VIII fəsil. Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları

 

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:
1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;
2) and içməkdən imtina etdikdə;
3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;
4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;
6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;
7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda;
8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;
10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;
11) ştatlar ixtisar edildikdə;
12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;
13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.
136. Ali və böyük rəis heyətinin xüsusi rütbələri verilmiş daxili işlər orqanları əməkdaşlarına pensiyaya çıxdıqda geyim formasını daşımaq hüququ verilə bilər.
137. Daxili işlər orqanlarının əməkdaşları xüsusi rütbələrindən asılı olaraq, aşağıdakı yaş həddinədək daxili işlər orqanlarında xidmət edə bilərlər:
1) sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar—50 yaş (bu rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə onlar daxili işlər orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər);
2) orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar—55 yaş;
3) ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar:
 polis general-mayoru, daxili xidmət general-mayoru və tibb xidməti general-mayoru, polis general-leytenantı, daxili xidmət general-leytenantı xüsusi rütbələrində—60 yaş;
 polis general-polkovniki, daxili xidmət general-polkovniki —65 yaş.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
138. Bu Əsasnamə ilə nəzərdə tutulan hallar istisna olmaqla, xidmətin yaş həddinə çatmış əməkdaşlar daxili işlər orqanlarından xaric edilirlər.
139. Xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər.
140. Xidmət müddətinin artırılması haqqında qərar bu Əsasnamə ilə nəzərdə tutulan əsaslarla daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsini istisna etmir.
141. Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir.
142. Bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilən daxili işlər orqanlarının əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər.
143. Daxili işlər orqanlarının vəfat edən, həlak olan və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilən əməkdaşlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar.
144. Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə) .
145. Daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
146. Xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir.
147. Pensiya almaq hüququ ilə xaric edilən, 20 təqvim ili və daha çox (o cümlədən imtiyazlı hesablama ilə ) xidmət müddəti olan daxili işlər orqanları əməkdaşlarının, onların həyat yoldaşlarının və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibbi yardım təminatı, həmçinin sanatoriyalarında, istirahət evlərində, pansionatlarında və turist bazalarında haqqı ödənilməklə müalicə olunmaq və istirahət etmək hüquqları saxlanılır.