III fəsil. Şəxsin azadlıq, mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılması, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının səlahiyyətləri

 

Maddə 21. Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması

I. Polis əməkdaşı şəxsin azadlıq hüququnu hakimin qərarına əsasən tutulma və həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:
1) cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və ya inzibati hüquqpozma törədilməsinə görə həbs olunduqda;
2) yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvi nəzarət həyata keçirildikdə və ya səlahiyyətli orqana gətirildikdə;
3) yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə ruhi xəstələr, alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;
4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə;
5) təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə.
II. Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.
III. Polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına 48 saatdan artıq olmayan müddətə yalnız aşağıdakı hallarda yol verilə bilər:
1) şəxs cinayət və ya inzibati xəta törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;
2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə;
3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda.
III-I. Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.
IV. Cinayət və ya inzibati xəta törədilməsi ilə əlaqədar tutulmuş və ya həbsə alınmış şəxsi, onun məsələsinə tezliklə məhkəmədə baxılmasını tələb etmək hüququ vardır.
V. Şəxsin qanunsuz tutulmasına və ya həbsəalınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Maddə 22. Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılma müddətləri
I. Bu Qanunun 21-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılma müddəti yalnız qanunla müəyyənləşdirilir.
II. Bu Qanunun 21-ci maddəsinin III və III-I hissələrində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılması müddətləri inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar haqqında qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilir.

Maddə 23. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri

I. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:
1) zəruri müdafiə və son zəruri halları istisna olmaqla, şəxsin tutulması və ya həbsə alınması zamanı təhlükəsiz üsul və vasitələrdən istifadə etməlidir;
2) tutulan və ya həbsə alınan şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməlidir;
3) tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməlidir;
4) tutulmuş və ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətirməli, tutulma və ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsəalma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;
5) tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmalıdır (tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir); əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyini qeydə almalıdır;
6) tutulmuş və ya həbsə alınmış şəxsin tələbi ilə habelə müdafiəçinin iştirakı məcburi olan hallarda həmin şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququnu təmin etməlidir;
7) tutulmuş və ya həbsə alınmış şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə xüsusi diqqət yetirməlidir;
8) Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş tutulma və ya həbsəalma müddətlərinə riayət etməli, bu müddətlər keçənədək tutulan və ya həbsə alınan şəxsi, onun tutulmasının və ya həbsə alınmasının qanuniliyini müəyyənləşdirmək üçün hakimin yanına gətirməlidir;
9) 3 saatdan artıq müddətə tutulmuş və ya həbsə alınmış şəxs barədə onun tutulmasından və ya həbsə alınmasından 24 saat keçənədək hakimə yazılı məlumat verməlidir;
10) məhkəmənin (hakimin) qərarına əsasən, habelə tutulma və ya həbsəalma müddətləri keçəndən sonra tutulan və ya həbsə alınan şəxsi dərhal azad etməlidir.
II. Polis əməkdaşı tutulmuş və ya həbs edilmiş şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlarını təmin edir.

Maddə 24. Polis əməkdaşı tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması

I. Polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasına və yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir:
1) hakimin qərarı olduqda;
2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.
II. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur:
1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;
2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;
3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;
4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;
5) cinayət törətmiş şəxsin bilavasitə «isti izlərlə» təqib edilməsi.
III. Məhkəmənin (hakimin) qərarı və ya bu maddənin I və II hissələrində göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.
IV. Bu maddənin II hissəsinin əsasında mənzilə orada yaşayanların iradəsi ziddinə daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verilməlidir.
V. Bu maddənin müddəaları fiziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir.
VI. Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Maddə 25. Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri

I. Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:
1) bu Qanunun 24-cü maddəsinin I və II hissələrində göstərilmiş hallar və əsaslar olmadan yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır;
2) yaşayış yerinə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə yaşayış yerinə daxilolmanın əsaslarını bildirməlidir;
3) yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs yaşayış yerinə daxil olmağa icazə vermədikdə isə onun qanuna zidd hərəkət etdiyini izah etməlidir;
4) yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı zəruri müdafiə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, yaşayış yerində olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir;
5) yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma faktını Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;
6) mənzilə orada yaşayanların iradəsi ziddinə hər bir daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verməlidir;
7) yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayanların şəxsi və ailə həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır.
II. Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir.

Maddə 26. Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi

I. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər:
1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;
2) inzibati xətanı və ya cinayəti törədən şəxs tutulduqda;
3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.
II. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər:
1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
2) qiyam və ya kütləvi ixtişaşlar baş verdikdə;
3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
4) yaşayaş binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;
5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;
6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda;
7) cinayət törədilməsində şübhələnildiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;
8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda;
9) həbs olunanları müşayiət etdikdə;
10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;
11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə;
12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri).
III. 2-ci və 12-ci bəndləri istisna olmaqla bu maddənin II hissəsində nəzərdə tutulmuş hallarda polis əməkdaşı xidməti itdən də istifadə edə bilər.
III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IV. Polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakı hallarda odlu silah tətbiq edə bilər:
1) bu maddənin II hissəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda ictimai təhlükəli əməl odlu silah işlədilməklə törədildikdə;
2) bu maddənin II hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş hallar olduqda;
3) insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;
4) şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;
5) insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;
5-1) terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda;
6) odlu silahın digər şəxs tərəfindən ələ keçirilməsinin qarşısı alındıqda;
7) insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.
V. Bu maddənin IV hissəsində müəyyən edilən hallardan başqa, həmçinin təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda odlu silahdan istifadə edilə bilər.
VI. Bu Qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi zamanı hər hansı şəxsin həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
VII. Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir.
VIII. İnsanın anatomik bütövlüyünə müxtəlif dərəcəli xəsarətlər yetirməklə dağıdıcı təsir göstərə bilən və ya özünü doğrultmayan yüksək təhlükə mənbəyi olan xüsusi vasitələrin polisin sərəncamına verilməsi qadağandır.
IX. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Maddə 27. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələri

I. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı:

1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir;

2) odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir;

3) yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edə bilər;

4) odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi açmalıdır (qəfil, yəni birbən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis əməkdaşı xəbərdarlıq etmədən odlu silahı tətbiq edə bilər);

5) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir;

6) odlu silahın tətbiq edildiyi yerin dəyişdirilməmiş saxlanılmasına çalışmalıdır;

7) fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir;

8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir.