Altıncı fəsil. Yol hərəkəti qaydalarının pozuntuları

 

Maddə 79. Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozuntuları 

Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilən və inzibati və mülki məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:

1) yolda müəyyən edilmiş hərəkət sürətinin 10—30 km/saat həddində aşılması; bu maddənin 2-ci bəndində göstərilən hallar istisna olmaqla, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi; nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə dayanma, durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə qaydalarının pozulması;

2) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi; 3.1. «Giriş qadağandır», 3.2 «Hərəkət qadağandır» yol nişanları tələblərinin və ya sərnişin daşıma qaydalarının pozulması; xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi;

3) yolda müəyyən edilmiş hərəkət sürəti həddinin 30 km/saat və artıq aşılması; dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması; qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi; yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi;

4) nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi; nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmək üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi; sərxoşluq vəziyyətinin yoxlanılması üçün müəyyən edilmiş qaydada müayinədən boyun qaçırılması;

5) idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi; nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxsə idarə etmək üçün verilməsi yaxud nəqliyyat vasitəsinin vəkalətnamə olmadan (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla) idarə edilməsi;

6) idarə etmə hüququ olmayan və alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərilən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi;

7) bu maddənin 5-ci və 6-cı bəndlərində nəzərdə tutulan pozuntuların bir il ərzində təkrar törədilməsi;

8) bu maddənin 1-ci—6-cı bəndlərində nəzərdə tutulan pozuntular nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulması və ya onun bədəninə yüngül xəsarət yetirilməsi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-267-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi cinayət məsuliyyətinə səbəb olur.

Maddə 80. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozuntuları 

I. Piyadalar tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:

1) yolun hərəkət hissəsinə çıxdıqda piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsi;

2) yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsi;

3) yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması;

4) qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsinin tərk edilməməsi.

II. Yol hərəkətində iştirak edən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının sərnişin tərəfindən pozulması məsuliyyətə səbəb olan pozuntudur.

III. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:

1) svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsi;

2) sərnişin daşınması;

3) idarə etməyə mane olan yükün daşınması;

4) yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanmasının tələblərinin pozulması;

5) yolda sükanı tutmadan idarə edilməsi;

6) piyadaların hərəkəti üçün nəzərdə tutulmuş sahədə onların hərəkətinə bu Qanunun tələblərinə zidd olaraq maneə yaradılması;

7) üstün hərəkət hüququ olan nəqliyyat vasitələrinə yol verilməməsi.

IV. At arabalarını (kirşəni) idarə edən və ya mal-qara ötürənlər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:

1) mal-qaranın yolda nəzarətsiz qoyulması;

2) mal-qaranın, at arabasının (kirşənin) dəmir yol xətlərinin və ya yolların üstündən nəzərdə tutulmayan yerlərdən, habelə sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində keçirilməsi;

3) mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsi;

4) işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsi;

5) at arabalarını (kirşəni) idarə edən şəxs tərəfindən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsi;

V. Yol hərəkəti iştirakçıları tərəfindən törədilən pozuntulara görə məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılardır:

1) alkoqoldan, narkotik vasitələrdən psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə bu maddənin birinci—dördüncü hissələrində nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulması;

2) bu maddənin birinci—dördüncü hissələrində nəzərdə tutulan pozuntular nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulması və ya onun bədəninə yüngül xəsarət yetirilməsi.

Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət

Bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 82. Yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı olan digər məsələlər 

I. Yol hərəkəti qaydalarının pozuntusu haqqında məsələlərə İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsi ilə nəzərdə tutulmuş qaydaya uyğun olaraq baxılır.

II. Bu Qanunun 27-ci maddəsinin on yeddinci hissəsinin 1-ci bəndi, 30-cu maddəsinin doqquzuncu hissəsi, 31-ci maddəsinin beşinci hissəsi, 79-cu maddəsinin 1-ci bəndi, 80-ci maddəsinin birinci—dördüncü hissələri ilə nəzərdə tutulmuş pozuntulara görə cərimə, yerində ödənilir. Bu Qanunun 27-ci maddəsinin on yeddinci hissəsinin 2-ci bəndində, 79-cu maddəsinin 2-ci—4-cü bəndlərində nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

III. Sürücülərin bu Qanunun 79-cu maddəsinin 2-ci bəndində göstərilən qayda pozuntularına yol verməsi 3 bal, 27-ci maddəsinin on yeddinci hissəsinin 2-ci bəndində və 79-cu maddəsinin 3-cü bəndində göstərilən qayda pozuntularına yol verməsi 4 bal, 79-cu maddəsinin 4-cü bəndində göstərilən qayda pozuntularına yol verməsi isə 5 balla qiymətləndirilir. Sürücülər bir il ərzində cəmi 10 və daha çox bal topladıqda, onların nəqliyyat vasitələrini idarə etmək hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvəqqəti olaraq məhdudlaşdırılır.

IV. Azərbaycan Respublikası ərazisində diplomatik immunitetə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yol hərəkəti qaydalarını pozduqları halda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti qaydalarını pozduqlarına görə əcnəbilərə yalnız cərimə növündə inzibati tənbeh tətbiq edilə bilər. Onlar bir il ərzində bu Qanunun 79-cu maddəsinin 5-ci, 6-cı və 8-ci bəndləri ilə nəzərdə tutulmuş pozuntulara təkrar yol verdikdə və ya törətmiş olduqları pozuntulara görə cərimə ödəməkdən imtina etdikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onların ölkədən çıxarılması məsələsini qaldıra bilər.