Bölmə XI. Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər

 

Bölmə XI. Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər

Otuz birinci fəsil. Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər

Maddə 274. Dövlətə xəyanət

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—

  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. (69, 90)

Maddə 275. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə

275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—

  • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

  • on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)

Maddə 276. Casusluq

Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—

  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69, 90)

Maddə 277. Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)

Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)—

  • on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90, 101)

Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama

Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—

  • on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. (90)

Maddə 279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma

279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə—

  • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə—

  • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda—

  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69, 90)

Maddə 280. Silahlı qiyam

Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etmə—

  • on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)

Maddə 281. Dövlət əleyhinə yönələn açıq çağırışlar

281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə—

  • beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə—

  • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 282. Təxribat

282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—

  • səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—

  • on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)

Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması

283.1. Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləviinformasiya vasitələrindən istifadə olunmaqla törədildikdə—

  • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283.2. Eyni əməllər:

283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;

283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—

  • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 15,45, 61, 89)

Maddə 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma

283-1.1. Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə —

  • doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə —

  • on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə —

  • yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283-1.4. Bu Məcəllənin 283-1.1 — 283-1.3-cü maddələrində nəzərdə tutulan hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma —

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 283-1.1 — 283-1.3-cü maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. (89)

Maddə 284. Dövlət sirrini yayma

284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

  • beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (92)

Maddə 284-1. Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi

Dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda —

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (92)

Maddə 285. Məzmununda dövlət sirri olan sənədləri itirmə

Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—

  • üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Otuz ikinci fəsil. Ədalət mühakiməsi əleyhinə olan cinayətlər

Maddə 286. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma

286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə—

  • iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

286.2. İşin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə—

  • iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

  • beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 82)

Maddə 287. Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmə

İşin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni fəaliyyətlərinə mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı iclasçıların, habelə prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, icra məmurunun, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə—

  • on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (63, 90, 94)

Maddə 288. Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə

288.1. İşin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə—

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

288.2. Eyni əməllər işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması, hökmün yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə onların yaxın qohumları barəsində törədildikdə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

288.3. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—

  • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

288.4. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə—

  • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45,63, 94)

Maddə 289. Məhkəməyə hörmətsizlik etmə

289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə—

  • üç yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüzsaatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə—

  • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 82, 94)

Maddə 290. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə

290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə—

  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

290.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə—

  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 291. Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə

Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən cinayətin törədilməsində şübhə edilən və ya təqsirləndirilən şəxsi qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə—

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 292. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama

292.1. Bilə-bilə qanunsuz tutma—

  • üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama—

  • iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

292.2-1. Bilə-bilə qanunsuz həbs yerində saxlama —

  • dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

292.3. Bu Məcəllənin 292.1-ci, 292.2-ci və ya 292.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—

  • dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61,88)

Maddə 293. İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza

293.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, həmin əməldə bu Məcəllənin 293.2-ci maddəsində nəzərdə tutulmuş işgəncə əməlinin əlamətləri olmadıqda —

  • üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

293.2. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

293.3. Eyni əməllər sağlamlığa ağır və ya az ağır zərər vurmaqla törədildikdə —

  • altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində «işgəncə» dedikdə, şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. (72)

Maddə 294. Sübutları saxtalaşdırma

294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

294.2. Cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutları saxtalaşdırma—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

294.3. Ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 295. Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma

295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—

  • beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1,45)

Maddə 296. Bilə-bilə yalan xəbərçilik etmə

296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—

  • üç yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

296.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—

  • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45,72, 82)

Maddə 297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə

297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə—

  • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

  1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərarçıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.
  2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. (1,18,45, 61, 82)

Maddə 298. Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi

Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—

  • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. (1, 45, 82)

Maddə 299. İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma

299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

299.2. Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və ya tərcüməçini yanlış tərcümə etməyə məcbur etmə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə törədildikdə—

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

299.3. Bu Məcəllənin 299.2-ci maddəsində nəzərdə tutulmuş əməllər həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

299.4. Bu Məcəllənin 299.1 və ya 299.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən və ya həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə—

  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45,82)

Maddə 300. Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma

Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 101)

Maddə 301. Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

301.1. Hakimlər, andlı iclasçılar, icra məmurları, prokurorlar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

  • bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45,63, 94)

Maddə 302. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma

302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

302.2. Eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuştexniki vasitələrdən istifadə edilməklə törədildikdə—

  • min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

302.3. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə —

  • min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 60, 61)

Maddə 303. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər

303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

303.2. Məhkəmənin hökmünə əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icra olunmasından başqa cür yayınma—

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya beş yüz manatadəkmiqdarda cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 82)

Maddə 304. Azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma

304.1. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması—

  • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

304.2. Eyni əməllər:

304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;

304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla törədildikdə—

  • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (88)

Maddə 305. Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma

Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması—

  • bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (1, 45, 59, 61, 76, 82)

Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə

307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə —

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə—

  • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz. (1, 45)

Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər (29, 64)

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə

308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu fəslin maddələrində «vəzifəli şəxs» dedikdə, aşağıdakı şəxslər başa düşülür:

  1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
  2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;
  3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;
  4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;
  5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
  6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;
  7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar.(1,3,29, 45, 46, 64, 69, 94)

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərinhüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—

  • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 29, 45, 69)

Maddə 310. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə

Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərinhüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 29, 45, 82)

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)

311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

3.11.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—

  • əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 311.3.3-cü maddəsində «külli miqdar» dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür. (1, 29, 45, 64, 69)

Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq)

312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi —

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—

  • iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. (1, 29,45, 64, 69)

Maddə 312-1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)

312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi —

    • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

312-1.2. Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi —

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (29, 45, 64, 69)

Maddə 313. Vəzifə saxtakarlığı

Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərəvə ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 29, 34, 45, 64, 69)

Maddə 314. Səhlənkarlıq

314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 29, 45, 82)

Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə

314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (17, 29, 103)

Maddə 314-2. Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə

314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə

  • bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-2.2. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə

  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-2.3. Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (20, 29, 39, 96,103)

Maddə 314-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması

314-3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması

  • bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-3.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-3.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(39)

Otuz dördüncü fəsil. İdarəetmə qaydası əleyhinə olan cinayətlər

Maddə 315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə

315.1. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə

  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə—

  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (101)

Maddə 316. Cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

  • bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma

316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma—

  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

  • bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu maddədə «konfidensial məlumat» dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür. (25, 45, 82)

Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında məlumatları yayma

316-2.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması –

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

316-2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması —

  • iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (52)

Maddə 317. Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma

317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə—

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə—

  • beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317.3. Bu Məcəllənin 317.1 və ya 317.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə—

  • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 317-1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi

317-1.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi—

  • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (44,45)

Maddə 317-2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi —

  • altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317-2.2. Eyni əməllər təkrar törədildikdə—

  • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (44)

Maddə 318. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə

318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—

  • iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə—

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir. (1, 2, 45)

Maddə 318-1. Qanunsuz miqrasiyanın təşkili

318-1.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə —

  • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

318-1.2. Eyni əməllər:

318-1.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

318-1.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

318-1.2.3. təkrar törədildikdə;

318-1.2.4. insan həyatı üçün təhlükəli üsulla törədildikdə —

  • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (86)

Maddə 318-2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi —

  • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. (97)

Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə

319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—

  • iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

  • dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə

320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—

  • iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 48, 61, 82)

Maddə 321. Hərbi xidmət keçməkdən boyun qaçırma

321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—

  • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —

  • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 322. Özbaşınalıq

322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—

  • beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—

  • min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 82)

Maddə 323. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini ləkələmə və ya alçaltma

323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma —

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. (1, 45)

Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—

  • iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 325. Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma

Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—

  • üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 326. Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə

326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə—

  • beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama—

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 48, 61)