III fəsil. Ekstradisiyanın prosedur qaydaları

 

Maddə 5. Şəxsin verilməsi haqqında sorğu
5.1. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] yazılı şəkildə təqdim olunan şəxsin verilməsi haqqında sorğuda aşağıdakılar göstərilməlidir:
5.1.1. sorğu edən xarici dövlətin səlahiyyətli orqanının adı;
5.1.2. sorğu edilən şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix, vətəndaşlığı, daimi yaşayış yeri və ya olduğu yer, zahiri görkəminin təsviri, şəxsiyyətinin və vətəndaşlığının müəyyən edilməsi üçün zəruri olan digər məlumatlar;
5.1.3. verilməyə əsas olan cinayətin təsviri, törədildiyi vaxtı, yeri, digər faktiki halları, müvafiq qanuna istinad etməklə törədilmiş əməlin hüquqi tövsifi;
5.1.4. cinayət nəticəsində vurulmuş maddi ziyanın həcmi və başqa zərərli nəticələri;
5.1.5. mümkün olduqda sorğu edilən şəxsin fotoşəkli və əl barmaqlarının izləri.
5.2. Şəxsin verilməsi haqqında sorğuya onun məqsədləri nəzərə alınmaqla aşağıdakı sənədlər əlavə edilir:
5.2.1. cinayətin törədilməsində ittiham olunan şəxs barəsində məhkəmə və ya başqa səlahiyyətli orqan tərəfindən çıxarılmış həbs qərarı və ya belə qərarın təsdiqlənmiş surəti;
5.2.2. verilməsi sorğu edilən şəxs məhkum olunmuşdursa, qanuni qüvvəyə minmiş hökm və ya onun təsdiqlənmiş surəti, verilməyə əsas olan cinayətə görə təyin edilən cəzanın çəkilməmiş hissəsi haqqında sənəd;
5.2.3. əməlin cinayət olmasını müəyyən edən, habelə cinayət məsuliyyətinə cəlbetmə və ya ittiham hökmünün icrası müddətlərinə aid olan sorğu edən dövlətin qanunlarının müvafiq maddələrinin tam mətni.
5.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] sorğu daxil olduğu vaxtdan ən geci yeddi gün müddətində təqdim olunmuş sənədləri yoxlayır və onların bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə xarici dövlətin səlahiyyətli orqanına müvafiq sənədlərin təqdim olunması haqqında müraciət edir. Bu müraciətə bir aydan gec olmayan müddətdə cavab alınmalıdır. Zəruri hallarda xarici dövlətin vəsatətinə əsasən bu müddət əlavə bir ay da uzadıla bilər.

Maddə 6. Verilməsi üçün şəxsin həbsə alınması
6.1. Şəxsin verilməsi haqqında sorğuda bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdursa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi] Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq şəxsin axtarışı və həbs edilməsi üçün lazımi tədbirlər görür.
6.2. Sorğu edilən şəxs həbs edildikdən sonra onun verilməsi məsələsinə baxılması üçün bütün sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə təqdim edilir.
6.3. Şəxsin həbsə alınması barəsində sorğu edən dövlətə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən təxirəsalınmadan məlumat verilir.
6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.

Maddə 7. Verilmə haqqında sorğu alınanadək şəxsin tutulması və həbsə alınması
7.1. Təxirəsalınmaz hallarda xarici dövlətin vəsatətinə əsasən verilmə haqqında sorğu alınanadək, şəxsin axtarışı, tutulması və həbs edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları [öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi] tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülür. Vəsatətdə bu Qanunun 5.2.1 və 5.2.2-ci maddələrində nəzərdə tutulan sənədlərin mövcud olması və şəxsin verilməsi haqqında sorğunun təxirə salınmadan təqdim ediləcəyi göstərilməlidir. Vəsatətdə həmçinin şəxsin verilməsinə əsas olan cinayət, onun törədilməsi vaxtı, yeri, verilməsi sorğu ediləcək şəxsin vətəndaşlığı və şəxsiyyəti haqqında məlumatlar əks etdirilməlidir.
7.2. Sorğu alınanadək şəxsin tutulması, həbsə alınması haqqında vəsatət teleqraf, poçt və ya yazılı şəkildə, təsdiq edilməsi mümkün olan başqa rabitə vasitələri, yaxud Kriminal polisin beynəlxalq təşkilatı (İnterpol) vasitəsi ilə təqdim edilə bilər.
7.3. Bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq şəxsin tutulması, həbsə alınması və ya bundan imtinanın səbəbləri haqqında sorğu edən dövlətə təxirəsalınmadan məlumat verilir.
7.4. Sorğu edən xarici dövlət şəxsin həbsə alınması haqqında rəsmi məlumat aldığı vaxtdan ən geci 18 gün müddətində verilmə haqqında sorğu və ya bu Qanunun 5-ci maddəsində göstərilən sənədləri təqdim etmədikdə, bu Qanunun 7.1-ci maddəsində göstərilən qaydada həbs edilmiş şəxs azad olunur. Üzürlü səbəblər olduqda vəsatət verən xarici dövlətin xahişinə əsasən bu maddədə göstərilən müddət şəxsin həbsə alınması haqqında rəsmi məlumat alındığı vaxtdan 30 gündən artıq olmamaq şərti ilə uzadıla bilər.
7.5. Şəxsin azad olunması sorğu alındıqdan sonra onun yenidən həbs edilməsini istisna etmir.

Maddə 8. Şəxsin verilməsi haqqında sorğuya baxılması
8.1. Ağır cinayətlər məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır və bu barədə müvafiq əsaslandırılmış qərar qəbul edir.
8.2. Ağır cinayətlər məhkəməsinin şəxsin verilməsi haqqında qərarından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət və ya protest verilə bilər.
8.3. Şəxsin verilməsindən imtina haqqında sorğu edən xarici dövlətin səlahiyyətli orqanına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən məlumat verilir.

Maddə 9. Verilməsi sorğu edilən şəxsin hüquqları
9.1. Barəsində bu Qanunla nəzərdə tutulmuş verilmə tədbirləri həyata keçirilən şəxs təxirəsalınmadan vətəndaşı olduğu dövlətin rəsmi nümayəndəsi və ya bu qismdə çıxış edən şəxslə əlaqə yaratmaq və onunla görüşmək hüququna malikdir.
9.2. Barəsində bu Qanunla nəzərdə tutulmuş verilmə tədbirləri həyata keçirilən şəxsin müdafiə və digər hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.

Maddə 10. Verilmənin təxirə salınması
10.1. Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb olunmuşdursa, yaxud cəza çəkirsə, onun verilməsi cinayət təqibi başa çatana, yaxud təyin edilmiş cəza çəkilənədək təxirə salına bilər.
10.2. Verilmənin təxirə salınmasının səbəbləri haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.
Maddə 11. Müvəqqəti verilmə
11.1. Bu Qanunun 10.1-ci maddəsində göstərilən şəxs xarici dövlətin ərazisində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi üçün müvəqqəti olaraq verilə bilər. Müvəqqəti verilmə şəxsin verilməsi haqqında bu Qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
11.2. Cinayət işi üzrə prosessual hərəkətlərin icrası başa çatdıqdan sonra, lakin müvəqqəti verildiyi vaxtdan üç aydan gec olmayaraq verilən şəxs Azərbaycan Respublikasına qaytarılmalıdır.
11.3. Xarici dövlətin səlahiyyətli orqanı bu Qanunun 11-ci maddəsinin tələblərinə əsasən şəxsin qəbul edilməsi haqqında yazılı şəkildə razılığını bildirməlidir. Şəxsin müvəqqəti verilməsi yalnız belə razılıq alındıqdan sonra həyata keçirilə bilər.

Maddə 12. Bir neçə xarici dövlətin sorğusu olduqda şəxsin verilməsi qaydası
12.1. Bir neçə xarici dövlət eyni şəxsin verilməsi barədə sorğu etdikdə, bu Qanunun müddəaları nəzərə alınmaqla, sorğu edilən şəxs bir qayda olaraq ərazisində cinayətin törədildiyi xarici dövlətə verilir.
12.2. Bir neçə xarici dövlətin ərazisində verilməyə əsas olan cinayət və ya cinayətlər bir neçə dövlətin ərazisində törədildikdə və bu dövlətlərin hər biri şəxsin verilməsi haqqında sorğu etdikdə, şəxsin verilməsi məsələsi həll edilərkən törədilmiş cinayətlərin ağırlığı, işin digər faktiki halları, cinayət törətmiş şəxsin vətəndaşlığı və sorğunun təqdim edilməsi tarixi nəzərə alınır.

Maddə 13. Şəxsin verilməsi qaydası
13.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] şəxsin verilməsi vaxtı və yeri haqqında xarici dövlətin müvafiq səlahiyyətli orqanına məlumat verir. Müəyyən olunmuş vaxtdan ən geci on beş gün müddətində xarici dövlət tərəfindən qəbul edilməyən sorğu edilən şəxs azad olunur.
13.2. Sorğu edən dövlətin vəsatətinə əsasən şəxsin qəbul edilməsi müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən bu Qanunun 13.1-ci maddəsində müəyyən olunmuş vaxtdan etibarən otuz gündən artıq olmamaq şərti ilə uzadıla bilər.
Maddə 14. Təkrar verilmə
Verilmiş şəxs cinayət məsuliyyətindən, yaxud cəza çəkməkdən yayındıqda və yenidən Azərbaycan Respublikasının ərazisinə qayıtdıqda xarici dövlətin vəsatətinə əsasən həmin dövlətə təkrar verilə bilər. Belə halda bu Qanunun 5-ci maddəsində göstərilən sənədlər tələb olunmur.