Fəsil I. Ümumi müddəalar

 

Bu Qanun Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatının məqsədini, prinsiplərini və növlərini, habelə dövlət daktiloskopik qeydiyyatının aparılması sahəsində yaranan ictimai münasibətləri nizamlayır.
Fəsil I. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən daktiloskopik məlumatların alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, insan şəxsiyyətinin müəyyənləşdirilməsi və ya təsdiqi üzrə bu qanunla nəzərdə tutulan fəaliyyətdir;
2) daktiloskopik məlumat—insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatdır;
3) maddi daşıyıcılar—daktiloskopik məlumata malik olan maqnit və ya digər növ yazı daşıyıcıları, daktiloskopik xəritələrdir;
4) məlumat massivi—maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusudur.

Maddə 2. Dövlət daktiloskopik qeydiyyatının məqsədi
İnsan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı aparılır və daktiloskopik məlumatlardan istifadə olunur.

Maddə 3. Dövlət daktiloskopik qeydiyyatı haqqında qanunvericilik
Dövlət daktiloskopik qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan, digər müvafiq qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Dövlət daktiloskopik qeydiyyatının prinsipləri
Dövlət daktiloskopik qeydiyyatı Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, humanizmin, məxfilik, könüllülük və məcburiliyin uzlaşması prinsiplərinə müvafiq həyata keçirilir.
Dövlət daktiloskopik qeydiyyatının aparılması prosesində insan sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.

Maddə 5. Dövlət daktiloskopik qeydiyyatından keçməli olan şəxslər
Bu qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasında:
1) Azərbaycan Respublikası vətəndaşlarının;
2) Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş əcnəbilərin;
3) Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş vətəndaşlığı olmayan şəxslərin dövlət daktiloskopik qeydiyyatı aparılır.

Maddə 6. Daktiloskopik məlumatdan istifadə
Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan daktiloskopik məlumatlar:
1) itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin axtarışında istifadə üçün;
2) naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün;
3) səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün;
4) qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin təsdiq edilməsi üçün;
5) cinayətlərin qarşısının alınması, açılması və araşdırılması, habelə inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və baxılması üçün istifadə edilir.

Maddə 7. Dövlət daktiloskopik qeydiyyatının növləri
Bu qanuna müvafiq olaraq könüllü dövlət daktiloskopik qeydiyyatı və ya məcburi dövlət daktiloskopik qeydiyyatı aparılır.

Maddə 8. Məcburi dövlət daktiloskopik qeydiyyatı
Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:
1) müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşları;
2) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;
3) mədən və şaxtalarda işləyənlər;
4) dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;
5) şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
6) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
7) cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
8) müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
9) Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.
Naməlum meyitlər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.