III fəsil. Daxili qoşunlarda xidmət

 

Maddə 13. Daxili qoşunların hərbi qulluqçuları, qulluqçuları və fəhlələri
Daxili qoşunlar hərbi qulluqçulardan, qulluqçulardan və fəhlələrdən ibarətdir.
Daxili qoşunların hərbi qulluqçuları lazımi peşə, hüquq hazırlığına və fiziki hazırlığa malik olmalı, tabel silahından, xüsusi vasitələrdən və təhkim edilmiş texnikadan bacarıqla istifadə etməlidirlər.
Daxili qoşunların qulluqçularının və fəhlələrinin xidmət və əmək fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 14. Daxili qoşunlarda hərbi xidmət
Daxili qoşunların hərbi qulluqçuları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq bu Qanunda müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirirlər.
Daxili qoşunların hərbi qulluqçuları daxili qoşunlarla könüllülük qaydasında bağlaşma üzrə, habelə Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırışı əsasında komplektləşdirilir.
Daxili qoşunlarda hərbi xidmət keçmək üçün çağırışçıların seçilməsi hərbi komissarlıqlar, ərazi daxili işlər orqanları və daxili qoşun hissələrinin nümayəndələri ilə birlikdə həyata keçirilir.

Maddə 15. Daxili qoşunların kadrlarının hazırlanması
Daxili qoşunların kadrlar hazırlayan və onların ixtisasını artıran hərbi təhsil müəssisələri vardır. Daxili qoşunların hərbi təhsil müəssisələrinin kursantları hərbi uçot ixtisası ilə yanaşı mülki ixtisaslardan biri üzrə də təhsil alırlar.
Daxili qoşunların zabitləri digər ixtisaslaşdırılmış təhsil müəssisələrində də təhsil ala bilərlər.

Maddə 16. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən hərbi xidmət vəzifələrinin icrası
Daxili qoşunların hərbi qulluqçuları hərbi hissənin, bölmənin, idarənin, hərbi təhsil müəssisəsinin daxilində və ya ondan kənarda döyüş xidmətini yerinə yetirərkən hərbi xidmət vəzifələrinin icrasında hesab edilirlər.
Daxili qoşunların hərbi qulluqçularının vəzifə borcları və bunların icrası qaydası bu Qanunla, Azərbaycan Respublikası daxili qoşunlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Nizamnaməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumi hərbi nizamnamələri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ aktları ilə müəyyənləşdirilir.
Daxili qoşunlara həvalə edilmiş vəzifələr qarovulların və qoşun dəstələrinin şəxsi heyətinin döyüş xidməti vasitəsi ilə icra edilir.
Daxili qoşunların hərbi qulluqçularının döyüş xidməti qaydası və şərtləri, habelə bunun üçün ödənilən haqqın məbləğləri Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşdirilir.
Daxili qoşunların hərbi qulluqçularının döyüş xidmətində öz vəzifələrini icra etməsi müddəti hərbi qulluqçulara tapşırılmış obyektlərin, ictimai asayişin qorunması və bu Qanunla nəzərdə tutulmuş başqa vəzifələrin icrası üçün təyin edilən qarovulun, qoşun dəstəsinin tərkibində olduğu vaxtla müəyyənləşdirilir.

Maddə 17. Daxili qoşunlara həvalə olunmuş vəzifələrin icrası
Daxili qoşunların hərbi hissələrinə və bölmələrinə həvalə olunmuş vəzifələrin icrası qaydası bu Qanunla, daxili qoşunların Döyüş xidməti nizamnaməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ aktları ilə müəyyənləşdirilir.
Daxili qoşunların hərbi hissələri və bölmələri yerləşdikləri rayonların hüdudlarından kənarda vəzifələrin icrasına Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən cəlb edilə bilər.

Maddə 18. Fövqəladə vəziyyət rejimində daxili qoşunların əlavə hüquq və vəzifələri
Fövqəladə vəziyyət rejimində vəzifələri icra edərkən daxili qoşunlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aşağıdakı əlavə hüquqlar verilə bilər:
a) cinayət törətməkdə şübhə edilən şəxsləri izləyərkən, yaxud cinayət törədildiyi və ya törədilməsi, yaxud bədbəxt hadisənin baş verdiyi barədə kifayət qədər məlumat olduqda vətəndaşların mənzillərinə və başqa otaqlarına, onlara məxsus torpaq sahələrinə, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarə və təşkilatların (diplomatik immuniteti olanlardan başqa) ərazilərinə, binalarına girmək;
b) vətəndaşların həyatını, sağlamlığını və əmlakını qorumaq məqsədi ilə nəqliyyatın və piyadaların hərəkətini müvəqqəti qadağan etmək və ya məhdudlaşdırmaq, küçələrdə və yollarda onları yoxlamaq;
v) fövqəladə halların baş verdiyi yerə getmək, təcili tibbi yardıma ehtiyacı olan vətəndaşları müalicə müəssisələrinə çatdırmaq, cinayət törətmiş şəxsləri izləmək və onları polis orqanlarına aparmaq üçün mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin və ya vətəndaşların nəqliyyat vasitələrindən (diplomatik immunitetə malik şəxslərə və ya beynəlxalq təşkilatlara məxsus vasitələr istisna olmaqla) istifadə etmək;
q) vətəndaşların sağlamlığını, həyatını və əmlakını qorumaq məqsədi ilə vətəndaşları ərazinin ayrı-ayrı hissələrinə və obyektlərə buraxmamaq, orada qalmağı, yaxud bu hissələri və binaları tərk etməyi tapşırmaq;
ğ) mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara (diplomatik immuniteti olanlardan başqa), ictimai birliklərə məxsus rabitə vasitələrindən xidməti məqsədlər üçün maneəsiz istifadə etmək;
d) vəzifə borclarının icrası üçün lazımi məlumatı mülkiyyət formasından asılı olmayaraq müəssisələrdən, idarələrdən və təşkilatlardan (diplomatik immuniteti olanlardan başqa) əvəzsiz qaydada almaq (qanunvericilikdə müvafiq məlumatı almağın başqa qaydasının müəyyənləşdirildiyi hallar istisna olmaqla);
e) zərurət olduqda vətəndaşların sənədlərini yoxlamaq, müstəsna hallarda onlarda silah olması barədə məlumat olduqda vətəndaşların üst-başını, əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq;
ə) qadağan saatı rejimini pozmuş vətəndaşları qadağan saatının müddəti qurtaranadək, üstündə sənədləri olmayan şəxsləri isə onların şəxsiyyəti müəyyənləşdirilənədək, qanunla müəyyən edilmiş müddətə.
Daxili qoşunlar tərəfindən vətəndaşların və ya mülkiyyətçilərin şəxsiyyət və ya mülkiyyət toxunulmazlığı hüququnu pozan hər bir hal barədə hərbi hissənin komandiri 24 saat müddətində müvafiq prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hərəkətləri həyata keçirir.

