VII fəsil. Tətbiq mexanizmləri

 

Maddə 63. Konvensiyanın İştirakçı Dövlətlərinin Konfransı

1. Bu Konvensiya ilə müəyyən olunan məqsədlərə nail olunması yolunda İştirakçı Dövlətlərin imkanlarının və onlar arasında əməkdaşlığın
təkmilləşdirilməsi məqsədilə, habelə bu Konvensiyanın tətbiq edilməsinin təşviq və təhlil edilməsi üçün Konvensiyanın İştirakçı Dövlətlərinin
Konfransı təsis olunur.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Konvensiyanın qüvvəyə minməsindən sonra bir ildən gec olmayaraq İştirakçı Dövlətlərin
Konfransını çağırır. Bundan sonra İştirakçı Dövlətlərin Konfransında qəbul edilmiş prosedur qaydalarına uyğun olaraq Konfransın növbəti
iclasları keçiriləcək.

3. İştirakçı Dövlətlərin Konfransı prosedur qaydalarını və bu maddədə göstərilmiş fəaliyyət növlərinin həyata keçirilməsini tənzimləyən
qaydaları, o cümlədən müşahidəçilərin qəbul edilməsi və iştirakına, habelə bu fəaliyyət növlərinin həyata keçirilməsinə çəkilmiş xərclərə aid
qaydaları qəbul edir.

4. İştirakçı Dövlətlərin Konfransı bu maddənin 1-ci bəndində göstərilmiş məqsədlərə nail olunması üçün fəaliyyət növləri, iş prosedurları və
metodları barədə razılığa gəlir ki, bunlara, həmçinin aiddir:

a) bu Konvensiyanın 60 və 62-ci maddələrinə və II-V fəsillərinin müddəalarına uyğun olaraq, həmçinin könüllü ianələrin toplanmasını
stimullaşdırmaq yolu ilə İştirakçı Dövlətlərin fəaliyyətinin dəstəklənməsi;

b) digər vasitələrlə yanaşı, həmçinin bu maddədə göstərildiyi kimi, aidiyyəti məlumatların dərc edilməsi yolu ilə, korrupsiyanın
formaları və bu sahədə təmayüllər, korrupsiyanın qarşısının alınması və onunla mübarizə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin geri
qaytarılması üçün uğurlu təcrübə barədə İştirakçı Dövlətlər arasında məlumat mübadiləsinə kömək göstərilməsi;

c) müvafiq beynəlxalq və regional təşkilat və mexanizmlərlə, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq;

d) bir işin lazımsız olaraq təkrarən görülməsinin qarşısını almaq üçün digər beynəlxalq və regional mexanizmlərin korrupsiyanın
qarşısının alınması və onunla mübarizə məqsədilə hazırladıqları müvafiq məlumatların lazımi qaydada istifadə edilməsi;

e) bu Konvensiyanın onun İştirakçısı olan Dövlətlər tərəfindən tətbiq edilməsinin dövri olaraq nəzərdən keçirilməsi;

f) bu Konvensiyanın təkmilləşdirilməsinə və onun tətbiqinə dair tövsiyələrin hazırlanması;

g) bu Konvensiyanın tətbiqi üzrə İştirakçı Dövlətlərin texniki yardıma olan ehtiyacının nəzərə alınması və bununla bağlı Konfransın
zəruri hesab edəcəyi bütün hərəkətlər üzrə tövsiyələrin hazırlanması.

5. Bu maddənin 4-cü bəndinin məqsədləri üçün İştirakçı Dövlətlərin Konfransı İştirakçı Dövlətlərin bu Konvensiyanın tətbiqi üçün gördüyü
tədbirlər və bu zaman qarşılaşdıqları çətinliklər barədə, onların özlərinin təqdim etdiyi məlumat əsasında və İştirakçı Dövlətlərin Konfransı
tərəfindən yaradıla bilən əlavə nəzarət mexanizmləri əsasında zəruri məlumat alır.

6. Hər bir İştirakçı Dövlət öz proqramları, planları və təcrübəsi barədə, habelə bu Konvensiyanın tətbiqinə yönəlmiş qanunvericilik və
inzibati tədbirlər barədə İştirakçı Dövlətlərin Konfransına tələb olunan qaydada məlumat təqdim edir. İştirakçı Dövlətlərin Konfransı, digər
mənbələrlə yanaşı, həmçinin İştirakçı Dövlətlərdən və səlahiyyətli beynəlxalq təşkilatlardan alınmış məlumatlar da daxil olmaqla,
məlumatların alınmasının və onun əsasında müvafiq qərarlar qəbul edilməsinin ən səmərəli yollarını öyrənir. Müvafiq qeyri-hökumət
təşkilatlarından alınmış və İştirakçı Dövlətlərin Konfransının qərarı ilə müəyyən ediləcək prosedurlara əsasən lazımi qaydada akkreditə
olunmuş materiallar da nəzərdən keçirilə bilər.

7. Bu maddənin 4-6-cı bəndlərinə uyğun olaraq İştirakçı Dövlətlərin Konfransı Konvensiyanın səmərəli surətdə tətbiq edilməsinə kömək
məqsədilə, zəruri hesab edərsə, hər hansı müvafiq mexanizmi və ya orqanı təsis edir.

Maddə 64. Katiblik

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Konvensiyanın İştirakçı Dövlətlərinin Konfransını zəruri katiblik xidməti ilə təmin edir.

2. Katiblik:

a) bu Konvensiyanın 63-cü maddəsi ilə müəyyən edilən fəaliyyətin həyata keçirilməsində İştirakçı Dövlətlərin Konfransına kömək
göstərir, habelə İştirakçı Dövlətlərin Konfransının sessiyalarını təşkil edir və onları zəruri xidmətlə təmin edir;

b) İştirakçı Dövlətlərə, onların xahişi üzrə, bu Konvensiyanın 63-cü maddəsinin 5 və 6-cı bəndlərində nəzərdə tutulduğu kimi, İştirakçı
Dövlətlərin Konfransına məlumatlar verməkdə kömək göstərir; və

c) digər müvafiq beynəlxalq və regional təşkilatların katiblikləri ilə zəruri koordinasiyanı təmin edir.