I fəsil. Ümumi müddəalar

 

Bu qanun Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləməni həyata keçirir, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, həmçinin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların (bundan sonra—təşkilatlar) və onların vəzifəli şəxslərinin, Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra—vətəndaşlar) bu sahədə hüquqlarını, vəzifə və məsuliyyətlərini müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. səfərbərlik hazırlığı—dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanmasına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin (bundan sonra—xüsusi birləşmələr) hazırlığına aid dinc dövrdə əvvəlcədən keçirilən tədbirlər kompleksidir;
1.0.2. səfərbərlik—Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.
Maddə 2. Səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Səfərbərlik elan olunması
3.1. Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur.
3.2. Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.
Maddə 4. Səfərbərlik hazırlığının və səfərbərliyin əsas prinsipləri və bu sahədə dövlətin vəzifələri
4.1. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik ölkənin müdafiəsinin təşkilinin tərkib hissəsidir.
4.2. Səfərbərlik hazırlığı və səfərbərliyin əsas prinsipləri aşağıdakılardır:
4.2.1. mərkəzləşdirilmiş rəhbərlik;
4.2.2. qabaqcadan hazırlıq, planlı iş və nəzarət;
4.2.3. kompleks yanaşma və qarşılıqlı razılaşdırma.
4.3. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
4.3.1. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləmə;
4.3.2. səfərbərlik hazırlığı və səfərbərliyin elmi və metodiki təminatı;
4.3.3. səfərbərlik zamanı və müharibə dövründə dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların iş rejiminin müəyyənləşdirilməsi və hazırlığı;
4.3.4. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi ilə bağlı tədbirlərin görülməsi;
4.3.5. Azərbaycan Respublikası iqtisadiyyatının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarının (bundan sonra—səfərbərlik planları) işlənib hazırlanması;
4.3.6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərliyə hazırlığı;
4.3.7. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərliyinin keçirilməsi;
4.3.8. Azərbaycan Respublikası iqtisadiyyatının səfərbərliyə və müharibə dövrü şəraitinə hazırlığı;
4.3.9. Azərbaycan Respublikası iqtisadiyyatının müharibə dövrü şəraitinə keçirilməsinə dair tədbirlərin görülməsi;
4.3.10. Azərbaycan Respublikasının səfərbərlik hazırlığı vəziyyətinin qiymətləndirilməsi;
4.3.11. müharibə dövründə dövlətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə məhsulların istehsal olunması üçün qüvvələrin səfərbər olması, istehsal obyektlərinin yaradılması, inkişaf etdirilməsi və qorunub saxlanılması;
4.3.12. səfərbərlik elan olunarkən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə verilməsi, yaxud onların mənafeyi, habelə Azərbaycan Respublikası iqtisadiyyatının ehtiyacı üçün istifadə olunması məqsədi ilə xüsusi birləşmələrin yaradılması və hazırlanması;
4.3.13. səfərbərlik elan olunarkən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə verilməsi, yaxud onların mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün nəzərdə tutulmuş texnikanın hazırlanması;
4.3.14. maddi sərvətlərin səfərbərliyi və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması və təzələnməsi;
4.3.15. silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması və saxlanılması;
4.3.16. səfərbərlik zamanı və müharibə dövründə əhalinin ərzaq və qeyri-ərzaq malları ilə normalara uyğun təchizatının, onlara tibbi xidmət göstərilməsinin, rabitə, nəqliyyat vasitələri ilə təminatının hazırlanması və təşkili;
4.3.17. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların, müəyyən olunmuş qaydada, ehtiyat idarəetmə məntəqələrinin yaradılması və onların müharibə dövrü şəraitində fəaliyyətə hazırlanması;
4.3.18. kütləvi informasiya vasitələrinin səfərbərlik zamanı və müharibə dövrü üçün işə hazırlanması;
4.3.19. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda hərbi uçotun təşkili;
4.3.20. səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin komplektləşdirilməsi üçün vətəndaşların hərbi uçot ixtisaslarına görə hazırlanması;
4.3.21. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifələrin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi;
4.3.22. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsi;
4.3.23. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılması;
4.3.24. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində beynəlxalq əməkdaşlıq.