Üçüncü fəsil. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

 

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı

I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

II. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar:

1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

2) tramvayların və trolleybusların — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır.

IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda:

1) əldə edildiyi vaxtdan on gün ərzində;

2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;

3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində;

4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.

Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

IV-I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:

1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi;

2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında «bir pəncərə» prinsipinin təşkili;

3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi;

4) nəqliyyat vasitəsinin müayinəsinin növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılması;

5) dövlət rüsumunun, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;

6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi;

7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması.

V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.

V-I. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə qeydiyyatı «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən daşınar əmlakın müvafiq rəsmi reyestrində aparılır və reyestrdən çıxarış ipoteka saxlayana təqdim edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir.

VI. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) ərizə;

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların «(nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərinödənilməsi barədə sənəd;

5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

VI-I. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

VII. Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.

VIII. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidir.

IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:

1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;

2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;

3) nəqliyyat vasitələri çıxdaş edildikdə.

X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanındatəxirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.

XI. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.

XII. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənədi;

4) lazım olarsa, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən sənədi;

5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.

XIII. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir.

XIII-II. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

XIII-I. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin VI-I hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.

Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu maddənin IV-I, V və VI hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

XIV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.

XVI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.

XVII. Azərbaycan Respublikasının ərazisində:

1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən;

2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

XVIII. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

XIX. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

I. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — «AZ», bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:

1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — «A»;

2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — «B»;

3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — «C»;

4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — «D»;

5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — «E»;

6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — «F»;

7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — «G»;

8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — «H».

II. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində («Certificat dimmatriculation»), bu maddənin birinci hissəsinin 1-ci—8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.

III. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

IV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir.

VI. Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər.

Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı

I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.

VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi

I. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar.

II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:

1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər;

2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər;

3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər.

III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər.

IV. Nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında», «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında», «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında» və «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında» nümunəvi əsasnamələrlə müəyyən edilir.

V. İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.

VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir:

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə — ildə bir dəfə;

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla):

 istehsal olunduqları vaxtdan dörd il keçdikdə — iki ildə bir dəfə;

 istehsal olunduqları vaxtdan on il keçdikdə — ildə bir dəfə.

VI-I. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:

1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi;

2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi;

3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi;

4) dövlət rüsumunun, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;

5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi.

VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri — istehsal olunduğu vaxtdan bir il müddətində;

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin VI-II hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) — istehsal olunduğu vaxtdan dörd il müddətində.

VII. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);

4) «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi;

5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini.

VIII. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir.

IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri, nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması

I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. «Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında» nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;

2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.

III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri:

1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər;

2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar;

3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər;

4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər;

5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər.

V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası

I. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.

II. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.