Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu

 

İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublik asından getmək və Azərbaycan Respublikasına gəlmək (bundan sonraölkədən getmək və ölkəyə gəlmək) hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin — Azərbaycan Respublikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları, xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi qaydaları təsbit olunur.

Maddə 1. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ 
Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonravətəndaş) Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölk əyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər:
1) vətəndaşın dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədədirsə — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həmin öhdəlik qüvvədən düşənədək;
2) vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
3) vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda — müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
4) beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək.
5) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda — məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.
Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 
Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər.
Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Maddə 2. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi 
Vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ bu Qanunla müəyyənləşdirilmiş qaydada yalnız Azərbaycan Respublikası vətəndaşının pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazə — viza, habelə xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ, onun ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin forması və həmin şəhadətnamənin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilir.
Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən «Dənizçinin şəxsiyyət sənədi haqqında» Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Yetkinlik yaşına çatmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış təqdim edildikdə, həmin valideynin razılığı tələb olunmur.
18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notariat qaydasında təsdiq edilmiş razılığı olduqda yol verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər. 
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı əsasında qanuni nümayəndəsinin müşayiəti ilə gedir.
Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrində qulluq edən hərbi qulluqçular komandanlığın müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
Səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 3. Azərbaycan Respublikası vətəndaşının pasportu
Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. (*)
Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqlaqəti qadağandır.
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
Maddə 4. Ümumvətəndaş pasportu
Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir. (*)
Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqlar yazılmalı və fotoşəkilləri yapışdırılmalıdır. (*)
Ümumvətəndaş pasportunun verilməsi üçün şərti maliyyə vahidi iyirmi misli məbləğindədövlət rüsumu alınır. (*)
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. (*)

Maddə 5. Xidməti pasport
Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə) , 18 yaşına çatmamış uşaqlarına və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.
Xidməti pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.

Maddə 6. Diplomatik pasport
Diplomatik pasport Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən:
1) öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, apellyasiya məhkəmələrinin sədrlərinə, Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin sədrinə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədrinə, Baş prokurora və onun müavinlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Məhkəmə-Hüquq Şurasının üzvlərinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna, Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədrinə, Azərbaycan Respublikası Prezidenti, Milli Məclisi, Hesablama Palatası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə və sədr müavininə, Naxçıvan Muxtar Respublikasının Prokuroruna;
2) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və istisna hallarda Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamına əsasən beynəlxalq konfranslarda, müşavirələrdə və danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə;
3) Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisi sədrinin, Baş nazirinin, Konstitusiya Məhkəməsi sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına verilir;
4) diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına;
5) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən müvafiq icra hakimiyyəti orqanının zabit heyətinə verilir.
Diplomatik pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Diplomatik pasportda onun sahibinin yetkinlik yaşına çatmamış uşaqları yazıla bilər və belə halda pasporta onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportdan ailə üzvlərinin ölkədən getmək və ya ölkəyə gəlmək üçün istifadə etməsi qadağandır.
Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir.
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun arvadına (ərinə), Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir.
Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.

Maddə 7. Pasportda göstərilən məlumatlar
Tiplərindən asılı olmayaraq hər bir pasportda:
1) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, onunla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix, pasporta aid olan tələblər göstərilir; (*)
2) pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur; (*)
3) xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir.
Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş hallar və belə pasportların etibarlıq müddəti, uzadılmış etibarlıq müddəti, bu müd dəti uzadan orqanın adı, uzadılma tarixi göstərilir. (*)
Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir və müvafiq dövlət orqanlarının məsul əməkdaşı tərəfindən imza və möhürlə təsdiq edilir. (*)
Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri , 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir. (*)
Bu maddədə nəzərdə tutulmuş məlumatları pasporta və ya onun elektron daşıyıcısına daxil edən vəzifəli şəxs həmin məlumatların düzgünlüyünə görə cavabdehdir. (*)

Maddə 8. Pasport verilməsi haqqında ərizə (vəsatət)
Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir.
Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, fotoşəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tu tulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir. (*)
Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən müvafiq dövlət orqanında həyata keçirilir. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür. (*)

Maddə 9. Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması
Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4,5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əgər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.
Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
Dövlət sirrinin və ya hərbi sirrin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.
Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. (*)

Maddə 10. Pasportun dəyişdirilməsi
Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. (*)
Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün bu Qanunun 4-cü maddəsində göstərilmiş məbləğdə dövlət rüsumu alınır.
Pasport bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
Pasportun üzərində və ya elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. (*)

Maddə 11. Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti 
Xaricə daimi yaşayış üçün gedən vətəndaşlar:
 Azərbaycan Respublikasının Konstitusiyası ilə verilmiş bütün hüquqlardan, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada pensiya təminatı hüququndan istifadə edir və öhdələrinə düşən vəzifələri daşıyırlar; 
 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki dövriyyədən çıxarılmış əşyalar istisna olmaqla onlara və ailə üzvlərinə məxsus əmlakı xaricə apara bilərlər. Mədəni və tarixi sərvət sayılan incəsənət əşyalarının və digər dəyərli əşyaların xaricə aparılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; 
 Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınırlar və onların pasportlarında müvafiq qeydlər edilir; 
 Azərbaycan Respublikasının məhkəmə qətnamələri üzrə alimentləri və ya başqa mülki öhdəlikləri yaşayış yerindən asılı olmayaraq vaxtında ödəməlidirlər; 
 ölkəyə müvəqqəti yaşamaq üçün pasport vasitəsi ilə gəlirlər, daimi yaşayış üçün ölkəyə qayıtmaqdan ötrü isə onların pasportlarında Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçotdan çıxarılma barədə qeyd olmalıdır.