Maddə 19. Fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiqi şərtləri və hüdudları
Ancaq bu Qanunla nəzərdə tutulmuş hallarda və qaydada daxili qoşunların fiziki qüvvə işlətmək, xüsusi vasitələri, tabel silahını və ştatlı döyüş texnikasını saxlamaq və tətbiq etmək hüququ vardır.
Daxili qoşunların hərbi qulluqçuları xüsusi hazırlıq keçməli, habelə fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiqi ilə bağlı şəraitdə əməliyyatlara yararlılıq, habelə zərər çəkənlərə həkiməqədər yardım göstərmək bacarığı baxımından müntəzəm yoxlanmalıdırlar.
Fiziki qüvvəni, xüsusi vasitələri, silahı və ya döyüş texnikasını tətbiq edərkən daxili qoşunların hərbi qulluqçuları:
a) bunlardan istifadə etmək niyyəti barəsində xəbərdarlıq etməli, bu zaman öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməlidirlər; fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və ya döyüş texnikasının tətbiqində ləngiməyin vətəndaşların, hərbi qulluqçuların və ya daxili işlər orqanları əməkdaşlarının həyatı və sağlamlığı üçün bilavasitə təhlükə törətdiyi, digər ağır nəticələr törədə biləcəyi və ya yaranmış vəziyyətdə bu cür xəbərdarlığın yersiz və qeyri-mümkün olduğu hallar istisna təşkil edir;
b) bədən xəsarəti almış şəxslərə həkiməqədər yardım göstərilməsini təmin etməlidirlər;
v) fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiq edildiyi hər bir hal barəsində komanda üzrə dərhal məlumat verməlidirlər;
q) daxili qoşunların müvafiq komandirləri və rəisləri fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikası tətbiq edilərkən bütün yaralanma və ya ölüm halları barəsində dərhal ərazi prokuroruna məlumat verməyə borcludurlar.
Hərbi qulluqçuların öz səlahiyyətini aşaraq fiziki qüvvə, xüsusi vasitələr, silah və ya döyüş texnikası tətbiq etməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 20. Fiziki qüvvə işlədilməsi
Cinayətlərin və inzibati hüquq pozuntularının qarşısını almaq, bu pozuntuları törətmiş şəxsləri tutmaq, daxili qoşun hərbi qulluqçularının qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün daxili qoşunların hərbi qulluqçularının onlara həvalə olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin etmək mümkün olmadıqda fiziki qüvvə, o cümlədən döyüş üsulları işlətmək hüququ vardır.

Maddə 21. Xüsusi vasitələrin tətbiqi
Zərurət olduqda daxili qoşunların hərbi qulluqçuları aşağıda sadalanan xüsusi vasitələri tətbiq edə bilərlər:
rezin dəyənəklər; gözyaşardıcı qaz; əl qandalları; yayındırıcı təsir göstərən işıq-səs vasitələri; maneədağıdan vasitələr; nəqliyyat vasitəsini məcburi dayandıran vasitələr; suvuranlar və zirehli maşınlar (yalnız hərbi hissə komandirinin göstərişi ilə və tətbiq anından 24 saat keçənədək ərazi prokuroruna məlumat verməklə); xidmət itləri.
Aşağıdakı hallarda daxili qoşunların hərbi qulluqçularının şəxsən və ya bölmənin tərkibində yalnız göstərilən xüsusi vasitələri tətbiq etmək hüququ vardır:
a) vətəndaşlara, hərbi qulluqçulara və ya daxili işlər orqanlarının əməkdaşlarına basqınları dəf etmək üçün — rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, xidmət itləri;
b) daxili qoşunların hərbi qulluqçusuna göstərilən qanunsuz müqavimətin qarşısını almaq üçün — rezin dəyənəklər, gözyaşardıcı qaz, əl qandalları, xidmət itləri;
v) vətəndaşların həyatına, sağlamlığına və ya mülkiyyətinə qarşı cinayət başında yaxalanmış və gizlənməyə cəhd göstərən şəxsləri tutmaq üçün – əl qandalları, xidmət itləri;
q) silahlı müqavimət göstərmək niyyətində olduqlarını güman etmək üçün kifayət qədər əsas olan şəxsləri tutmaq üçün — gözyaşardıcı qaz, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
ğ) qaça biləcəkləri, yaxud ətrafdakılara və ya özlərinə zərər vura biləcəkləri rəftarından görünən və ya daxili qoşunların hərbi qulluqçusuna müqavimət göstərən tutulmuş şəxsləri polis orqanlarına aparmaq, inzibati qaydada həbs edilmiş şəxsləri silahlı müşayiət və mühafizə etmək üçün – xidmət itləri;
d) hərbi şəhərciklərə, hərbi eşalonlara və dəstələrə, mühafizə olunan obyektlərə, qurğulara, yüklərə basqını dəf etmək üçün – rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
e) girovları, tutulmuş binaları, otaqları, qurğuları, nəqliyyat vasitələrini və ərazi hissələrini azad etmək üçün – rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
ə) kütləvi iğtişaşların və nəqliyyatın, rabitənin, müəssisələrin, idarələrin, təşkilatların işini pozan hərəkətlərin qarşısını almaq üçün rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
j) hərbi və fövqəladə vəziyyətin hüquqi rejimi şəraitində sürücüləri dayanmaq barəsində qanuni tələbləri yerinə yetirməyən nəqliyyat vasitələrini dayandırmaq üçün, habelə cəza və ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizədən qaçmış şəxsləri nəqliyyat vasitəsində yaxalayarkən — nəqliyyat vasitəsini məcburi dayandıran vasitələr;
z) cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizə altından qaçmış şəxsləri axtarıb tutmaq üçün-rezin dəyənəklər, gözyaşardıcı qaz, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr, nəqliyyat vasitəsini məcburi dayandıran vasitələr, suvuranlar və zirehli maşınlar, xidmət itləri.
Bu Qanunun 22-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallarda da xüsusi vasitələrin bütün növləri tətbiq edilə bilər.
Aşkar hamiləlik əlamətləri olan qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanları məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı xüsusi vasitələri tətbiq etmək qadağandır; onların silahlı müqavimət göstərdiyi, adamların həyatına və sağlamlığına təhlükə törədən basqınlar etdiyi hallar istisnadır.
Zəruri müdafiə şəraitində və ya son zərurət olduqda xüsusi vasitələr və ya odlu silah yoxdursa, daxili qoşunların hərbi qulluqçusu əl altında olan vasitələrdən istifadə edə bilər.

