IV fəsil – Yekun müddəaları

 

Maddə 15. Verilmiş şəxsin cinayət təqibinin nəticələri barədə məlumat
15.1. Verilmiş şəxsin cinayət təqibinin nəticələri haqqında xarici dövlətin səlahiyyətli orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] məlumat verməlidir.
15.2. Bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş qayda haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.
Maddə 16. Tranzit daşıma
16.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən üçüncü dövlət tərəfindən verilən şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına icazə verilə bilər.
16.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş hallarda tranzit daşımaya icazədən imtina edilə bilər. Bu cür imtinaya əsas olan halların müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tranzit daşımaya icazə istəyən xarici dövlətdən müvafiq məlumatlar tələb edə bilər.
16.3. Tranzit daşıma haqqında sorğu yazılı qaydada təqdim edilir.
16.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] bu Qanunun müddəaları nəzərə alınmaqla, tranzit daşımanın həyata keçirilməsinə icazə verir və bu barədə xarici dövlətin səlahiyyətli orqanlarını məlumatlandırır.
16.5. Tranzit daşıma üçün hava nəqliyyatı istifadə edildikdə aşağıdakı qaydalara riayət edilməlidir:
16.5.1. hava gəmisinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulmadıqda tranzit daşımanı həyata keçirən dövlət bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] məlumat verir və bu Qanunun 5.2.1 və 5.2.2-ci maddələrində göstərilən sənədlərin mövcud olmasını təsdiq edir;
16.5.2. hava gəmisi Azərbaycan Respublikasının hava limanında planlaşdırılmayan qaydada endikdə daşınan şəxs xarici dövlətin müvafiq səlahiyyətli orqanının vəsatətinə əsasən tranzit daşıma haqqında rəsmi sorğu təqdim edilənədək 48 saatadək müddətdə həbsdə saxlanıla bilər;
16.5.3. hava gəmisinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulduqda tranzit daşımasını həyata keçirən dövlət müvafiq sorğu təqdim etməlidir.
Maddə 17. Şəxsin verilməsi və ya tranzit daşıma ilə bağlı xərclər
Şəxsin verilməsi və ya tranzit daşıması ilə bağlı bütün xərclər sorğu edən xarici dövlət tərəfindən ödənilir.
Maddə 18. Əlaqələrin qaydası
18.1. Şəxsin verilməsi ilə bağlı bütün əlaqələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] vasitəsilə həyata keçirilir.
18.2. Şəxsin verilməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan dilinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] razılığı əsasında Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilir.
Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 may 2001-ci il
№ 132-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (19 iyun 2001-ci il, № 136).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 386).
2 iyul 2002-ci il tarixli, 360-IIQD nömrəli; 10 iyun 2011-ci il tarixli, 148-IVQD nömrəli; 20 oktyabr 2015-ci il tarixli, 1397-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.