V fəsil. Aktivlərin qaytarılması üzrə tədbirlər
Maddə 51. Ümumi müddəalar
Bu fəsilə uyğun olaraq aktivlərin qaytarılması bu Konvensiyanın əsas prinsipidir və İştirakçı Dövlətlər bununla bağlı ən geniş surətdə
bir-birilə əməkdaşlıq edir və bir-birinə yardım göstərirlər.
Maddə 52. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsinin aşkar edilməsi və qarşısının alınması
1. Bu Konvensiyanın 14-cü maddəsinə zidd olmamaq şərtilə hər bir İştirakçı Dövlət öz yurisdiksiyası altında olan maliyyə müəssisələrindən
müştərilərin şəxsiyyətinin yoxlanılmasını, hesablara böyük həcmdə yatırılmış vəsaitlərin benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin müəyyən
edilməsini və əhəmiyyətli dövlət vəzifələrini yerinə yetirən və ya yetirmiş şəxslərin, onların ailə üzvlərinin və onlarla sıx bağlı olan
tərəfdaşların və ya bunların hər hansı birinin adından çıxış edən şəxslərin açmağa çalışdığı və ya malik olduğu hesablar üzərində daha sərt
nəzarətin həyata keçirilməsi məqsədilə ağlabatan tədbirlərin görülməsini tələb etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, zəruri
olan tədbirlər görür.
Belə daha sərt nəzarət tədbirləri şübhəli əməliyyatlar barədə səlahiyyətli orqanlara məlumat verilməsi üçün onları aşkara çıxarmaq məqsədi
daşıyır və onlar maliyyə müəssisələrinin hər hansı qanuni müştəri ilə iş aparmasına maneə və ya qadağa kimi təfsir olunmamalıdır.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yardım göstərmək məqsədilə hər bir İştirakçı Dövlət öz
daxili qanunvericiliyinə uyğun olaraq və regional, regionlararası və çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı təşəbbüslərini
rəhbər tutaraq:
a) öz yurisdiksiyasının şamil olunduğu maliyyə müəssisələri tərəfindən hesabları üzərində daha sərt nəzarət tədbirlərinin tətbiq ediləcəyi
gözlənilən fiziki və ya hüquqi şəxslərə, xüsusi diqqət yetirilməsi tələb olunan hesab və əməliyyatlara, hesabların açılması və aparılması
üzrə müvafiq tədbirlərə, habelə belə hesablar üzrə qəbul ediləcək hesabatların aparılmasına münasibətdə tövsiyə xarakterli göstərişlər
verir;
b) öz yurisdiksiyasının şamil olunduğu maliyyə müəssisələri tərəfindən şəxsiyyəti başqa formada müəyyən olunan şəxslərə əlavə olaraq,
hesabları üzərində daha sərt nəzarət tədbirlərinin tətbiq ediləcəyi gözlənilən konkret fiziki və ya hüquqi şəxslərin şəxsiyyəti barədə,
digər İştirakçı Dövlətin sorğusu ilə və ya öz təşəbbüsü ilə, bu müəssisələrə lazımi hallarda məlumat verir.
3. Bu maddənin 2 (a) bəndinin kontekstində hər bir İştirakçı Dövlət öz maliyyə müəssisələrinin bu maddənin 1-ci bəndində göstərilən
şəxslərə aid hesab və əməliyyatlar barədə lazımi hesabatı müvafiq müddət ərzində saxlamasını təmin etmək üçün tədbirlər görür ki, belə
hesabatlara, ən azı, müştərinin, habelə mümkün olduğu dərəcədə benefisiar mülkiyyətçinin şəxsiyyətinə aid olan məlumat daxil edilməlidir.
4. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə olunmuş gəlirlərin köçürülməsinin qarşısının alınması və aşkar edilməsi
məqsədilə hər bir İştirakçı Dövlət fiziki mövcud olmayan və hər hansı tənzimlənən maliyyə qrupuna daxil olmayan bankların təsis
edilməsinə, öz tənzimləyici və nəzarət orqanlarının köməyi ilə, yol verilməməsi üçün zəruri və təsirli tədbirlər görür. Bundan başqa, İştirakçı
Dövlətlər bu cür qurumlarla müxbir bank münasibətlərinə girməkdən və bu münasibətləri davam etdirməkdən imtina etmək, habelə fiziki
mövcud olmayan və ya heç bir tənzimlənən maliyyə qrupuna daxil olmayan banklarda olan hesablarından istifadə edən xarici maliyyə
qurumları ilə münasibətlər qurmaqdan çəkinmək tələblərini müəyyən edə bilərlər.
5. Hər bir İştirakçı Dövlət, öz daxili qanunvericiliyinə uyğun olaraq, müvafiq dövlət vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar
barədə məlumat verilməsi üçün səmərəli sistemlərin yaradılmasını nəzərdə tutur və bu tələblərin yerinə yetirilməməsi üzrə lazımi sanksiyalar
müəyyən edir. Hər bir İştirakçı Dövlət, həmçinin elə tədbirlər qəbul edə bilər ki, onun səlahiyyətli orqanları bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalardan əldə edilən gəlirlər üzrə istintaq aparılması, onların tələb edilməsi və geri qaytarılması üçün zəruri olan hallarda
digər İştirakçı Dövlətin səlahiyyətli orqanları ilə belə informasiyanın mübadiləsini həyata keçirə bilsinlər.
6. Hər bir İştirakçı Dövlət hər hansı xarici ölkədə hansısa maliyyə hesabı ilə bağlı marağı və ya imza hüququ olan, yaxud başqa
səlahiyyətlərə malik olan müvafiq dövlət vəzifəli şəxslərin bu barədə lazımi orqanlara məlumat verməsini və belə hesablara dair lazımi
hesabat aparmasını təmin etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, tələb olunan tədbirləri görür. Belə tədbirlər, həmçinin
həmin tələblərin yerinə yetirilməməsinə görə müvafiq sanksiyaların tətbiqini nəzərdə tutur.
Maddə 53. Əmlakın bilavasitə geri qaytarılması üzrə tədbirlər
Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq:
a) lazım gələn elə tədbirlər görür ki, digər İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın
törədilməsi nəticəsində əldə olunmuş əmlaka hüququn və ya sahibliyin tanınması üçün mülki iddia ilə onun məhkəmələrinə müraciət
edə bilsin;
b) lazım gələn elə tədbirlər görür ki, onun məhkəmələri bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaları törətmiş şəxslərin
üzərinə bu hüquqpozmalardan zərər çəkmiş digər İştirakçı Dövlətə kompensasiya ödəmək və ya zərərlərin əvəzini ödəmək öhdəliyi
qoya bilsinlər;
c) lazım gələn elə tədbirlər görür ki, onun məhkəmələri və ya səlahiyyətli orqanları müsadirə barədə qərar çıxararkən digər İştirakçı
Dövlətin bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi nəticəsində əldə olunmuş əmlak üzərində
qanuni mülkiyyət hüququnun tanınması tələbini nəzərə ala bilsinlər.
Maddə 54. Müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq vasitəsilə əmlakın geri qaytarılması mexanizmləri
1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birinin törədilməsi nəticəsində əldə edilmiş
və ya belə hüquqpozmaların törədilməsi üçün istifadə olunmuş əmlakla əlaqədar bu Konvensiyanın 55-ci maddəsinə əsasən qarşılıqlı hüquqi
yardım göstərilməsi məqsədilə, öz qanunvericiliyinə uyğun olaraq:
a) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları digər İştirakçı Dövlətin məhkəmələri tərəfindən çıxarılmış müsadirə
qərarlarını icra edə bilsinlər;
b) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları pul vəsaitlərinin yuyulması ilə bağlı hüquqpozma və ya onun
yurisdiksiyası altına düşən digər hüquqpozmalar üzrə məhkəmə qərarları çıxararkən, yaxud onun qanunvericiliyi ilə icazə verilən digər
prosedurlardan istifadə edərkən xarici mənşəli həmin əmlakın müsadirəsi barədə öz yurisdiksiyaları çərçivəsində qərar çıxara bilsinlər;
c) lazım gələn elə tədbirlər görür ki, cinayət törətmiş şəxsin ölümü, gizlənməsi və ya olmaması səbəbindən təqib oluna bilmədiyi
hallarda, yaxud digər müvafiq hallarda cinayət məsuliyyətinə məhkum edilmədən həmin əmlakın müsadirə edilməsi mümkün olsun.
2. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın 55-ci maddəsinin 2-ci bəndinə əsasən edilmiş sorğu üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi
məqsədilə, öz daxili qanunvericiliyinə uyğun olaraq:
a) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları, həbs və ya götürmə tədbirlərinin görülməsi üçün kifayət qədər əsaslar
olduğu, habelə əmlakın son nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri üçün müsadirənin predmeti olacağı barədə sorğu edilən
İştirakçı Dövləti inanmağa vadar edən ağlabatan əsaslar göstərən sorğu edən İştirakçı Dövlətin məhkəmələri və ya səlahiyyətli
orqanları tərəfindən çıxarılmış həbs və ya götürmə haqqında qərara əsasən əmlakı götürə və ya onun üzərinə həbs qoya bilsinlər;
b) lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları, həbs və ya götürmə tədbirlərinin görülməsi üçün kifayət qədər əsaslar
olduğu, habelə əmlakın son nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri üçün müsadirənin predmeti olacağı barədə sorğu edilən
İştirakçı Dövləti inanmağa vadar edən ağlabatan əsaslar göstərən sorğu edən İştirakçı Dövlətin sorğusuna əsasən əmlakı götürə və ya
onun üzərinə həbs qoya bilsinlər;
c) əlavə olaraq elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları bu cür əmlakı: məsələn, onun əldə edilməsi ilə bağlı həbsə və ya
ittihamın elan edilməsinə dair xarici qərar əsasında müsadirə məqsədilə saxlaya bilsinlər.
Maddə 55. Müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq
1. İştirakçı Dövlət onun ərazisində yerləşən bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində göstərilmiş cinayət yolu ilə əldə edilmiş
gəlirləri, əmlakı, avadanlıqları və cinayət törədilməsinin digər vasitələrini müsadirə etmək üçün bu Konvensiyaya uyğun olaraq tanınmış
hüquqpozmalardan hər hansı birinə yurisdiksiyası olan digər İştirakçı Dövlətdən sorğu aldıqda, öz daxili hüquq sistemi çərçivəsində
mümkün olan maksimum dərəcədə:
a) müsadirə barədə qərar çıxarılması üçün bu sorğunu öz səlahiyyətli orqanlarına təqdim edir və belə qərarın çıxarıldığı halda onu
icraya yönəldir; yaxud
b) Bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndinə və 54-cü maddəsinin 1 (a) bəndinə əsasən sorğu edən İştirakçı Dövlətin məhkəməsi
tərəfindən çıxarılmış müsadirə qərarını sorğuda göstərilən həcmdə icra edilməsi üçün öz səlahiyyətli orqanlarına təqdim edir, o şərtlə ki,
həmin sorğu sorğu edilən İştirakçı Dövlətin ərazisində yerləşən və 31-ci maddənin 1-ci bəndində göstərilən cinayət yolu ilə əldə edilən
gəlirlərə, əmlaka, avadanlıqlara və cinayətin digər törədilmə vasitələrinə aid olsun.
2. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birinə yurisdiksiyası olan digər İştirakçı Dövlətdən sorğu
aldıqdan sonra, sorğu edilən İştirakçı Dövlət bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində göstərilmiş cinayət gəlirlərinin, əmlakın,
avadanlıqların və cinayət törədilməsinin digər vasitələrinin sorğu edən İştirakçı Dövlət və ya bu maddənin 1-ci bəndinə əsasən sorğu edilən
İştirakçı Dövlət tərəfindən ediləcək mümkün müsadirəsi məqsədilə aşkarlanması, izlənməsi, həbsi və ya götürülməsi üçün tədbirlər görür.
3. Bu Konvensiyanın 46-cı maddəsinin müddəaları bu maddəyə mutatis mutandis tətbiq olunur. Bu maddə əsasında göndərilən sorğularda
46-cı maddənin 15-ci bəndində göstərilmiş məlumatlara əlavə olaraq, həmçinin aşağıdakılar göstərilir:
a) bu maddənin 1 (a) bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar – müsadirə edilməli olan əmlakın təsviri, o cümlədən mümkün
olduğu qədər yerləşdiyi yer barədə və lazım olduğu halda, əmlakın təqribi dəyəri, habelə sorğu edən İştirakçı Dövlətin istinad etdiyi və
sorğu edilən İştirakçı Dövlətin öz daxili qanunvericiliyinə uyğun olaraq qərar çıxara bilməsi üçün kifayət edəcək faktların xülasə
edildiyi bəyanat;
b) bu maddənin 1 (b) bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar – sorğu edən İştirakçı Dövlət tərəfindən verilən və sorğunun
əsaslandığı müsadirə qərarının hüquqi cəhətdən qəbul edilən surəti, faktların xülasə olunduğu bəyanat və qərarın hansı həcmdə icra
edilməsinin xahiş edildiyi barədə məlumat, vicdanlı üçüncü tərəflərə lazımi məlumatların göndərilməsi və lazımi hüquqi prosedurlara
riayət edilməsinin təmin olunması üçün sorğu edən İştirakçı Dövlətin gördüyü tədbirləri göstərən bəyanat, müsadirə qərarının qəti
olduğunu göstərən bəyanat;
c) bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar – sorğu edən İştirakçı Dövlətin istinad etdiyi faktları xülasə edən
bəyanat və sorğu edilən tədbirlərin təsviri, habelə, əgər varsa, sorğunun əsaslandığı qərarın hüquqi cəhətdən qəbul edilən surəti.
4. Bu maddənin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş qərar və tədbirlər sorğu edilən İştirakçı Dövlət tərəfindən onun daxili
qanunvericiliyinin müddəalarına və ya prosessual normalarına, yaxud sorğu edən İştirakçı Dövlətlə münasibətlərində bağlı olduğu hər hansı
ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrə uyğun olaraq və onlara riayət edilməsi şərtilə qəbul edilir.
5. Hər bir İştirakçı Dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanun və qaydalarının mətnlərini, habelə belə
qanun və qaydalara bütün sonrakı dəyişikliklərin mətnlərini və ya onların xülasəsini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir.
6. İştirakçı Dövlət bu maddənin 1 və 2-ci bəndlərində göstərilmiş tədbirlərin görülməsi üçün müvafiq müqavilənin mövcud olmasını
istəyərsə, onda həmin İştirakçı Dövlət bu Konvensiyanı zəruri və kifayətedici müqavilə əsası kimi nəzərdə tutur.
7. Sorğu edilən İştirakçı Dövlətin kifayət hesab etdiyi sübutlar ona vaxtında verilmədikdə və ya əmlak cüzi dəyərə malik olan hallarda bu
maddə üzrə əməkdaşlıqdan imtina edilə və ya qətimkan tədbirləri dayandırıla bilər.
8. Bu maddəyə uyğun olaraq görülmüş hər hansı qətimkan tədbirini dayandırmazdan əvvəl, sorğu edilən İştirakçı Dövlət mümkün olan hər
bir halda sorğu edən İştirakçı Dövlətə imkan verir ki, belə tədbirlərin davam etdirilməsinin lehinə öz əsaslarını göstərə bilsin.
9. Bu maddənin müddəaları vicdanlı üçüncü tərəflərin hüquqlarının zərərinə təfsir olunmur.
Maddə 56. Xüsusi əməkdaşlıq
Öz daxili qanunvericiliyinə zidd olmadan hər bir İştirakçı Dövlət, açıqlayacağı məlumatların onu alan İştirakçı Dövlətə istintaq, cinayət
təqibi və ya məhkəmə icraatı başlamaqda və aparmaqda kömək edəcəyini, yaxud bu İştirakçı Dövlət tərəfindən Konvensiyanın bu fəslinə
əsasən sorğu edilməsinə səbəb olacağını hesab edərsə, elə tədbirlər görməyə çalışır ki, bu tədbirlər ona özünün apardığı istintaq, cinayət
təqibi və ya məhkəmə icraatlarına xələl gətirmədən, bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlər barədə
məlumatların sorğu edilməsini gözləmədən digər İştirakçı Dövlətə təqdim etməyə imkan versin.
Maddə 57. Aktivlərin geri qaytarılması və onlara sərəncam verilməsi
1. Bu Konvensiyanın 31 və ya 55-ci maddələrinə əsasən İştirakçı Dövlət tərəfindən müsadirə edilmiş əmlaka, onun bu maddənin 3-cü
bəndinə əsasən öz əvvəlki qanuni sahibinə qaytarılması da daxil olmaqla, həmin İştirakçı Dövlət bu Konvensiyanın müddəalarına və öz
daxili qanunvericiliyinə uyğun olaraq sərəncam verir.
2. Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, lazım gələn elə qanunvericilik və digər tədbirlər görür
ki, onun səlahiyyətli orqanları başqa İştirakçı Dövlətin bu Konvensiyaya əsasən etdiyi sorğu üzrə hərəkət edərkən, müsadirə edilmiş əmlakı
vicdanlı üçüncü tərəflərin hüquqları nəzərə alınmaqla geri qaytara bilsinlər.
3. Bu Konvensiyanın 46 və 55-ci maddələrinə və bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq, sorğu edilən İştirakçı Dövlət:
a) bu Konvensiyanın 17 və 23-cü maddələrində göstərildiyi kimi, dövlət vəsaitlərinin talandığı və ya talanmış dövlət vəsaitlərinin
qeyri-qanuni leqallaşdırıldığı hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun olaraq və sorğu edən İştirakçı Dövlətin qəti məhkəmə
qərarı əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina edə bilər, müsadirə edilmiş əmlakı sorğu edən İştirakçı Dövlətə
qaytarır;
b) bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozmadan əldə edilmiş gəlirlərlə bağlı hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun
olaraq və sorğu edən İştirakçı Dövlətin qəti məhkəmə qərarı əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina edə bilər,
müsadirə edilmiş əmlakı sorğu edən İştirakçı Dövlətə qaytarır, o halda ki, sorğu edən İştirakçı Dövlət müsadirə edilmiş belə əmlaka
özünün əvvəllər mövcud olmuş mülkiyyət hüququnu sorğu edilən İştirakçı Dövlət qarşısında ağlabatan surətdə sübut edir, yaxud
sorğu edilən İştirakçı Dövlət sorğu edən İştirakçı Dövlətə vurulmuş ziyanı müsadirə edilmiş əmlakın geri qaytarılmasının əsası kimi
tanıyır;
c) bütün digər hallarda, müsadirə edilmiş əmlakın sorğu edən İştirakçı Dövlətə qaytarılmasını və ya belə əmlakın öz əvvəlki qanuni
sahiblərinə qaytarılmasını, yaxud cinayətdən zərərçəkənlərə kompensasiya ödənilməsini prioritet məsələ kimi nəzərdən keçirir.
4. Lazım gələn hallarda, əgər İştirakçı Dövlətlər başqa cür qərar qəbul etməzlərsə, sorğu edilən İştirakçı Dövlət müsadirə edilmiş əmlakın bu
maddəyə uyğun olaraq geri qaytarılması və ya ona sərəncam verilməsi ilə əlaqədar istintaq, cinayət təqibi və ya məhkəmə icraatı gedişində
çəkilmiş ağlabatan xərcləri çıxa bilər.
5. Lazım gələn hallarda İştirakçı Dövlətlər müsadirə edilmiş əmlaka qəti sərəncam verilməsi ilə bağlı hər bir konkret hal üçün saziş və ya
qarşılıqlı surətdə qəbul olunan müqavilə bağlanması imkanlarını xüsusən nəzərdən keçirə bilərlər.
Maddə 58. Maliyyə-kəşfiyyat qurumu
İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsinin qarşısını almaq və
onunla mübarizə aparmaq, habelə belə gəlirlərin tutulmasının yol və üsullarından istifadə edilməsinə kömək göstərmək məqsədilə bir-birilə
əməkdaşlıq edir və bu məqsədlə, şübhəli maliyyə əməliyyatları barədə məlumatların alınmasına, təhlilinə və səlahiyyətli orqanlara
göndərilməsinə görə məsuliyyət daşıyacaq maliyyə-kəşfiyyat qurumunun yaradılması məsələsini nəzərdən keçirirlər.
Maddə 59. İkitərəfli və çoxtərəfli saziş və müqavilələr
İştirakçı Dövlətlər Konvensiyanın bu fəslinə əsasən həyata keçirilən beynəlxalq əməkdaşlığın səmərəliliyini yüksəltmək üçün ikitərəfli və ya
çoxtərəfli saziş və ya müqavilələrin bağlanması imkanlarını nəzərdən keçirirlər.
VI fəsil. Texniki yardım və məlumat mübadiləsi
Maddə 60. Kadr hazırlığı və texniki yardım
1. Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması və onunla mübarizəyə görə məsuliyyət daşıyan heyəti üçün zəruri olan həddə
xüsusi hazırlıq proqramları işləyib hazırlayır, həyata keçirir və ya təkmilləşdirir. Belə hazırlıq proqramları, digər məsələlərlə yanaşı, həmçinin
aşağıdakı sahələri əhatə edir:
a) korrupsiyanın qarşısının alınması, aşkar edilməsi, cəzalandırılması, habelə sübutların toplanması və istintaq aparılması
metodlarından istifadə də daxil olmaqla onunla mübarizə üçün səmərəli tədbirlər;
b) korrupsiyaya əks təsir üzrə strateci siyasətin işlənib hazırlanması və planlaşdırılması sahəsində potensialın yaradılması;
c) qarşılıqlı hüquqi yardıma dair bu Konvensiyanın tələblərinə uyğun sorğuların tərtib olunması məsələsi üzrə səlahiyyətli orqan
əməkdaşlarının hazırlanması;
d) təsisatların, dövlət xidmətlərini idarəetmənin, dövlət maliyyələrini, həmçinin dövlət satınalmalarını idarəetmənin və özəl sektorun
dəyərləndirilməsi və möhkəmləndirilməsi;
e) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsinin qarşısının alınması, habelə belə
gəlirlərin götürülməsi;
f) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsi üzrə əməliyyatların aşkar olunması
və dayandırılması;
g) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin yerdəyişməsinin, habelə belə gəlirlərin
köçürülməsi, gizlədilməsi və ya ört-basdır edilməsi üçün istifadə olunan metodların izlənməsi;
h) bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin geri qaytarılmasına imkan verən müvafiq və
səmərəli hüquqi və inzibati mexanizm və metodlar;
i) məhkəmə orqanları ilə əməkdaşlıq edən zərərçəkən və şahidlərin müdafiəsi üçün istifadə edilən metodlar;
c) əməkdaşların milli və beynəlxalq qaydalara, habelə dillərin öyrənilməsinə aid məsələlər üzrə hazırlanması.
