Bölmə VII. Sülh və insanlıq əleyhinə cinayətlər
Bölmə VII. Sülh və insanlıq əleyhinə cinayətlər (3)
On altıncı fəsil. Sülh və insanlıq əleyhinə cinayətlər (3)
Maddə 100. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
- səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100.2. Təcavüzkar müharibəni aparma—
- on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)
Maddə 101. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
101.2. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən törədildikdə—
- üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)
Maddə 102. Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 103. Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir. (3, 90)
Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 105. Əhalini məhv etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105-113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir. (3, 90)
Maddə 106. Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq məqsədi ilə törədildikdə—
- yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl—
- beş ilədən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 107. Əhalini deportasiya etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma—
- on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108. Cinsi zorakılıq
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə—
- on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)
Maddə 108-1. Məcburi hamiləlik
Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum etmə –
- on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (3, 90)
Maddə 109. Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, insanlıq əleyhinə digər cənayətlərlə əlaqədar olduqda—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 110. İnsanları zorakılıqla yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə—
- on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)
Maddə 111. İrqi ayrıseçkilik (aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fiziki məhvi ilə nəticələnə biləcək yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək, həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq, vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fikir və söz azadlığı, toplaşmaq və birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və qettoların yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi qruplar arasında qarışıq nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və ya onların üzvlərinə mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı çıxan şəxsləri və təşkilatları, əsas hüquq və azadlıqlardan məhrum etmə vasitəsilə təqib etmə—
- on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)
Maddə 112. Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə—
- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 113. İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə—
- yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
On yeddinci fəsil. Müharibə cinayətləri
Maddə 114. Muzdluluq
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—
- səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—
- doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—
- beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.
2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur. (89)
Maddə 115. Müharibə qanunlarını və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—
- iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
- on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə—
- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)
Maddə 116. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;
116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;
116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;
116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;
116.0.8-1. hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;
116.0.8-2. mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;
116.0.8-3. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə;
116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozma;
116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;
116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;
116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;
116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;
116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;
116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;
116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə;
116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmə—
on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 116.0.8-1-116.0.8-3-cü maddələrində «mədəni sərvət» dedikdə, aşağıdakılar başa düşülür:
1. hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; həmçinin elmi kolleksiyalar və ya kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
2. bu «Qeyd»in 1-ci bəndində göstərilmiş, əsas və həqiqi məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, iri kitabxanalar, arxivlər, habelə həmin bənddə göstərilmiş daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
3. bu «Qeyd»in 1-ci və 2-ci bəndlərində göstərilmiş mədəni sərvətlərin çox olduğu «mədəni sərvətlərin cəmləşdiyi mərkəz» adlandırılan mərkəzlər. (3, 9, 43, 74, 90)
Maddə 117. Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
117.2. Döyüş bölgələrində heç kəsin saq buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərancam vermə—
- on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (90)
Maddə 118. Hərbi soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —
- üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 119. Müdafiə olunan nişanlardan sui-istifadə
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə—
- iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119.2. Aq bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (9, 43)