Maddə 22. Silah işlədilməsi
Aşağıdakı hallarda zərurət olduqda daxili qoşunların hərbi qulluqçuları xəbərdarlıq etdikdən sonra şəxsən və ya bölmənin tərkibində silah işlədirlər:
a) vətəndaşları onların həyatına və ya sağlamlığına təhlükə törədən basqından müdafiə etmək üçün;
b) hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının və islah-əmək müəssisələri işçilərinin həyatına və ya sağlamlığına təhlükə törədən basqını dəf etmək, habelə onların silahını almaq cəhdlərini aradan qaldırmaq üçün;
v) girovları, mühafizə olunan tutulmuş obyektləri, qurğuları, yükləri və döyüş texnikasını azad etmək üçün;
q) vətəndaşların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət başında yaxalanan və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxsləri tutmaq üçün;
ğ) cinayət törətməkdə şübhə edilib tutulmuş şəxslərin; barəsində həbs qəti-imkan tədbiri seçilmiş şəxslərin; azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin mühafizədən qaçmasının qarşısını almaq, habelə bu bənddə göstərilmiş şəxslərin zorakılıqla azad edilməsi cəhdlərinin qarşısını almaq üçün;
d) fövqəladə vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında əməkdaşın və ya hərbi qulluqçunun tələblərinə baxmayaraq dayanmaqdan imtina edən nəqliyyat vasitəsini zədələyib saxlamaq üçün;
e) hərbi şəhərciklərə, hərbi eşalonlara və dəstələrə, mühafizə olunan obyektlərə, qurğulara və yüklərə, vətəndaşların mənzillərinə, dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, idarələrin və təşkilatların binalarına qrup halında və ya silahlı basqını, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqını dəf etmək üçün;
ə) özlərində olan silahı və döyüş texnikasını təhvil vermək barəsində daxili qoşunların hərbi qulluqçularının qanuni tələblərini yerinə yetirməkdən imtina edən silahlı qrupların müqavimətini qırmaq, hüquqa zidd hərəkətlərə son qoymaq üçün;
j) silah işlətmək niyyəti barəsində vətəndaşlara xəbərdarlıq etmək, həyəcan siqnalı vermək və köməyə çağırmaq üçün.
Aşağıdakı hallarda silah xəbərdarlıq edilmədən tətbiq olunur:
a) mühafizə olunan obyektə, bölməyə, qarovula (qoşun dəstəsinə) silahdan, döyüş texnikasından və nəqliyyat vasitələrindən, o cümlədən uçuş aparatlarından, dəniz gəmilərindən istifadə etməklə edilən basqını dəf etdikdə;
b) azadlıqdan məhrum edilmiş şəxslərin basqınını dəf edərkən, yaxud öz vəzifə borclarını icra edən daxili qoşunların və daxili işlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən digər qərəzli hərəkətlər edildikdə;
v) silahlı müqavimət göstərən cinayətkarı (qaydanı pozanı) tutarkən; eləcə də məhkum silahla və ya nəqliyyat vasitələrinin köməyi ilə, yaxud məhdud görmə şəraitində, yaxud meşəlikdən mühafizədən qaçdıqda, yaxud hərəkət zamanı nəqliyyat vasitələrindən qaçdıqda.

