IV fəsil. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri

 

Maddə 19. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar mübarizə tədbirləri
19.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğata və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı hüquq pozuntularının profilaktikasına yönəlmiş fəaliyyətə üstünlük verilir.
19.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinin və onların prekursorlarının qanunsuz idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının qarşısının alınması məqsədi ilə:
19.2.1. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı yolları və üsulları aşkar edilir və onların qarşısı alınır;
19.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslər aşkar edilir və məsuliyyətə cəlb olunur;
19.2.3. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixtisaslaşdırılmış bölmələr yaradıla bilər;
19.2.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz hazırlanması, təchiz edilməsi və saxlanılması faktları aşkar edilir və bununla əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir;
19.2.5. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz əkinləri aşkar və məhv edilir;
19.2.6. narkomanlığın profilaktikası, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və onların reabilitasiyası, narkomanlığın yayılmasına təkan verən səbəblərin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir;
19.2.7. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində görülən tədbirlər və onların nəticəsi barədə məlumatlar dərc edilməsi üçün kütləvi informasiya vasitələrinə verilir;
19.2.8. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair tədbirlər həyata keçirilir.
Maddə 20. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmiş şəxslər barəsində tətbiq olunan məhdudiyyətlər
20.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinə aşağıdakı hallarda yol verilir:
20.1.1. şəxs narkomanlıq xəstəliyinə düçar olduqda;
20.1.2. şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadəyə yol verdikdə;
20.1.3. şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etdikdə.
20.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmiş və bununla əlaqədar məhkum olunmuş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı peşə növlərinə buraxılmırlar və mülkiyyət formasından asılı olmayaraq, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsində və onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən idarə, müəssisə və təşkilatlarda işə qəbul edilə bilməzlər.
20.3. Vətəndaşların hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədi ilə narkomanlıq xəstəliyinə düçar olan şəxslər, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı ilə məşğul olan və ya onlardan sui-istifadə edən şəxslər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olunduqda, işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq, dövlət narkoloji-tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirlər. Belə şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 21. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarı
21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
21.2. Qazanc əldə etmək məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir.
21.3. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilir.
Maddə 22. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar qanun pozuntularına qarşı inzibati-hüquq tədbirləri
22.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar inzibati məsuliyyət Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yaranır.
22.2. Prekursorlarla və onların hazırlanması üçün nəzərdə tutulmuş avadanlıqla bağlı törədilən hüquq pozuntularına görə inzibati məsuliyyət yalnız onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində istifadə edildiyi və ya belə istifadə üçün nəzərdə tutulduğu hallarda yaranır.
22.3. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi və ya narkomanlıq xəstəliyinə düçar olması ilə əlaqədar müalicə olunmuş şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və prekursorların qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar inzibati məsuliyyətə cəlb edildikdə, onun müalicə olunduğu narkoloji-tibb müəssisəsi bu barədə məlumatlandırılır.
Maddə 23. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirləri
23.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır.
23.2. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi və ya narkomanlıq xəstəliyinə düçar olması ilə əlaqədar müalicə olunmuş şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildikdə, onun müalicə olunduğu narkoloji-tibb müəssisəsi bu barədə məlumatlandırılır.