Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında

 

Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında (1)

Qərar № 73

Bakı şəhəri, 20 aprel 2000-ci il

«Polis haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli, 205 nömrəli Fərmanının 1-ci bəndinin 7-ci, 8-ci, 9-cu və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə aylara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.

1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu Qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilsin.

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normalar və dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara ərzaq məhsullarının topdan satış qiymətlərinə nəzarət komissiyasının müəyyənləşdirdiyi qiymətlər əsasında Daxili İşlər Nazirliyinin polis əməkdaşına ərzaq payı və ya ərzaq payı əvəzinə müvafiq pul kompensasiyası verilsin.

1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin.

1.4. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur. Verilən əlavələr həmin əməkdaşların təminat xərcliyinə və aylıq əməkhaqqı məbləğinə daxil edilmir.

1.5. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

  1. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına və ya onun ailəsinə:
    • xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur;
    • xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda , xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

2.1. Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış , sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə birdəfəlik kompensasiyaların müəyyən edilməsi üçün tələb olunan sənədlər bu qərarın 2 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.

  1. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydası bu qərarın 4 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulunun və birdəfəlik kompensasiyaların miqdarı və verilməsi Qaydası bu qərarın 3 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.
  3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2000-ci il, № 4, 2-ci kitab, maddə 319) («VneshExpertService» LLC).

22 yanvar 2004-cü il tarixli, 4 nömrəli; 22 iyul 2004-cü il tarixli, 98 nömrəli; 25 noyabr 2004-cü il tarixli, 185 nömrəli; 20 iyul 2005-ci il tarixli, 144 nömrəli; 26 sentyabr 2006-cı il tarixli, 217 nömrəli; 11 may 2007-ci il tarixli, 74 nömrəli; 13 fevral 2008-ci il tarixli, 44 nömrəli; 9 noyabr 2009-cu il tarixli, 177 nömrəli; 14 aprel 2010-cu il tarixli, 68 nömrəli; 30 dekabr 2011-ci il tarixli, 215 nömrəli; 29 aprel 2014-cü il tarixli, 116 nömrəli; 8 may 2014-cü il tarixli, 138 nömrəli; 29 may 2014-cü il tarixli, 169 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2000-ci il 20 aprel tarixli,

73 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilənfasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi

QAYDALARI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq təminat xərcliyi* və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:

  1. Fasiləsizxidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir:
    • 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə — 5 faiz;
    • 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə — 10 faiz;
    • 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə — 15 faiz;
    • 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə — 20 faiz;
    • 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə — 25 faiz;
    • 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə — 30 faiz;
    • 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə — 40 faiz;
    • 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə — 50 faiz.
  1. Məharət dərəcəsinə görə verilən əlavə, vəzifə maaşına hesablanaraq aşağıdakı məbləğdə ödənilir:

1) Ali, orta və böyük rəis heyətinə mənsub şəxslərə:

  • II məharət dərəcəsinə görə — 15 faiz;
  • I məharət dərəcəsinə görə — 25 faiz;
  • usta məharət dərəcəsinə görə — 35 faiz.

2) Sıravi və kiçik rəis heyətinə mənsub şəxslərə:

  • II məharət dərəcəsinə görə — 10 faiz;
  • I məharət dərəcəsinə görə — 15 faiz;
  • usta məharət dərəcəsinə görə — 25 faiz.
  1. Şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:
  • 1 ildən 3 ilə qədər — 10 faiz;
  • 3 ildən 6 ilə qədər — 15 faiz;
  • 6 ildən yuxarı — 20 faiz;
  1. Post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşların aylıq vəzifə maaşının 20 faizi məbləğində əlavə ödənilir.
  2. Sürücülərə dərəcəyə görə əlavə vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:
    • II dərəcəyə görə — 10 faiz;
    • I dərəcəyə görə — 25 faiz.
  1. Xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyan əməkdaşlara gündəlik yemək xərci əvəzinə ödənişlərin məbləği və verilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
  2. Tutduğu vəzifədən azad edilən daxili işlər orqanlarının əməkdaşlarına sərəncamda olduqları iki aydan artıq olmayan müddətdə tam həcmdə əmək haqqı (sonuncu vəzifə maaşı, xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə əlavə haqq və ərzaq payı əvəzinə verilən pul kompensasiyası) ödənilir.
  3. Xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara aşağıdakı məbləğdə və qaydada ödənilir:
  4. a) pensiya almaq hüququ olan yaş həddi, səhhəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində, başqa əsaslara görə tərxis edilənlərlə isə (barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərara əsasən tərxis edilənlər istisna olmaqla) vəzifə və rütbə maaşlarının iki aylıq məbləğində;
  5. b) pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində.
  6. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və ya xəstə ailə üzvünə qulluğa görə xəstəlik vərəqəsi əsasında xidmətdən azad edilən, yaxud xəstəlik məzuniyyətində olan xüsusi rütbəli əməkdaşlara qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, altı aydan artıq olmamaq şərtilə xəstəlik gününədək aldıqları təminat xərcliyi saxlanılır.

Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

  1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və digər dövlətlərin ali və orta ixtisas xüsusi polis tədris müəssisələrində əyani təhsil alanlara:
    • sıravi və kiçik rəis heyətinə mənsub əməkdaşlara daxil olandan əvvəl son iş yerindəki vəzifə və xüsusi rütbə maaşları, fasiləsizxidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlar ödənilir;
    • orta ümumtəhsil məktəbini bitirmiş vətəndaşların sıralarından qəbul edilənlərə respublikada ali və orta ixtisas tədris müəssisələri üçün müəyyən edilmiş məbləğdə təqaüd ödənilir.
  1. Daxili İşlər Nazirliyinin ibtidai hazırlıq kursuna çağırılmış əməkdaşlarına həmin müddətdə təyin olunduğu vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası, təkmilləşdirmə və ixtisas artırmağa çağırılmış əməkdaşlara isə işlədiyi vəzifə üzrə aldıqları təminat xərcliyi ödənilir.
  2. Daxili İşlər Nazirliyinin və respublikanın digər ali məktəblərində qiyabi təhsil alan əməkdaşlara imtahan sessiyası müddətində işlədikləri vəzifə üzrə aldıqları təminat xərcliyi saxlanılır.
  3. Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir.

Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında ödənilir.

Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir.

  1. Yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından,fasiləsizxidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlardan hesablanır.
  2. digər əlavə haqlar və ödənişlər qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə maaşından hesablanır.
  3. Daxili İşlər Nazirliyinin əməkdaşlarına müavinətlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.

* Təminat xərcliyi vəzifə və xüsusi rütbəyə görə maaşlardan, fasiləsiz xidmət illərinə görə haqdan, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və əməkdaşa verilən digər əlavələrdən ibarətdir.

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2000-ci il 20 aprel tarixli,

73 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış , sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və onun ailəsinə birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün tələb olunan sənədlər

  1. Polis əməkdaşı həlak olduqda,vəfat etdikdə:
    • ölüm haqqında şəhadətnamə;
    • əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
    • ailə üzvlüyünü təsdiq edən arayış;
    • vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.
  1. Polis əməkdaşı əlillik dərəcəsi aldıqda:
    • Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin təyin edlməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) arayışı;
    • əməkdaşın əlilliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
    • əməkdaşın raportu.

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2000-ci il 20 aprel tarixli,

73 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

3 nömrəli əlavə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi Qaydası və miqdarı haqqında

  1. Ümumi müddəalar
  2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir:
  3. a) əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci;
  4. b) yolda olan müddət üçün gündəlik xərc;
  5. c) ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci;

ç) əməkdaşa birdəfəlik kompensasiya;