Maddə 23. Silah işlətməyin qadağan edilməsi
Qadınların, aşkar əlillik və ya sağlamlıq imkanları məhdudluğunun əlamətləri olan və yetkinlik yaşına çatmadığı aşkar bilinən şəxslərin silahlı müqavimət göstərdikləri, yaxud adamların həyatı üçün təhlükə törədən qrup halında basqın etdikləri hallar istisna olmaqla, onlara qarşı, habelə kənar şəxslərin zərər çəkə biləcəkləri izdihamlı küçələrdə, meydanlarda, başqa ictimai yerlərdə və alışmaq, partlamaq təhlükəsi olan anbarlar (saxlanclar) istiqamətində silah işlətmək qadağandır.
Hərbi qulluqçu silahın qanunsuz tətbiqi üçün qüvvədə olan qanunvericiliyə müvafiq məsuliyyət daşıyır.

Maddə 24. Döyüş texnikasının tətbiqi
Daxili qoşunların silahları arasında olan ştatlı döyüş texnikası aşağıdakı hallarda tətbiq edilir:
a) girovları, mühafizə olunan tutulmuş obyektləri, qurğuları, yükləri və döyüş texnikasını azad etmək üçün;
b) silahlı müqavimət göstərən şəxsləri tutmaq üçün;
v) fövqəladə vəziyyətin hüquqi rejimi şəraitində nəqliyyat vasitələrini dayandırmaq üçün;
q) hərbi şəhərciklərə, hərbi eşalonlara və dəstələrə, mühafizə olunan obyektlərə, qurğulara və yüklərə, vətəndaşların mənzillərinə, dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, idarələrin və təşkilatların binalarına edilən qrup halında və ya silahlı basqını, o cümlədən nəqliyyat vasitələrindən istifadə olunmaqla edilən basqını dəf etmək üçün;
ğ) özlərində olan silahı və döyüş texnikasını təhvil vermək barəsində daxili qoşunların hərbi qulluqçularının qanuni tələblərini yerinə yetirməkdən imtina edən silahlı qrupların müqavimətini qırmaq və hüquqa zidd hərəkətlərə son qoymaq üçün.

Maddə 25. Daxili qoşunların hərbi qulluqçusunun şəxsi təhlükəsizliyi üçün təminatlar
Əgər daxili qoşunların hərbi qulluqçusu yaranmış şəraitdə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş qaydada silah işlətmək üçün əsasların yarana biləcəyini güman edirsə, onun silahı çıxarıb hazır vəziyyətə gətirmək hüququ vardır.
Tutulmuş şəxsin əlindəki soyuq və ya odlu silahla, yaxud bədən xəsarəti yetirə bilən əşya ilə daxili qoşunların hərbi qulluqçusuna yaxınlaşmaq, bu zaman hərbi qulluqçunun göstərdiyi məsafəni qısaltmaq, habelə hərbi qulluqçunun silahına toxunmaq cəhdləri hərbi qulluqçuya bu Qanunun 22-ci maddəsinin birinci hissəsinin «b» bəndinə müvafiq surətdə silah işlətmək hüququ verir.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hissələrin yeri (yerdəyişməsi), daxili qoşunların hərbi qulluqçularının xidmət və yaşayış yeri barəsində məlumatın kütləvi informasiya vasitələrində elan edilməsinə yol verilmir. Daxili qoşunların xidmət-döyüş fəaliyyəti barəsində məlumat yalnız hərbi hissə komandirinin, Daxili Qoşunlar Baş İdarəsi və ya hərbi təhsil müəssisəsi rəisinin icazəsi ilə verilə bilər.