II fəsil. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar fəaliyyət

 

Maddə 3. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar fəaliyyətin məqsədi
Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir.

Maddə 4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinin əsasları və qaydaları

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanunla və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir.

Maddə 5. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi

5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinin tənzimlənməsi məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair siyahıların layihəsini tərtib edir və qərarlar qəbul edir.
5.2. Dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır.
5.3. Tibbi məqsədlərlə istifadə edilən narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi yalnız dövlət orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ölkə daxilində narkotik vasitələrə olan illik tələbatı müəyyən edir və narkotik vasitələrin dövriyyəsi yalnız həmin tələbat həcmində həyata keçirilir. Azərbaycan Respublikasının ərazisinə göstərilən miqdardan artıq narkotik vasitələrin gətirilməsinə yalnız müharibə, fövqəladə vəziyyət və ya təbii fəlakət şəraitində yol verilir.

Maddə 6. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar fəaliyyət növlərinə icazənin və ya lisenziyanın (xüsusi razılığın) verilməsi

6.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir.
6.2. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərə verilmiş hər bir icazə və ya lisenziya (xüsusi razılıq) barədə bildiriş dərhal narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin bildirişdə hüquqi və fiziki şəxsin tam adı, fəaliyyət növü, ünvanı, onlar barədə məlumatlar, icazənin və ya lisenziyanın (xüsusi razılığın) müddəti, istifadə olunan narkotik vasitələrin və psixotrop maddənin, onların prekursorlarının adı (azərbaycanca və latınca), saxlanılma yeri, istifadə üçün yararlıq müddəti və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər məlumatlar əks olunur.
6.3. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində hər hansı əməliyyatları yalnız müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün icazəsi və ya lisenziyası (xüsusi razılığı) olan əks tərəflə aparmalıdırlar. Bu tələbin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
6.4. Narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması yalnız dövlət orqanları tərəfindən həyata keçirilir. Alınmış hər bir yeni narkotik vasitə və psixotrop maddə barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verilir. Həmin məlumat 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq beynəlxalq təşkilatlara göndərilir.

Maddə 7. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində dövlət orqanlarının vəzifələri

7.1. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin və onların prekursorlarının idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:
7.1.1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının layihələrini tərtib edir;
7.1.2. bu qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi qaydasını müəyyən edir;
7.1.3. narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması qaydasını və bu fəaliyyətlə məşğul olan dövlət orqanlarının dairəsini müəyyən edir;
7.1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi, habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması qaydasını müəyyən edir;
7.1.5. narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzini yaradır;
7.1.6. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankını təşkil edir, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydasını müəyyən edir;
7.1.7. narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən edir;
7.1.8. qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını müəyyən edir;
7.1.9. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı, habelə narkomanlığın yayılması ilə mübarizə üzrə məqsədləri, vəzifələri və fəaliyyət istiqamətləri, o cümlədən tələb olunan maliyyə vəsaitləri və onların mənbələri göstərilməklə dövlət proqramının layihəsini hazırlayır.
7.2. Bu qanunun 7.1.1-ci maddəsində göstərilən siyahılar, habelə 7.1.9-cu maddəsində nəzərdə tutulmuş dövlət proqramı Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilir.

Maddə 8. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankının yaradılması

8.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankı yaradılır və bununla bağlı məlumatlar ora daxil edilir.
8.2. Ümummilli məlumat bankı üç bölmədən ibarətdir:
8.2.1. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;
8.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;
8.2.3. narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi.
8.3. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin qeydiyyatını aparan narkoloji-tibb müəssisəsi həmin şəxslər, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən digər şəxslər barəsində yalnız kəmiyyət göstəricilərini əks etdirən məlumatları ümummilli məlumat bankına daxil edir.

Maddə 9. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsinə dair Milli İnformasiya Mərkəzinin yaradılması

9.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzi yaradılır.
9.2. Milli İnformasiya Mərkəzinin əsas məqsədi narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan və obyektiv məlumatların məcmusunu təşkil etməkdir.
9.3. Milli İnformasiya Mərkəzi aşağıdakı məlumatları özündə əks etdirir:
9.3.1. narkotik vasitələrin və psixotrop maddələrin qeyri-tibbi və tibbi istifadəsi, onların tibbi, iqtisadi və digər nəticələri haqqında;
9.3.2. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onun nəticələri haqqında;
9.3.3. narkotik vasitələrə və psixotrop maddələrə olan tibbi və qeyri-tibbi tələbat haqqında;
9.3.4. narkotik vasitələrin və psixotrop maddələrin insanlara və cəmiyyətə vura biləcəyi zərərin və onlara olan qeyri-tibbi məqsədlərlə təklifin azaldılmasına yönəlmiş tədbirlər haqqında;
9.3.5. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası ilə bağlı şəxsi həyat sirri olmayan məlumatlar;
9.3.6. narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri tədbirlər haqqında;
9.3.7. narkotik vasitələrə və psixotrop maddələrə dair ölkədə aparılan epidemioloji tədqiqatların yekunları və ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi haqqında;
9.3.8. narkotik vasitələrə dair dövlət siyasətini və normativ hüquqi tənzimlənmə məsələləri əhatə edən məlumatlar.