I fəsil. Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

Bu qanunda aşağıdakı anlayışlar istifadə olunur:

 terrorçuluq—ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.

 terrorçu — hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs;

 terror qrupu — terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsidir;

 terror təşkilatı — terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir;

 terrorçuluğa qarşı mübarizə — terror fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması, habelə terror nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyətdir;

 terror əleyhinə aparılan əməliyyatlar — terror aksiyalarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərksilah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aksiyası nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlərdir;

 terror əleyhinə aparılan əməliyyat zonası — ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitəsində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və ona bitişik ərazilərdə və ya akvatoriyada əməliyyatların aparıldığı hüdudlardır;

 terror fəaliyyəti — terror aksiyalarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aksiyalarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aksiyalarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyətdir;

 beynəlxalq terror fəaliyyəti — terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyətdir.

 terrorçuluğun maliyyələşdirilməsi — əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;

 pul vəsaitləri və ya digər əmlak — əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, həmçinin bank kreditləri, yol çekləri, bank çekləri, poçt göndərişləri, səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də daxil olmaqla, bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar.

Maddə 2. Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik

Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Terrorçuluğa qarşı mübarizənin məqsədi

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir:

1) insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi;

2) terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;

3) terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin, habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi.

Maddə 4. Terrorçuluğa qarşı mübarizənin əsas prinsipləri

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:

1) qanunçuluğun təmin edilməsi;

2) terror fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cəzanın labüdlüyü;

3) terrorçuluğa qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi;

4) hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərin kompleks istifadəsi;

5) terror fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü;

6) terrorçuluq əleyhinə aparılan əməliyyatlara cəlb olunmuş qüvvələrin idarə edilməsində təkbaşçılıq;

7) terrorçuluq əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq.