Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşları “Əlincəqala” Muzeyi və tarixi abidəsini ziyarət ediblər.
Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Əlincəqala tarixi abidəsi haqqında məlumat verilərək bildirilib ki, bərpa işləri zamanı qalanın tarixiliyi olduğu kimi qorunub saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları da “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, muzeydəki eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Naxçıvan Dövlət Tarix Muzeyində olan Daxili İşlər Nazirliyinin kollektivlərinə məlumat verilib ki, Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 50 minə yaxın eksponat bu muzeydə qorunub saxlanılır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivləri isə Heydər Əliyev Muzeyində olublar. Məlumat verilib ki, muzeydə ümummilli liderin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar və digər tarixi sənədlər toplanıb.
Ədəbiyyat Muzeyində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivinə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilib.
Xalça muzeyini gəzən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollektivlərinə məlumat verilib ki, xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyin dəyərli eksponatlarıdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollektivi isə yeni yaradılan Duz Muzeyində olublar. Qonaqlara ekspozisiyadakı sərgilənən daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanan duz qabları, daş həvəngdəstə və baltalar və digər eksponatlar haqqında ətraflı məlumat verilib.
Eyni zamanda Nəqliyyat Nazirliyinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyində, Vergilər Nazirliyinin kollektivləri Xatirə Muzeyində, Ədliyyə Nazirliyinin kolektivləri Bəhruz Kəngərlinin ev muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivləri isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Maliyyə Nazirliyinin kolektivi Hüseyn Cavidin ev muzeyini, Ombudsman aparatının kollektivi Cəlil Məmmədquluzadənin ev muzeyini, Fövqəladə hallar Nazirliyinin əməkdaşları Nəbatat Bağını, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Antsiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kolektivləri Naxçıvan Biznes mərkəzini ziyarət ediblər.