  1. d) əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.
  2. Polis əməkdaşına birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə əməkdaşın aldığı vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.
  3. Köç pulu və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir:
  4. a) Daxili İşlər Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən;
  5. b) Daxili İşlər Nazirliyinin orqanlarının daimi dislokasiya yerinin dəyişilməsi zamanı;
  6. c) Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərsə.
  7. Xidməti yerdəyişmə və təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.
  8. Köç pulu və birdəfəlik kompensasiyaların miqdarı
  9. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir:
  10. a) əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri, təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla ödənilir;
  11. b) əməkdaşa yerdəyişmə və təyinolunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya 1 aylıq yeni təyin olunduğu vəzifə üzrə vəzifə maaşı və 1 aylıq xüsusi rütbə maaşı məbləğində;
  12. c) Daxili İşlər Nazirliyinin orqanlarının dislokasiya yerinin dəyişməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq vəzifə və xüsusi rütbə maaşlarının 50 faizi məbləğində;

ç) ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində;

  1. d) əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çəkdiyi faktiki xərc, yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

III. Yolda olan vaxt üçün gündəlik xərcin verilməsi

  1. Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.
  2. Köç pulunun və birdəfəlik kompensasiyaların ödənilmə qaydası
  3. Köç pulu və birdəfəlik kompensasiya əməkdaşa aşağıdakı qaydada ödənilir:
  4. a) Ştat vəzifəsinə təyin edilərkən xidməti yerdəyişmə zamanı təyinolunma barədə əmr əsasında yeni iş yerində;
  5. b) Daxili İşlər Nazirliyinin orqanının daimi dislokasiya yerinin dəyişilməsi zamanı müvafiq əmr əsasında orqanın yeni dislokasiya yerində.
  6. Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin olunduğu gündən 1 il müddətinə əməkdaşın ailəsi köçüb onun xidmət etdiyi yerə gələrkən (əgər əməkdaş yeni xidmət yerində mənzil ilə təmin olunmayıbsa və yaxud uşaqları ali və orta ixtisas tədris müəssisələrinin əyani şöbəsində və ümumi orta təhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzil ilə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətinə) ödənilir.
  7. Birdəfəlik kompensasiyalar əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə verilir:
  8. a) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);
  9. b) əməkdaşın himayəsində olan uşaqlara;
  10. c) əməkdaşın Azərbaycan Respublikasının Mülki Məcəlləsində qadın və kişilər üçün nəzərdə tutulmuş pensiya yaşına çatmış və yaşından asılı olmayaraq I və II qrup əlil valideynlərinə.
  11. Köç pulu və birdəfəlik kompensasiyalar əməkdaşın raportu, təyin olma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.
  12. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı hallarda ödənilmir:
  13. a) Daxili İşlər Nazirliyinin təhsil müəssisəsinin əyani şöbəsini bitirdikdən sonra həmin müəssisənin ştat vəzifəsinə təyin olunan əməkdaşa;
  14. b) əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.
  15. Verilmiş köç pulu və birdəfəlik kompensasiyalar əməkdaş yerdəyişmə və təyin olunmadan sonra işə başlamaqdan imtina edərsə qaytarılmalıdır.

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 

2000-ci il 20 aprel tarixli,

73 nömrəli qərarına 

4 nömrəli əlavə

Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi

Qaydası

  1. Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:
  • Bakı şəhərində — 47 manat;
  • başqa şəhər və rayon mərkəzlərində — 33 manat;
  • digər yaşayış məntəqələrində — 27 manat.
  • Daxili işlər orqanları əməkdaşlarına onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün onlara yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir.
  1. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər:
  • əməkdaşın raportu;
  • Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış;
  • yaşayış sahəsinin onun mülkiyyətçisindən və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisindən (bundan sonra — müvəqqəti mənzil) kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;
  • xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub olunmaması haqqında arayış;
  • əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
  • əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış.
  1. Yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş sənədləri təqdim etməlidir. Kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.
  2. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, daxili işlər orqanının maliyyə xidmətinə təqdim edilməlidir.
  3. Daxili işlər orqanı əməkdaşının ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.
  4. Kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası əməkdaşın kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 1-ci bəndi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərti ilə ödənilir.
  5. Daxili İşlər Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş əməkdaşlara kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası ödənilmir.

(1) Bu qərar Nazirlər Kabinetinin 4 dekabr 2001-ci il tarixli 190 saylı qərarana əsasən daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilir