Yeddinci fəsil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarət

 

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi

I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər.

II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.

III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri aşağıdakılardır:

1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək;

2) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq;

3) xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını) özündə saxlamaq;

4) yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək;

5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək;

6) tərəfindən aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu aparmaq və bu barədə tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxslərinə raportla məruzə etmək;

6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək;

6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək;

7) nəzarət etdiyi yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək;

8) cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək).

Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı:

1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir;

2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir:

 nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;

 nəqliyyat vasitəsi axtarışda olduqda;

 nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

 bu Qanunun 37-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda.

Qeyd: Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

3) nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir;

Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.

4) nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verir;

5) nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparır (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərir).

6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir);

7) qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə məlumatları göstərilməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqdim edir;

8) şəxsin alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir.

Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir.

9) dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, habelə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda, nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda (saxta və ya qeyri-standart olduqda); dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikasında bu Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda; nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılır və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir);

Qeyd: 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir.

Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya pozuntuya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur.

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-cımaddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.

Qeyd: Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır.

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

11) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu yol hərəkəti qaydalarını pozduğu haqda, ümumi qaydada inzibati protokol tərtib edir (bu maddənin 9-cu bəndində nəzərdə tutulmuş hallar varsa, hərbi hissənin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verir);

Qeyd: Bu protokol müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydanı pozan şəxsin xidmət etdiyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Onlar belə fakt üzrə qərar qəbul edib bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

Qeyd: Əgər diplomatik immunitetə malik olan əcnəbi törədilmiş inzibati pozuntuya görə cərimə ödəməkdən imtina edərsə, bu barədə inzibati protokol tərtib olunur. Həmin protokol müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının diplomatik xətti ilə, qaydanı pozmuş şəxsin işlədiyi diplomatik nümayəndəliyə göndərilir və törədilmiş pozuntuya görə cərimənin ödənilməsi ona bir daha təklif olunur.

13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat

•  Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.