Bölmə VI. Cinayət-hüquqi xarakterli digər tədbirlər
Bölmə VI. Cinayət-hüquqi xarakterli digər tədbirlər (69)
On beşinci fəsil. Tibbi xarakterli məcburi tədbirlər
Maddə 93. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:
93.1.1. Bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə;
93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.
93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:
93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.
93.2. Bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir. (102)
Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
93-1.1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir.
93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. (102)
Maddə 94. Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi
Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. (102)
Maddə 95. Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri
95.0. Məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. (102)
Maddə 96. Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Maddə 97. Psixiatriya stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
Maddə 98. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi
98.1. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.
98.2. Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir. (102)
Maddə 99. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır. (102)
Fəsil 15-1. Xüsusi müsadirə (69)
Maddə 99-1. Xüsusi müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:
99-1.1.1. məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla);
99-1.1.2. məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla);
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
99-1.3. Məhkum tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. (69)
Maddə 99-2. Əmlakın dəyərinə görə müsadirə
Bu Məcəllənin 99-1.1.2—99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir. (69)
Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən, ilk növbədə, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək əmlakı olmadıqda, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. (69)
Fəsil 15-2. Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər (69) (qüvvəyə minməyib)
Maddə 99-4. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir.
99-4.4. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.
99-4.6. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167-169, 169-1, 170-171-1, 193-1, 194, 200-1, 200-2, 214-220, 233, 242-244-1, 271-284, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323-326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
99-4.7. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır. (69) (qüvvəyə minməyib) (73, 75, 78, 98)
Maddə 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq edilir.
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər.
99-5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması. (69) (qüvvəyə minməyib)
Maddə 99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə — əlli min manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə — yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə — yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır cinayətlərə görə — yüz iyirmi beş min manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. (69) (qüvvəyə minməyib)
Maddə 99-7. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə təyin edilir:
99-7.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə — bir ildən iki ilədək müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə — iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə — üç ildən dörd ilədək müddətə;
99-7.2.4. xüsusilə ağır cinayətlərə görə — dörd ildən beş ilədək müddətə. (69) (qüvvəyə minməyib)
Maddə 99-8. Hüquqi şəxsi ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə, əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir.
99-8.4. Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və həmkarlar ittifaqına, dövlət (bələdiyyə) müəssisələrinə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə (bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir. (69) (qüvvəyə minməyib)
Maddə 99-9. Hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.