2. İştirakçı Dövlətlər özlərinin korrupsiya ilə mübarizə üzrə müvafiq plan və proqramları ilə bağlı bir-birinə, xüsusən inkişaf etməkdə olan
ölkələrin mənafeyi naminə, öz imkanları daxilində ən geniş formada texniki yardım göstərmək məsələsini nəzərdən keçirirlər ki, belə
yardıma, həmçinin bu maddənin 1-ci bəndində göstərilən sahələr üzrə maddi yardım və kadr hazırlığı, habelə ekstradisiya və qarşılıqlı
hüquqi yardım sahəsində İştirakçı Dövlətlər arasında beynəlxalq əməkdaşlığa kömək edəcək kadr hazırlığı, yardım göstərilməsi və müvafiq
təcrübə və xüsusi biliklərin qarşılıqlı mübadiləsi daxildir.
3. İştirakçı Dövlətlər beynəlxalq və regional təşkilatlarda, habelə, müvafiq ikitərəfli və çoxtərəfli saziş və ya müqavilələr çərçivəsində görülən
praktiki və treninq tədbirlərinin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş səylərini zəruri olan dərəcədə gücləndirirlər.
4. İştirakçı Dövlətlər səlahiyyətli orqanların və ictimaiyyətin iştirakı ilə korrupsiyaya qarşı mübarizə strategiyasının və fəaliyyət planlarının
hazırlanması məqsədilə, öz ölkələrində korrupsiyanın növləri, səbəbləri, nəticələri və məsrəfləri ilə bağlı qiymətləndirmələrin, tədqiqat və
işlərin aparılmasında bir-birinə müvafiq sorğu üzrə yardım etmək imkanlarını nəzərdən keçirirlər.
5. Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin tutulmasına yardım məqsədilə İştirakçı Dövlətlər bu
məqsədə nail olmağa kömək edəcək ekspertlərin adlarını bir-birinə bildirmək üçün əməkdaşlıq edə bilərlər.
6. İştirakçı Dövlətlər əməkdaşlığa və texniki yardıma imkan yaratmaq, habelə qarşılıqlı maraq doğuran problemlərin, o cümlədən inkişaf
etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin xüsusi problem və tələbatının müzakirəsini stimullaşdırmaq üçün subregional,
regional və beynəlxalq konfrans və seminarlardan istifadə imkanlarını nəzərdən keçirirlər.
7. İştirakçı Dövlətlər inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin texniki yardım sahəsində proqram və layihələr həyata
keçirməklə, bu Konvensiyanı tətbiq etmək səylərinə maliyyə dəstəyi vermək üçün könüllü mexanizmlərin yaradılması imkanlarını nəzərdən
keçirirlər.
8. Hər bir İştirakçı Dövlət inkişaf etməkdə olan ölkələrdə bu Konvensiyanın həyata keçirilməsinə yönəlmiş proqram və layihələrin realizəsinə
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi vasitəsilə yardım etmək məqsədilə, İdarənin ehtiyacları üçün
könüllü ianələrin ayrılması imkanlarını nəzərdən keçirir.
Maddə 61. Korrupsiyaya dair məlumatların toplanması və təhlili, bu məlumatların mübadiləsi
1. Hər bir İştirakçı Dövlət öz ərazisində korrupsiya sahəsində təmayüllərin, habelə korrupsiya hüquqpozmalarının törədildiyi şəraitin
ekspertlərin iştirakı ilə təhlil edilməsi imkanlarını nəzərdən keçirir.
2. İştirakçı Dövlətlər korrupsiyaya dair analitik biliklərin, statistik məlumatların və korrupsiyanın qarşısının alınması və onunla mübarizə
üçün mümkün dərəcədə ümumi anlayışlar, standartlar və metodologiyalar hazırlamaq məqsədilə, həmçinin ən yaxşı praktika haqqında
məlumatların hazırlanmasını və onların birbaşa və beynəlxalq və ya regional təşkilatlar vasitəsilə mübadiləsini nəzərdən keçirirlər.
3. Hər bir İştirakçı Dövlət korrupsiya ilə mübarizə üzrə öz siyasətinə və praktiki tədbirlərinə nəzarət edilməsi, habelə onların səmərəliliyinin
və təsirliliyinin qiymətləndirilməsi imkanlarını nəzərdən keçirir.
Maddə 62. Başqa tədbirlər: bu Konvensiyanın iqtisadi inkişaf və texniki yardım vasitəsilə həyata keçirilməsi
1. İştirakçı Dövlətlər korrupsiyanın bütövlükdə cəmiyyət üçün, o cümlədən sabit inkişaf üçün mənfi nəticələrini nəzərə alaraq, beynəlxalq
əməkdaşlıq vasitəsilə bu Konvensiyanın optimal səviyyədə həyata keçirilməsinə imkan verən tədbirlər görürlər.
2. İştirakçı Dövlətlər aşağıdakı məqsədlərə nail olmaq üçün bir-biri ilə, habelə beynəlxalq və regional təşkilatlar ilə koordinasiya şəraitində və
imkan daxilində konkret səylər göstərirlər:
a) inkişaf etməkdə olan ölkələrin korrupsiyanın qarşısının alınması və onunla mübarizə sahəsində imkanlarını gücləndirmək məqsədilə
bu ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlığın fəallaşdırılması;
b) inkişaf etməkdə olan ölkələrin korrupsiyanın səmərəli surətdə qarşısının alınması və onunla mübarizə üzrə səylərini dəstəkləmək və
onlara bu Konvensiyanı müvəffəqiyyətlə həyata keçirməkdə kömək etmək məqsədilə maliyyə və maddi yardımın genişləndirilməsi;
c) inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı tələbatlarının
ödənilməsinə kömək etmək üçün onlara texniki yardım göstərilməsi. Bunun üçün, İştirakçı Dövlətlər Birləşmiş Millətlər Təşkilatı
tərəfindən yaradılmış maliyyələşdirmə mexanizmində konkret olaraq həmin məqsəd üçün nəzərdə tutulmuş hesaba müntəzəm olaraq
kifayət miqdarda könüllü ianələr köçürməyə çalışırlar. İştirakçı Dövlətlər bu Konvensiyanın müddəalarına əsasən müsadirə olunmuş
pul vəsaitlərinin müəyyən hissəsini və ya cinayət yolu ilə əldə edilmiş gəlirlərin və ya əmlakın müvafiq qismini yuxarıda göstərilən
hesaba köçürmək məsələsini öz daxili qanunvericiliyinə və bu Konvensiyanın müddəalarına uyğun olaraq ayrıca nəzərdən keçirə
bilərlər;
d) digər İştirakçı Dövlətləri və maliyyə qurumlarını, lazımi hallarda bu maddəyə uyğun olaraq həyata keçirilən səylərə qoşulmağa,
xüsusən inkişaf etməkdə olan ölkələrə bu Konvensiyada nəzərdə tutulmuş məqsədlərə nail olmaqda yardım etmək üçün daha çox
hazırlıq proqramları və müasir avadanlıqla təmin etməyə həvəsləndirmə və inandırma.
3. Bu tədbirlər ikitərəfli, regional və ya beynəlxalq səviyyəli xarici yardım və ya maliyyə əməkdaşlığı barədə digər müqavilələrə aid mövcud
öhdəliklərə imkan daxilində xələl gətirmir.
4. İştirakçı Dövlətlər bu Konvensiya ilə nəzərdə tutulmuş beynəlxalq əməkdaşlığın səmərəliliyinin təmin edilməsi, habelə korrupsiyanın
qarşısının alınması və aşkar edilməsi və onunla mübarizə aparılması üçün zəruri olan maliyyə müqavilələrini nəzərə alaraq öz aralarında
maddi-texniki yardıma dair ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələr bağlaya bilərlər.