IV fəsil. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında və onun bölmələrində xidmət
Maddə 28. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyəti
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyəti sıravi və rəis ştat vəzifələrində olan əməkdaşlardan ibarətdir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyətində onlar üçün kadrlar hazırlayan və onların ixtisasını artıran yanğın-texniki tədris müəssisələrinin müəllimləri, dinləyiciləri və müdavimləri də daxildirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyətinə özünün təhsilinə, saxlamlıq vəziyyətinə, fiziki hazırlığına və digər şəxsi keyfiyyətlərinə görə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olan həqiqi hərbi xidmət və ya alternativ xidmət (əmək mükəlləfiyyatı) keçmiş kişilər və azı 18 yaşı olan qadınlar — Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər.
Əvvəllər ağır cinayət törətdiklərinə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmətə qəbul oluna bilməzlər.
Maddə 29. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçmə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçmə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçən əməkdaşları, habelə yanğın texniki tədris müəssisələrinin dinləyiciləri və kursantları hərbi uçotdan çıxarılırlar və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının uçotunda saxlanılırlar.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçən əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən səlahiyyətlərini təsdiq edən xidməti vəsiqələr, fərqlənmə nişanları və geyim forması verilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşları ilk dəfə vəzifəyə təyin edildikdən sonra peşə andı içirlər.
Maddə 30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarının hüquqi və sosial müdafiəsi üçün təminatlar
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşları və onların ailə üzvləri dövlətin müdafiəsi altındadırlar.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının hərbi qulluqçuları üçün müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarına da şamil edilir.
Əmək şəraiti zərərli və təhlükəli olan müəssisələrin işçiləri üçün mövcud qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər həmin müəssisələri yanğından qoruyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyətinə də şamil edilir.
Maddə 31. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarının əməyinin ödənilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini təmin edən müvafiq qurumlarının əməkdaşlarının pul təminatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
İşin xarakteri və şəraiti nəzərə alınmaqla əməkdaşların xidməti fəaliyyətdə yüksək nəticələrə nail olunmasının həvəsləndirilməsini təmin etmək, şəxsi heyəti yüksək peşə keyfiyyətlərinə malik olan şəxslərlə komplektləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə dövlət büdcəsindən əlavə vəsait ayrıla bilər.
Maddə 32. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarının dövlət icbari sığortası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşları xidmət vəzifələrinin icrası zamanı həlak olma (ölmə), yaxud xidmət vəzifələrinin icrası ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alma, xəstələnmə nəticəsində vəfat etmələri hallarından müvafiq olaraq «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığorta edilirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və ya onun bölmələrinin əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına onun on illik pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya onun bölmələrinin əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına həmin şəxsə onun beş illik pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinin öz xidməti vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Maddə 33. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əmlakı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əmlakı onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdır.
Azərbaycan Respublikasının ərazisində hər hansı hüquqi və ya fiziki şəxs onun mülkiyyətində olan yanğından mühafizə bölməsini saxlamaqdan imtina etdikdə, həmin bölmənin istifadəsində olan əmlakı əvəzli qaydada almaq üçün üstünlük hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun bölmələrinə verilir.