VIII fəsil. Yekun müddəalar

 

Maddə 65. Konvensiyanın təsdiq edilməsi

1. Hər bir İştirakçı Dövlət bu Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün, öz daxili qanunvericiliyinin əsas
prinsiplərinə uyğun olaraq, zəruri tədbirlər, o cümlədən qanunvericilik və inzibati tədbirlər görür.

2. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması və onunla mübarizə məqsədilə, bu Konvensiyada nəzərdə tutulan tədbirlərdən
daha ciddi və sərt tədbirlər görə bilər.

Maddə 66. Mübahisələrin həlli

1. İştirakçı Dövlətlər bu Konvensiyanın təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışırlar.

2. Bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı iki və ya daha çox sayda İştirakçı Dövlət arasında yaranmış mübahisə danışıqlar yolu ilə
ağlabatan müddət ərzində həll edilə bilməzsə, bu İştirakçı Dövlətlərdən birinin müraciəti ilə mübahisə arbitrac araşdırmasına verilir. Arbitrac
barədə müraciətin edildiyi gündən altı ay ərzində bu İştirakçı Dövlətlər arbitracın təşkili barədə razılığa gələ bilmirsə, bu İştirakçı
Dövlətlərdən hər hansı biri Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə, mübahisəni həmin
Məhkəməyə verə bilər.

3. Hər bir İştirakçı Dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya edərkən, qəbul və ya təsdiq edərkən, yaxud ona qoşularkən bəyan
edə bilər ki, o özünü bu maddənin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir. Digər İştirakçı Dövlətlər belə qeyd-şərt etmiş hər hansı
İştirakçı Dövlətə bu maddənin 2-ci bəndinə münasibətdə bağlı deyillər.

4. Bu maddənin 3-cü bəndinə əsasən qeyd-şərt etmiş İştirakçı Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərmək yolu ilə
istənilən zaman bu qeyd-şərti geri götürə bilər.

Maddə 67. İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma

1. Bu Konvensiya 2003-cü il dekabr ayının 9-dan 11-dək Meksikanın Merida şəhərində, sonra isə Nyu-Yorkda Birləşmiş Millətlər
Təşkilatının Baş Qərargahında 2005-ci il 9 dekabr tarixinədək bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Konvensiya regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün də açıqdır, lakin belə təşkilatların üzvü olan
dövlətlərdən ən azı biri bu Konvensiyanı bu maddənin 1-ci bəndinə uyğun olaraq imzalamış olmalıdır.

3. Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilir. Ratifikasiya, qəbul və ya təsdiq sənədləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
saxlanca təhvil verilir. Regional iqtisadi inteqrasiya təşkilatı, əgər onun üzvü olan dövlətlərdən ən azı biri bu qaydada üzvlüyə qəbul
olunmuşdursa, öz ratifikasiya, qəbul və ya təsdiq sənədini saxlanca təhvil verə bilər. Belə ratifikasiya, qəbul və ya təsdiq sənədində həmin
təşkilat bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz səlahiyyət dairəsini bildirir. Həmin təşkilat öz səlahiyyət dairəsində istənilən
müvafiq dəyişiklik barədə də depozitariyə məlumat verir.

4. Bu Konvensiya hər hansı dövlətin və ya üzv dövlətlərindən ən azı biri bu Konvensiyanın İştirakçısı olan regional iqtisadi inteqrasiya
təşkilatının qoşulması üçün açıqdır. Qoşulma barədə sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanca təhvil verilir. Qoşulma
zamanı regional iqtisadi inteqrasiya təşkilatı bu Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz səlahiyyət dairəsini bildirir. Həmin təşkilat öz
səlahiyyət dairəsində istənilən müvafiq dəyişiklik barədə də depozitariyə məlumat verir.

Maddə 68. Qüvvəyə minmə

1. Bu Konvensiya otuzuncu ratifikasiya, qəbul və ya təsdiq sənədinin saxlanca təhvil verilməsi tarixindən sonrakı doxsanıncı gün qüvvəyə
minir. Bu bəndin məqsədləri üçün, regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilmiş hər hansı sənəd bu təşkilata üzv
dövlətlər tərəfindən saxlanca verilmiş sənədlərə əlavə kimi hesab edilmir.

2. Otuzuncu ratifikasiya, qəbul və ya təsdiq sənədinin saxlanca verilməsindən sonra bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən,
yaxud ona qoşulan hər bir dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Konvensiya belə dövlət və ya təşkilat tərəfindən
müvafiq sənədin saxlanca verildiyi tarixdən sonrakı otuzuncu gün, yaxud bu maddənin 1-ci bəndinə əsasən bu Konvensiyanın qüvvəyə
mindiyi gün, bu iki tarixdən hansının daha sonra gəlməsindən asılı olaraq, qüvvəyə minir.

Maddə 69. Düzəlişlər

1. Bu Konvensiyanın qüvvəyə minməsindən beş il keçdikdən sonra İştirakçı Dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə göndərə bilər ki, o da bu təklifin baxılması və qərar qəbul edilməsi məqsədilə düzəlişi İştirakçı Dövlətlərə və İştirakçı
Dövlətlərin Konfransına göndərir. İştirakçı Dövlətlərin Konfransı hər bir düzəlişlə bağlı konsensusa nail olmaq üçün bütün səylərini
göstərir. Əgər konsensusa nail olmaq üçün bütün səylər göstərilmiş, bununla belə razılıq əldə olunmamışdırsa, onda ən son tədbir kimi,
düzəlişin qəbul edilməsi üçün, İştirakçı Dövlətlərin Konfransının iclasında iştirak edən və səs verən İştirakçı Dövlətlərin üçdə iki səs çoxluğu
tələb olunur.

2. Regional iqtisadi inteqrasiya təşkilatları öz səlahiyyətlərinə aid olan məsələlərdə bu maddəyə əsasən səs hüququnu bu Konvensiyanın
İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səs sayı ilə həyata keçirir. Belə təşkilatın üzvü olan dövlətlər səs hüquqlarından özləri
istifadə edirlərsə, təşkilat səs hüququnu həyata keçirmir və əksinə.

3. Bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən düzəliş İştirakçı Dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilir.

4. Bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən düzəliş İştirakçı Dövlətə münasibətdə bu düzəlişin ratifikasiya, qəbul və ya təsdiq sənədinin
Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.

5. Düzəliş qüvvəyə mindikdə, onunla bağlı olmağa razılıq vermiş İştirakçı Dövlətlər üçün məcburi olur. Digər İştirakçı Dövlətlər bu
Konvensiyanın müddəaları və əvvəllər ratifikasiya, qəbul və ya təsdiq etdikləri düzəlişlərlə bağlı olaraq qalırlar.

Maddə 70. Denonsasiya

1. İştirakçı Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərmək yolu ilə bu Konvensiyanı denonsasiya edə bilər. Belə
denonsasiya bildirişin baş katib tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir.

2. Regional iqtisadi inteqrasiya təşkilatının üzvü olan bütün dövlətlər bu Konvensiyanı denonsasiya etdikləri halda, həmin təşkilatın bu
Konvensiyaya tərəf olması dayandırılır.

Maddə 71. Depozitari və dillər

1. Bu Konvensiyanın depozitarisi Birləşmiş Millətlər Təşkilatının Baş katibi təyin olunur.

2. Bu Konvensiyanın ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bərabər autentik mətnlərdə olan əsli Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə saxlanca verilir.

Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu
Konvensiyanı imzaladılar.