III fəsil. Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə

 

Maddə 10. Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından tibbi məqsədlərlə istifadə
10.1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir.
10.2. Bir yaşayış məntəqəsində iki paralel əvəzedici müalicə proqramlarının tətbiqinə və stasionar bölməsi olmayan narkoloji-tibb müəssisələrində əvəzedici müalicə proqramlarının tətbiqinə yol verilmir.
10.3. Əvəzedici müalicə proqramlarına qəbul olunmuş hər bir xəstə barəsində 3 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
10.4. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 11. Tranzit sərnişinlərin müalicəsi məqsədi ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə
11.1. Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə müalicə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və istifadə miqdarı həddində narkotik vasitələr və psixotrop maddələr apara bilər.
11.2. Əgər müalicəsini davam etdirmək üçün bu qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin narkotik vasitələrə və psixotrop maddələrə əlavə tələbatı yaranarsa, həmin tələbatın ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 12. Baytarlıq məqsədləri ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə
Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Elmi məqsədlərlə, tədris və təlim məqsədləri ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə
13.1. Elmi məqsədlərlə və tədris məqsədləri ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə hüquqi şəxslər tərəfindən yalnız icazə əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
13.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 14. Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından ekspert fəaliyyətində istifadə
Ekspertizanın aparılması məqsədi ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 15. Əməliyyat-axtarış fəaliyyətində narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə
Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 16. Fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması
Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması belə fəaliyyət növünə lisenziyası (xüsusi razılığı) olan apteklərdən və müalicə-profilaktika müəssisələri tərəfindən həyata keçirilir.
Maddə 17. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı faəliyyət haqqında hesabat
Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə icazə və ya lisenziya (xüsusi razılıq) almış şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada buna səlahiyyəti olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına öz fəaliyyəti haqqında hesabat verirlər.
Maddə 18. Narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılması
18.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə icazə almış şəxslər hər ay onların sərəncamında olan narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılmasını aparmalı, malların və digər maddi dəyərlərin balansını tərtib etməlidirlər.
18.2. Balansda üzə çıxan fərqlər, yaxud balansda olan rəqəmlərlə aparılan inventarlaşdırılmanın nəticələri arasında uyğunsuzluqlar aşkar edildikdə bu barədə 3 gün müddətində icazə almış şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
18.3. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün dəyişikliklər operativ şəkildə xüsusi jurnalda qeyd olunur. Belə jurnalların aparılması və saxlanılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.