Fəsil III. Daktiloskopik məlumatların saxlanılması, istifadəsi və məhvi

 

Maddə 11. Daktiloskopik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri
Daktiloskopik məlumatların saxlanılması və istifadə edilməsi şərtləri onun itirilməsini, təhrif olunmasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməsini istisna etməlidir.
Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatların saxlanılması, sistemləşdirilməsi və istifadəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanları daktiloskopik məlumatların alınmasını, uçotunu, saxlanılmasını və verilməsini, bu qanunla nəzərdə tutulan tələblərə riayət etməklə məlumat massivlərinin yaradılmasını müstəqil həyata keçirirlər. Bu qanunun 10-cu və 13-cü maddələrində göstərilən dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
Maddə 12. Daktiloskopik məlumatların saxlanılması müddətləri
Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:
1) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci, 5-9-cu bəndlərində göstərilən şəxslər haqqında məlumatlar (14-cü maddədə qeyd edilmiş hallar istisna edilməklə) onlar səksən yaşına çatana qədər və ya ölüm faktı müəyyən edilənədək;
2) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 2-4-cü bəndlərində göstərilən şəxslər haqqında məlumatlar onların müvafiq müəssisə və təşkilatlarda işlədikləri (müvafiq fəaliyyətlə məşğul olduqları) müddətdə;
3) naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin on beş ildən çox olmamaqla).
Maddə 13. Daktiloskopik məlumatların istifadəsi və alınması hüququ
Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, Azərbaycan miqrasiya xidməti orqanları daktiloskopik məlumatlardan istifadə etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məlumat massivlərində saxlanan daktiloskopik məlumatların alınması hüququ Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətlərə verilə bilər.
Maddə 14. Daktiloskopik məlumatların məhv edilməsi
Könüllü dövlət daktiloskopik qeydiyyatı aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının, həmin qeydiyyatı keçmiş azyaşlıların və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin, yaşadıqları yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verdikləri yazılı ərizələrinə əsasən məhv edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı daktiloskopik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizə sahibini xəbərdar edir.
Bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 5-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumat onların saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirildiyi halda daktiloskopik məlumatlar onların yazılı ərizələrinə, habelə həmin şəxslərin valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir.
Bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar onlar barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec olmayaraq məhv edilir.
Məcburi dövlət daktiloskopik qeydiyyatı aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar bu qanunun 12-ci maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilirlər.