V Fəsil. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması və tərxis edilməsi.
Maddə 14. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması
14.1. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir.
14.2. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə, səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.
14.3. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.
Maddə 15. Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət
15.0. Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir:
15.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə;
15.0.2. səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək;
15.0.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
Maddə 16. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının müddətləri
Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş müddət ərzində həyata keçirilir.
Maddə 17. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının təşkili
17.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədi ilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmətlərini keçmək, yaxud müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək məqsədi ilə əvvəlcədən hərbi hissələrə təhkim edilirlər (xüsusi birləşmələrə təyin edilirlər).
17.2. Müharibə dövründə hərbi xidmət keçmək üçün hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşlar, onların təhkim olunduğu (təyin edildiyi) hərbi hissələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilmələrinə aid tədbirlər yerinə yetirildiyi halda, habelə xüsusi birləşmələrin yaradıldığı halda səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.
17.3. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışını, yaxud onların müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün göndərilməsini müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata keçirirlər.
17.4. Müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
17.5. Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 18. Səfərbərlikdən tərxisetmə
18.1. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.
18.2. Səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilən hərbi qulluqçular mövsümə uyğun bir dəst paltar və ayaqqabı ilə təmin edilirlər. Bu hərbi qulluqçular dövlət hesabına yaşayış yerinə göndərilir və yolda yeməklə təmin edilirlər.
Maddə 19. Vətəndaşların səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi
Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi bu qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 10 iyun 2005-ci il
№ 923-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2005-ci il, № 190)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, maddə 683)