Maddə 12. Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi 
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra-əcnəbilər) Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları (digər sərhədkeçmə sənədləri) və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.
Əcnəbilərə Azərbaycan Respublikasına gəlmək yalnız aşağıdakı hallarda qadağan edilir:
1) milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb edirsə;
2) bu, Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün zəruridirsə;
3) şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası qanunlarının tələblərini pozmuşsa;
4) Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən şəxs özü haqqında yalan məlumat vermişsə;
5) ruhi və ya yoluxucu xəstəliklərə tutulmuş şəxsin Azərbaycan Respublikasına gəlməsi əhalinin sağlamlığı üçün təhlükə törədirsə (belə təhlükə törətməyən və öz hesablarına, ya da qanuni qəyyumlarının və ya nümayəndələrinin maddi himayəsi ilə müalicəyə g wlən şəxslər istisna təşkil edir).
6) şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışsa;
7) şəxsin Azərbaycan Respublikasına daxil olması arzuolunmaz hesab edilmişsə.
Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin təklifi üzrə Azərbaycan Respublikasının Milli Məclisi əcnəbilərin Azərbaycan Respublikasına gəlməsinin şəxsi pasporta əsaslanan vizasız (sadələşdirilmiş) qaydasını müəyyənləşdirə bilər.
Əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir.
Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmamışdırsa, ona Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün ondan ərizə qəbul edilməmişdirsə, o, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.
Əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi şəxsi pasportunu (digər sərhədkeçmə sənədini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər.
Əcnəbilərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 
1) onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olarsa — bu əsas aradan qalxanadək; 
2) onlar cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmışdırlarsa — barələrində cinayət təqibi üzrə icraat başa çatanadək;
3) onlar cinayət törətdiyinə görə məhkum olunublarsa — cəza çəkməkdən azad olunana,yaxud cəzanı tam çəkənədək;
4) məhkəmədə onlara qarşı mülki iddia verilibsə — müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək.
5) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa — məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişin dayandırılması və ya məhdudlaşdırılması ilə nəticələnir.
Azərbaycan Respublikasına gələn və Azərbaycan Respublikasından gedən əcnəbilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq dövlət orqanlarında qeydiyy atdan keçməlidirlər.

Maddə 13. Giriş və tranzit vizaları 
Giriş vizası əcnəbilərə Azərbaycan Respublikasının ərazisinə ümumi qaydada gəlmək üçün verilir. Onun etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün üç gündən üç ayadək, çoxdəfəlik girişçı xış üçün isə-bir ildən iki ilədək müəyyən olunur. Bu müddətdə vizadan istifadə olunmazsa o, qüvvədən düşür.
Qayıdış vizası şəxsi pasportu olan əcnəbilərə Azərbaycan Respublikasından gedərkən müraciət etdikləri halda yenidən Azərbaycan Respublikasının ərazisinə bir ayadək müddətə gəlmək üçün ve rilə bilər. Bu viza Azərbaycan Respublikasından getmə günündən altı ay ərzində istifadə olunmazsa, qüvvədən düşür.
Turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir. Belə vizalarda ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
Bir və ya çoxdəfəlik tranzit vizası başqa ölkələrə gedən əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasında gedişin dayanacaqsız olması haqqında qeyd və ya möhür olmazsa onun sahibinə Azərbaycan Respublikasında ən çoxu 5 gün qalmaq imkanı verilir.
Çıxış vizası Azərbaycan Respublikasının ərazisində yaşayış üçün rəsmi icazəyə malik olan əcnəbilərə verilir. Çıxış vizasının verilməsi üçün dövlət rüsumu alınmır.
Azərbaycan Respublikasında qalmaq üçün əcnəbilər vizalarında göstərilən müddət qurtaranadək qabaqcadan onun uzadılması məsələsini həll etməli və ya ölkəni tərk etməlidirlər.

