I Fəsil.Ümumi müddəalar

 

Maddə 1. Korrupsiyanın anlayışı

Korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri

2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər;

2.1.1 Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

2.1.2 xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

2.1.3 inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.4 dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.5 Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

2.1.6 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

2.1.7 yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.8 qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.9 öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

2.1.10 vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər;

2.2 Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.

Maddə 3. Qanunun tətbiq dairəsi

Bu qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.

Maddə 4. Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar

4.1. Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər.

4.2. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra “Komissiya”) həyata keçirir.

4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.