Martın 14-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Əli Seyf Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Səfər çərçivəsində qonaq martın 15-də əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub.

Dahi şəxsiyyətin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövrü, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illəri və həmin dövrdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq əlaqələrini əks etdirən sənədlər, tarixi fotolar və digər qiymətli eksponatlar haqqında qonağa ətraflı məlumat verilib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin hərbi attaşesi Əli Seyf sonra Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevlə görüşüb. Əli Seyf muxtar respublikanın hərtərəfli inkişafının onda böyük təəssürat oyatdığını bildirmiş, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı mövcud əməkdaşlığın əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmiş və hazırda bu əməkdaşlığın bütün sahələr üzrə uğurla davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı ordu quruculuğu sahəsində də mühüm nailiyyətlərin qazanılmasına imkan verib.

Günün ikinci yarısında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Əli Seyf “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında olub. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Asəf Quliyevlə keçirilən görüşdə İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, sərhəd xidmətinin bu əlaqələrin inkişafında məxsusi rol oynadığı diqqətə çatdırılıb.

Görüşdə hər iki tərəfdən sərhədlərin mühafizəsində və qarşılıqlı əlaqələrin inkişafında bundan sonra da əməkdaşlığın yüksələn xətlə davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom keçirilən görüşlərdə iştirak edib.