə veteranlarına xüsusi qayğı ilə yanaşılır, onların sosial müdafiəsi gücləndirilir, veteranlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri ilə təmin olunurlar.

Həmin gün Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbirlər keçirilib.