II fəsil. Yanğından mühafizə

 

Maddə 8. Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və onun əsas vəzifələri

Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir:

1) dövlət yanğından mühafizə;

2) idarədənkənar yanğından mühafizə;

3) könüllü yanğından mühafizə.

Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri:

1) yanğının qarşısının alınmasının və profilaktikasının təşkili;

2) insanların xilas edilməsi və yanğınların söndürülməsi.

Yanğından mühafizə bölmələrinin münaqişələrin və kütləvi iğtişaşların qarşısının alınması və aradan qaldırılması tədbirlərinə cəlb edilməsi qadağandır.

Maddə 9. Dövlət yanğından mühafizə

Dövlət yanğından mühafizə yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:

1) yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil edir;

2) Azərbaycan Respublikasında Dövlət yanğın nəzarətini aparır;

3) şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil edir və yerinə yetirir;

4) yanğınların söndürülməsini təmin edir;

5) yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və onun tətbiqini təşkil edir;

6) yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq keçməsini və ixtisasını artırmasını təmin edir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının yanğından mühafizə sisteminə başçılıq edir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində dövlət yanğın nəzarəti səlahiyyətlərinə malik olmaqla yanğınsöndürmə texnikası məhsulunun dövlət sifarişlərini verir və bu texnikaya dair tələbləri müəyyənləşdirir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının təşkilini, yenidən təşkilini, ləğv olunmasını, saxlanılmasını, strukturunu və fəaliyyət qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Maddə 10. İdarədənkənar yanğından mühafizə

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini həyata keçirən xüsusi bölmələr yaradıla bilər. Onların təşkilat strukturu və maliyyələşdirilmə qaydaları təsisçi tərəfindən müəyyən edilir.

İdarədənkənar yanğından mühafizə bölmələri bu Qanuna uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və tabe olduqları yuxarı orqanların rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərirlər.

Maddə 11. Könüllü yanğından mühafizə

Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, qulluqçular, mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könüllü yanğınsöndürmə dəstələri (komandaları) yaradıla bilər. Onlar haqqında Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Könüllü yanğınsöndürmə dəstələri (komandaları) üzvlərinin yanğının və ya qəzanın nəticələrinin aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçirilməsində iştirak etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün ödəniş müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada həyata keçirilir.