Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idman tədbirlərinin təqvim planına əsasən daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə birincilik keçirilib. Yarışdan bir gün öncə Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yarış iştirakçıları və məşqçilər üçün seminar təşkil edilib.

Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yeni qaydalar haqqında idmançıları və məşqçiləri məlumatlandırıb. Dünən isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yarışın açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyi Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov muxtar respublikamızda idmana və idmançılara göstərilən qayğıdan söhbət açıb, polis əməkdaşları üçün idman məşğələlərinin mütəmadi təşkilinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Sonra Daxili İşlər Nazirliyi “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev Naxçıvan idmançılarının mötəbər yarışlarda əldə etdikləri qələbələri, keçirilən idman tədbirlərinin miqyası və yaradılan infrastrukturu, əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın təcrübələrini ildən-ilə artırdığını diqqətə çatdırıb.

Sonra yarışlara start verilib. Reqlamentə əsasən 14 komandanın tərkibində 100-ə yaxın idmançı 7 çəki dərəcəsində mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəşid Sadiqov (Daxili Qoşunlar), Mahir Babayev (Naxçıvan Şəhər Polis İdarəsi), Kənan Əliyev (Daxili Qoşunlar), Orxan Babayev (Sədərək Rayon Polis İdarəsi), Röyal Nəbiyev (Mühafizə Polis Şöbəsi), Elnur Abdullayev (Xüsusi Təyinatlı Əməliyyat taqımı) və Elməddin Abdullayev (Naxçıvan Şəhər Polis İdarəsi) müvafiq olaraq 61, 65, 70, 79, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar. Qaliblər Daxili İşlər Nazirliyinin diplomları ilə təltif olunublar.