II fəsil. Terrorçuluğa qarşı mübarizənin təşkili. Terror əleyhinə əməliyyatların aparılması

 

Maddə 5. Terrorçuluğa qarşı mübarizəni həyata keçirən orqanlar

Terrorçuluğa qarşı mübarizənin zəruri qüvvələrlə, vasitələrlə təmin edilməsini, habelə terrorçuluğa qarşı mübarizə sahəsində rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Azərbaycan Respublikasının digər müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində bu Qanuna uyğun olaraq terrorçuluğa qarşı mübarizədə iştirak edirlər.

Maddə 6. Terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi

Dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər və vətəndaşlar terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar.

Terrorçuluğun aşkar edilməsində və qarşısının alınmasında, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsində kömək edə biləcək məlumatlar və hadisə barəsində hüquq-mühafizə orqanlarına xəbər vermək hər kəsin borcudur.

Maddə 7. Terror əleyhinə aparılan əməliyyatlara rəhbərlik

Terror əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xarakterindən asılı olaraq zəruri hallarda müvəqqəti əsaslarla (terror əməlinə qarşı aparılan əməliyyatın həyata keçirildiyi müddətə) terror əleyhinə əməliyyatları idarəetmə üzrə əməliyyat qərargahı yaradılır (bundan sonra — əməliyyat qərargahı) və həmin qərargaha rəhbər təyin olunur.

Əməliyyat qərargahının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

Terror əleyhinə aparılan əməliyyatlara cəlb edilmiş şəxsi heyət: hərbi qulluqçular, əməkdaşlar və mütəxəssislər əməliyyatın başlandığı andan əməliyyat qərargahının rəhbərinə tabedirlər.

Əməliyyat qərargahının rəhbəri terror əleyhinə aparılan əməliyyat zonasını, əməliyyatın xüsusiyyətlərini müəyyənləşdirir, habelə bu məqsədlə cəlb olunmuş qüvvələrin və vasitələrin istifadə edilməsi haqqında qərarlar qəbul edir.

Əməliyyat qərargahının rəhbəri digər qərarlar, o cümlədən terror əleyhinə aparılan əməliyyat zonasında qismən və müvəqqəti olaraq onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.

Əməliyyat qərargahının rəhbərinin göstərişləri terror əleyhinə aparılan əməliyyat zonasında bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.

Qərargahı yaratmış müvafiq icra hakimiyyəti orqanının rəhbərindən başqa heç kəs terror əleyhinə aparılan əməliyyat zamanı əməliyyat qərargahının rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi qərarları ləğv edə bilməz.

Maddə 8. Terror əleyhinə aparılan əməliyyatların qüvvə və vasitələrlə təmin edilməsi

Terror əleyhinə əməliyyatların aparılması məqsədilə əməliyyat qərargahı terrorçuluğa qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə edir.

Maddə 9. Terror əleyhinə aparılan əməliyyat zonasının hüquqi rejimi

Terror əleyhinə aparılan əməliyyat zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər:

1) zərurət olduqda küçələrdə və yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini buraxmamaq, nəqliyyat vasitələrinin yedəyə alınmasına icazə verməmək;

2) vətəndaşların və vəzifəli şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;

3) terror əleyhinə əməliyyatlar aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəldilmiş hərəkətlər törədən şəxsləri tutmaq və onları müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

4) terror aksiyalarının qarşısının alınması, bu aksiyaların həyata keçirilməsində şübhə edilən şəxslərin tutulması zamanı, əgər bu hərəkətlərin gecikdirilməsi insanların həyatını və sağlamlığını real təhlükəyə məruz qoyursa, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşların mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq təşkilatların, ictimai birliklərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə girmək;

5) terror əleyhinə aparılan əməliyyat zonasına gediş və ya bu zonadan çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşları, onların əşyalarını, nəqliyyat vasitəsini və nəqliyyat vasitəsində olan əşyaları, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin nəqliyyat vasitələri istisna olmaqla, texniki vasitələr tətbiq etməklə və ya etmədən gözdən keçirmək;

6) xidməti məqsədlər üçün, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin rabitə və nəqliyyat vasitələri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq vətəndaşlara, təşkilatlara, ictimai birliklərə məxsus olan rabitə və nəqliyyat vasitələrindən istifadə etmək.

Terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat qərargahının rəhbəri tərəfindən müəyyən edilir.

Maddə 10. Terrorçularla danışıqların aparılması

İnsanların həyatının və sağlamlığının, maddi sərvətlərin qorunması, habelə terror aksiyalarının qarşısının alınması imkanlarının öyrənilməsi məqsədilə terrorçularla danışıqların aparılmasına yol verilir.

Terrorçularla danışıqların aparılmasına yalnız əməliyyat qərargahının rəhbəri tərəfindən vəkil edilmiş şəxslər buraxılırlar.

Terrorçularla danışıqlar zamanı şərt olaraq terror aksiyalarının dayandırılması məqsədilə terrorçulara hər hansı bir şəxsin onun iradəsi əleyhinə olaraq verilməsi, siyasi tələblərin icra edilməsi, habelə tətbiqi insanların həyatına və sağlamlığına təhlükə yaradan silahların və ya başqa vasitələrin verilməsi qadağandır.

Terrorçularla danışıqların aparılması törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətdən onların azad edilməsinə əsas ola bilməz.

Maddə 11. Terror aksiyaları barəsində ictimaiyyətə məlumat verilməsi

Terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aksiyaları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir.

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Maddə 12. Terror əleyhinə aparılan əməliyyatın başa çatması

Terror aksiyasının qarşısı alındıqda və terror əleyhinə aparılan əməliyyat zonasında olan insanların həyatına və sağlamlığına qorxu yaradan təhlükə ləğv edildikdə terror əleyhinə aparılan əməliyyat başa çatmış hesab edilir.

Terror əleyhinə aparılan əməliyyatın başa çatması əməliyyat qərargahının rəhbəri tərəfindən elan edilir.