Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi).
Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur.
Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.

Maddə 2. Şəxsiyyət vəsiqəsinin növləri
Şəxsiyyət vəsiqəsinin bu növləri vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
Şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir.

Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar
16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.
Bu məlumatları şəxsiyyət vəsiqəsinə daxil edən müvafiq dövlət orqanının məsul əməkdaşı bunları öz imzası və gerbli möhürlə təsdiqləyir və məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi
Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə sənəd və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.
25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

Maddə 5. Dövlət rüsumu
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar sahibinin təqsiri olmadan təhrif edilərsə,yaxud şəxsiyyət vəsiqəsi vətəndaşın təqsiri olmadan itərsə və ya yararsız hala düşərsə dövlət rüsumu alınmadan şəxsiyyət vəsiqəsi onu verən orqan tərəfindən dəyişdirilir.
Vətəndaş 25, 35 və 50 yaşına çatdıqda, həmçinin onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş məbləğin yarısı miqdarında dövlət rüsumu alınır.
Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsi üçün minimum əmək haqqının iki misli məbləğində dövlət rüsumu alınır.

Maddə 6. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları
Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
Barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alı nır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.

Maddə 7. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi
Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.

Maddə 8. Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət
Bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət və aiqəsinin verilməsində (dəyişdirilməsində) süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 14 iyun 1994-cü il
№ 817

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 sentyabr 1994-cü il, № 186).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1994-cü il, № 18, maddə 244).
13 fevral 1998-ci il tarixli, 432-IQ nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli; 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli; 22 dekabr 2006-cı il tarixli, 210-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 11 may 2010-cu il tarixli, 1008-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli; 15 noyabr 2011-ci il tarixli, 230-IVQD nömrəli ; 19 aprel 2013-cü il tarixli, 617-IVQD nömrəli; 21 iyun 2013-cü il tarixli, 704-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.