I fəsil. Ümumi müddəalar

 

Maddə 1. Ekstradisiya haqqında qanunvericilik
1.1. Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi Azərbaycan Respublikası Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyi, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə tənzimlənir.
1.2. Cinayət törətmiş şəxsin (bundan sonra — şəxs) verilməsinə dair Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə qarşılıqlı yardım prinsipinə riayət olunmaqla bu Qanunun müddəaları tətbiq edilir.
1.3. Bu Qanunun müddəaları şəxsin beynəlxalq məhkəmə orqanlarına təslim edilməsinə şamil olunmur.
Maddə 2. Ekstradisiyanın şərtləri
2.1. Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldıqda və həmin əməlin törədilməsinə görə azı bir il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduqda verilə bilər.
2.2. Törətdiyi cinayətə görə xarici dövlətin məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına, yaxud daha ağır cəza növünə məhkum olunmuş şəxs cəzanın icrası üçün verilə bilər. Bu halda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti altı aydan az ola bilməz.
2.3. Bir neçə cinayətə görə verilməsi sorğu edilən şəxs yalnız törədilməsinə görə nəzərdə tutulan cəzanın növü və həddi bu Qanunun 2.1–2.2-ci maddələrində cəzanın növü və müddəti ilə əlaqədar müəyyən edilmiş şərtlərə cavab verən cinayətə və ya cinayətlərə görə verilə bilər. Belə hallarda həmin şəxsə bu Qanunun 4-cü maddəsinin müddəaları şamil edilir.