I fəsil. Ümumi müddəalar

 

Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər yetirən nəzarətsiz yanmadır;

2) yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur;

3) yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür;

4) yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, inzibati-ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır;

5) yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir;

6) yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;

7) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə yönəldilmiş qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlərin məcmusudur;

8) yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların (ərazilərin) sazlanması qaydasıdır;

9) yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir;

10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların söndürülməsinə yönəldilmiş əməliyyatlardır;

11) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün yanğından mühafizənin apardığı operativ əməliyyatdır;

12) yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir;

13) yanğından mühafizə qarnizonu — müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin məcmusudur.

Maddə 2. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətlərin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən dövlət yanğından mühafizə və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və prinsiplərini müəyyən edir.

Bu Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında dövlət orqanlarının,mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların; eləcə də vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi, insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nazama salır.

Maddə 3. Yanğın təhlükəsizliyi haqqında qanunvericilik

Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Kostitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 4. Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlər

Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aşağıdakılar aiddir:

1) yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi;

2) respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi;

3) dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət olunması;

4) dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərclərinin planlaşdırılması və icrası;

5) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi;

6) dövlət yanğın nəzarətinin təşkili;

7) yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının, habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosail və iqtisadi cəhətdən həvəsləndirilməsi;

8) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti qurumlarının əməkdaşlarının sayının müəyyənləşdirilməsi;

9) yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının müəyyənləşdirilməsi;

10) dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə texnikası məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq edilməsi;

11) dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin statistika uçotu sistemlərinin yaradılması;

12) mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının müəyyənləşdirilməsi;

13) yanğından mühafizə və yanğın nəzarəti qurumları üçün kadrların hazırlanmasının, yenidən hazırlıq keçməsinin və ixtisasının artırılmasının təşkili;

14) yanğından mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün fərqləndirmə nişanlarının və geyim formasının müəyyənləşdirilməsi;

15) yanğından mühafizə və yanğın nəzarəti qurumlarının şəxsi heyətinin, ehtiyatda (istefada) olan şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi;

16) yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək göstərilməsi;

17) dövlət büdcəsinin vəsaiti hesabına yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərcləri hissəsinin işlənib hazırlanması, təsdiq və icra olunması;

18) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yaradılması, yenidən təşkili və ləğv edilməsi;

19) yerli məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi;

20) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına və söndürülməsinə cəlb edilməsi.

Maddə 5. Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri

Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aşağıdakı vəzifələri vardır:

1) tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;

2) müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

3) yanğından mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək;

4) yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;

5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;

6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;

5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;

6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;

7) müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

8) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.

Maddə 6. Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri

Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır:

1) öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək;

2) müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər vermək;

3) müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi sahəsində iş aparmaq;

4) yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi tədbirlərini müəyyənləşdirmək;

5) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.

Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır:

1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;

3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;

4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək;

5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;

6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək;

7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtkü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;

8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;

9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;

10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək.

Maddə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri

Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır:

1) yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi;

2) yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməsi;

3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində iştirakı;

4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.

Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır:

1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək;

2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq;

3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək;

4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görmək;

5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək;

6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.