Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayin

 

Qərar № 135
Bakı şəhəri, 7 avqust 2000-ci il

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri A. RASİ-ZADƏ


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, 3-cü kitab, maddə 641) («VneshExpertService»).

9 iyun 2003-cü il tarixli 78 saylı qərara əsasən əlavə və dəyişikliklərlə («VneshExpertService»).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 7 avqust tarixli, 135 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası

1. İnsan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir.

2. Tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə olan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır.

3. Müayinə aparan həkim-narkoloq 2 nüsxədə (əsli və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları, müayinə aparılması barədə qərar çıxaran orqanın adı, müayinənin səbəbi qeyd olunur.
Müayinə zamanı həkim-narkoloq yoxlanılan şəxsdən geniş anamnez toplayır, onun xarici görünüşünə, davranışına nəzarət yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini, vegetativ damar reaksiyalarını, tənəffüsün tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin vəziyyətini, hərəkət sferasını, mimikasını yoxlayır, xüsusi sınaqlar aparır. Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti (əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi, emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya, aqressivlik, təfəkkürün sürəti, həyəcanlı, səksəkəli olması, vaxt gedişini qiymətləndirməsi, qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik məlumatlarla birgə müayinə olunanın vəziyyətini qiymətləndirməyə və düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri protokolda qeyd olunur və müayinə olunan şəxsə elan edilir. Müraciət olunduğu andan müayinə başlanmış hesab edilir və onun keçirilmə müddəti zəruri tədqiqatların aparılmasına sərf olunan vaxtdan asılıdır.

4. Əgər yaranmış vəziyyətlə əlaqədar (müayinə olunan şəxsin vəziyyətinin ağırlığı, müayinədən imtina edərək müqavimət göstərməsi və sairə) müayinənin tam həcmdə aparılması mümkün deyildirsə, tibbi müayinə protokolunda bu səbəb qeyd edilir və bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi aparılır. Müayinə olunan şəxsdən götürülən bioloji mühit nümunələrinin mühafizəsini təmin etmək məqsədi ilə metodik göstərişlərin tələblərinə və digər zəruri şərtlərə riayət etməklə, həmin nümunələr 30 gündən az olmayaraq müayinə aparılan müəssisədə saxlanılmalıdır. Bioloji mayelərin müayinəsi ciddi olaraq xüsusi təlimat və metodika üzrə aparılır və müayinənin gedişi protokollaşdırılır. Bioloji mayelərin müayinəsinin və kliniki müayinənin nəticələri cəmləşdirilərək ümumi rəy verilir.

5. Protokolun surəti müayinə aparılan tibb müəssisəsində qalır və stasionar xəstənin tibbi kartları üçün müəyyən edilmiş qaydada mühafizə olunur.

6. Travma ilə əlaqədar tibb müəssisəsinə daxil olmuş xəstələri müayinə edərkən, onlarda sərxoşluq halı aşkara çıxarılarsa, rəydə sərxoşluq halının olması faktı qeyd edilir, qəbul olunmuş forma üzrə protokol tərtib olunur və ambulator və ya stasionar xəstələrin tibbi kartalarında sərxoşluq halı haqqında rəylə yanaşı, tibbi müayinə protokolunun say nömrəsi göstərilir.
Təxirəsalınmaz hallarda sərxoşluğun   olması haqqında rəy stasionar xəstənin kartasında xəstənin statusu və laborator müayinələrin nəticələri barədə məlumatlar əsasında verilir.

7. Tibbi protokolların olmaması müayinənin keçirilməsindən imtina üçün səbəb ola bilməz. Protokolun özbaşına şəkildə tərtib edilməsi yolverilməzdir. Hər bir halda protokol təsdiq olunmuş nümunəyə uyğun tərtib edilməlidir. Tibbi müayinənin xərcləri dövlət vəsaiti hesabına ödənilir.

8. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmədə baxılmasına qədər çıxarılmalıdır. Sərxoşluq halının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələr və ya psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə, bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair Ümummilli Məlumat Bankına verilməlidir.

9. Narkotik vasitələr və psixotrop maddələr daşınması haqqında əsaslı şübhələr olan şəxsin, narkotik sərxoşluq vəziyyətində olub-olmaması ümumi qaydalarla aşkar edilir, həmin şəxs tibbi müayinədən keçirilməklə yanaşı, xüsusi ayrılmış yerdə, eyni cinsdən olan tibb işçisi tərəfindən bilavasitə yoxlanılır və rentgenoloji müayinədən keçirilir.

10. Sərxoşluq hallarının bütün növlərinin  təyini məqsədi ilə aparılan hər bir müayinə barədə mütləq qaydada qeydiyyat aparılır. Bunun üçün qeydiyyat jurnalından istifadə olunur. Jurnalda aşağıdakılar göstərilir:
1-ci sütunda sıra nömrəsi;
2-ci sütunda müayinənin keçirilmə vaxtı və tarixi;
3-cü sütunda müayinə olunanı göndərən təşkilatın adı, göndərişin tarixi;
4-cü sütunda müayinə olunanın soyadı, adı, atasının adı və yaşı;
5-ci sütunda müayinə olunanı təqdim edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, xidməti vəsiqəsinin nömrəsi;
6-cı sütunda müayinə aparan tibb işçisinin soyadı, adı, atasının adı;
7-ci sütunda müayinənin nəticəsi;
8-ci sütunda tibb işçisinin imzası;
9-cu sütunda müayinə protokolunun nömrəsi;
10-cu sütunda protokolu alan şəxsin imzası və ya poçtla göndərilən ünvan və tarix.
Jurnal müayinədə iştirak etmiş tibb işçisi tərəfindən doldurulur və müayinə aparılan kabinetdə saxlanılır.
Jurnalın doldurulan vərəqləri nömrələnməli, tikilməli və tibb müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.