Maddə 14. Vizaların rəsmiləşdirilməsi 
Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə, viza verilməsi haqqında ərizə ilə (şəxsən və ya nümayəndəsi vasitəsilə) ölkəsində və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, tələb olunan sənədləri və viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənədi ərizəyə əlavə etməlidirlər. Viza rəsmiləşdirilməsi «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.
Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər.
Turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilərlər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına müraciət edilir. Elektron qaydada viza almaq üçün səfirliklərin və konsulluqların internet informasiya ehtiyatlarında yerləşdirilmiş elektron ərizə-anket doldurularaq, şəxsin pasportunun, fotoşəklinin, dövlət rüsumunun ödənilməsi haqqında sənədin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) skan edilmiş surətləri elektron qaydada səfirliklərə və konsulluqlara göndərilir. Sənədlər daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edənin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.
Elektron qaydada verilən viza pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.
Elektron qaydada verilən vizanın maşınla oxuna bilən xüsusi kodu olur. Elektron qaydada verilən viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Turistlərə viza almaq üçün turizm şirkətləri şəxsin sənədlərini həmçinin poçt vasitəsilə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına göndərə bilərlər. Sənədlər səfirliyə və ya konsulluğa daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır və viza rəsmiləşdirilərək, şəxsin pasportu və digər sənədləri (səfirlikdə və ya konsulluqda qalmalı sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə qaytarılır. Viza verilməsindən imtina edildikdə, sənədlər müvafiq məktubla geri qaytarılır.
Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği, habelə Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilir.
Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə əlavə edilən sənədlərin siyahısını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, onlardan tutulan dövlət rüsumunun məbləği isə qanunla müəyyən edilir.
Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları onlara müraciət olunduğu gündən ən geci bir ay keçənədək, onların səfəri təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunduqdan ən geci 48 saat keçənədək baxırlar. Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci on beş iş günü keçənədək baxılır. Bu Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında xahiş, səbəbləri yazılı şəkildə ərizəçinin nəzərinə çatdırılmaqla rədd edilir və onun təkrar ərizəsinə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
Viza verilməsi haqqında ərizəyə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə baxmaqdan imtina edilməsindən əcnəbilər inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Maddə 15. Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər 
Bu Qanunun tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının sərhədini keçən əcnəbilər geri qaytarılırlar. Belə şəxslə rdən pasport və sənədlərini yolda itirdiklərini bildirənlərin Daxili İşlər Nazirliyinin aparacağı təhqiqata qədər, lazım gələrsə, ən yaxın rayonun icra hakimiyyəti başçısının müəyyənləşdirəcəyi yerdə yerləşdirmək şərti ilə qəbul edilməsi mümkündür.

Maddə 16. Bu Qanunu pozmağa görə məsuliyyət
Pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin bu Qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 17. Beynəlxalq müqavilələrin tətbiqi
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 14 iyun 1994-cü il
№ 813

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 sentyabr 1994-cü il, № 186).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1994-cü il, № 18, maddə 243).
12 may 1995-ci il tarixli, 1035 nömrəli; 25 aprel 1997-ci il tarixli, 284-IQD nömrəli; 26 iyun 1997-ci il tarixli, 357-IQD nömrəli; 14 noyabr 1997-ci il tarixli, 399-IQD nömrəli; 26 dekabr 2000-ci il tarixli, 48-IIQ nömrəli; 20 fevral 2001-ci il tarixli, 88-IIQD nömrəli; 24 aprel 2001-ci il tarixli, 124-IIQD nömrəli; 05 oktyabr 2001-ci il tarixli, 181-IIQD nömrəli; 19 oktyabr 2001-ci il tarixli, 210-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 850-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli; 23 dekabr 2005-ci il tarixli, 32-IIIQD nömrəli; 30 dekabr 2005-ci il tarixli, 51-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 72-IIIQD nömrəli; 21 aprel 2006-cı il tarixli, 99-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 171-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 182-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 168-IIIQD nömrəli; 19 dekabr 2006-cı il tarixli, 203-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 386-IIIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 542-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 658-IIIQD nömrəli; 2 oktyabr 2008-ci il tarixli, 694-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 858-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 945-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 30 sentyabr 2010-cu il tarixli, 1075-IIIQD nömrəli; 8 aprel 2011-ci il tarixli, 97-IVQD nömrəli; 10 iyun 2011-ci il tarixli, 141-IVQD nömrəli; 17 may 2011-ci il tarixli, 109-IVQD nömrəli; * 12 iyun 2012-ci il tarixli, 377-IVQD nömrəli (1.1.2-ci, 1.3-cü və 1.4-cü maddələr istisna olmaqla, həmin Qanunun digər müddəaları 2013-cü il iyunun 1-dən qüvvəyə minir); 19 aprel 2013-cü il tarixli, 616-IVQD nömrəli (Bu Qanunun 1.1.1-ci maddəsi 2015-ci il dekabrın 1-dən qüvvəyə minir); 31 may 2013-cü il tarixli, 671-IVQD nömrəli; 21 iyun 2013-cü il tarixli, 701-IVQD nömrəli; 25 fevral 2014-cü il tarixli, 913-IVQD nömrəli; 17 oktyabr 2014-cü il tarixli, 1055-IVQD nömrəli; 29 may 2015-ci il tarixli, 1294-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.