II fəsil. Polis əməkdaşının səlahiyyətləri
Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri
I. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:
1) hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək;
2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək;
3) cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etmək və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görmək;
4) cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərərçəkmişlərə, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və ilk tibbi yardımın göstərilməsini təmin etmək;
5) tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək;
6) təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların və əmlakın xilasetmə tədbirlərində iştirak etmək;
6-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirmək;
7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.
II. Polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca əmr və ya göstəriş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar.
III. Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir.
IV. Polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir.
V. Polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur.
VI. Hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur.
VII. Polis əməkdaşı açıq-aşkar qanuna zidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.
VIII. Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 14. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) hər bir şəxsin təhlükəsizliyini təmin etmək;
2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq;
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının və məhkəmələrin qərarlarını icra etmək;
4) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq;
5) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq;
6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya və ya epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək;
7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək;
8) müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, habelə tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək;
9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq;
10) digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək;
11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək;
12) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq;
13) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Maddə 15. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri
Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək;
2) cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsini, qeydiyyatdan keçirilməsini və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
5) bu maddənin 1—4-cü bəndlərində göstərilən məsələlər üzrə məhkəmənin (hakimin) və ya prokurorun qərarlarını, habelə müstəntiqin və ya təhqiqatçının qərarlarını və yazılı tapşırıqlarını icra etmək.
Maddə 15-1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının vəzifələri
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericilikdə göstərilmiş yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi, təhsili və saxlanması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparmaq;
2) yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmənin qərarını yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə çatdırılması hissəsində icra etmək;
3) inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə öz səlahiyyətləri daxilində baxmaq;
4) müvafiq dövlət orqanlarına və müəssisələrə yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəb və hallar barədə məlumat vermək.
Maddə 16. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) nəqliyyatın və piyadaların hərəkətini nizama salmaq, sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarının gözlənilməsinə nəzarət etmək, yol hərəkətinin təhlükəsizliyini təmin etmək;
2) yolların təmiri, tikintisi, layihələşdirilməsi, istismarı və onlara xidmət zamanı yol hərəkəti təhlükəsizliyinin tələbləri ilə bağlı qüvvədə olan qaydalara, normativlərə və standartlara əməl olunmasına nəzarət sahəsində öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
3) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
4) təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsində dövlət nəzarətini təmin etmək;
5) yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək;
6) yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul etmək və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini vermək;
7) nəqliyyat vasitələrinin və qoşquların qeydiyyatını aparmaq, onlara dövlət nömrə nişanlarını vermək.
Maddə 17. Polis əməkdaşının ümumi hüquqları
Üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək;
2) cinayət və ya inzibati xəta törtməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq;
3) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq;
4) cinayətin və digər hüquqpozmanın törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş qaydada dövlət və qeyri-dövlət orqanlarına, müəssisələrə, idarələrə, təşkilatlara, siyasi partiyalara, ictimai birliklərə, həmkarlar ittifaqları təşkilatlarına və vəzifəli şəxslərə baxılması məcburi olan təqdimatlar vermək;
5) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yaşayış binalarına və ya digər tikililərə, torpaq sahələrinə, müəssisə, idarə, təşkilatların ərazilərinə və tikililərinə daxil olmaq;
6) xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna edilməklə, son zərurət vəziyyətində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrində hadisə yerinə getmək, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri tibb müəssisələrinə çatdırmaq və cinayət törətmiş şəxsləri təqib etmək üçün bu nəqliyyat vasitələrindən istifadə etmək (belə hallarda nəqliyyat vasitələri sahiblərinin tələbi ilə onlara dəymiş ziyan polis tərəfindən ödənilməlidir);
7) dəbilqə, qalxan, zirehli köynək və digər fərdi mühafizə vasitələrindən istifadə etmək;
8) bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək.
Maddə 18. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək;
2) ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;
3) inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi baxış keçirmək, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq;
4) cinayət və ya inzibati xəta törətməkdə şübhələnilən hərbi qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta, qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlara təhvil vermək;
5) ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək;
6) inzibati qaydada həbs edilmiş, inzibati nəzarətdə olan, habelə polisdə profilaktika uçotunda olan şəxslərin fotoşəklini çəkmək və Qanunla müəyyən edilmiş hallarda barmaq izlərini götürmək;
7) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada avaralıqla və ya dilənçiliklə məşğul olan şəxsi qəbuletmə-bölüşdürmə məntəqəsinə gətirmək;
8) ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb müəssisələrinə gətirmək;
9) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada təyin olunmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən yayınan yetkinlik yaşına çatmayan şəxsi tutmaq və xüsusi tərbiyə müəssisəsinə gətirmək;
10) hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zərərli maddələrin və digər zərərli materialların saxlandığı və istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi obyektlər istisna olmaqla) baxış keçirmək, bu cür əşyaların, maddələrin və materialların istifadəsi barədə müəyyənləşdirilmiş qaydaların pozuldığı aşkar edildikdə qüsurların aradan qaldırılması haqqında icrası məcburi olan yazılı göstərişlər vermək və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək;
11) saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çıxarılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, maddələri, materialları və qurğuları götürmək, sahibsiz əmlakın saxlanılmasını təmin etmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada onlar barəsində məsələnin həll edilməsi üçün tədbirlər görmək.
Maddə 19. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının hüquqları
Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) hazırlanan və törədilmiş cinayətlər haqqında ərizə və məlumatları yoxlamaq;
2) cinayətin açılması, təhqiqatın və istintaqın aparılması ilə əlaqədar hüquqi və fiziki şəxslərdən, dövlət sirri təşkil edən sənədlər istisna olmaqla, zəruri izahatlar, məlumatlar, arayışlar, sənədlər almaq, cinayət törətməkdə şübhələnilən şəxslərin barmaq izlərini götürmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada prosessual hərəkətləri həyata keçirmək;
3) əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək;
4) cinayətin törədilməsi şəraitinin, onu törədən şəxsin, zərərçəkənlərin və şahidlərin müəyyənləşdirilməsi, gizlənən cinayətkarların və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı üçün dövlət informasiya vasitələrinin imkanlarından pulsuz istifadə etmək.
Maddə 19-1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının hüquqları
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar etmək, onlar barəsində öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək;
2) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması üzrə öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu barədə müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə təkliflər vermək;
3) hüquq pozuntuları törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirlər görmək, habelə müvafiq təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər vermək;
4) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhkəmənin qərarına əsasən yetkinlik yaşına çatmayan şəxsi saxlamaq və yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzinə gətirmək, habelə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsini icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayan şəxsin müəssisəyə qaytarılması üçün tədbirlər görmək.
Maddə 20. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq;
2) nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək;
3) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq;
4) yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq;
5) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək;
6) yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək;
7) təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;
8) texniki vəziyyəti müəyyənləşdirilmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
9) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək.