Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son vaxtlar dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən cinayətlərin, o cümlədən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması və digər yollarla ələ keçirilməsi kimi, narkotik maddələrlə bağlı cinayətlərin, maliyyə-kredit fırıldaqlarının və iqtisadi xarakterli sair cinayətlərin çoxalması müşahidə olunur. Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur və bir sıra vətəndaşlar, o cümlədən vəzifəli şəxslər bu faktları adi bir hal hesab edirlər.

Bir çox hallarda cinayətlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq mühafizə orqanlarının lazımi çevikliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yerinə yetirməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhvlərə yol verməsi, öz səlahiyyətlərindən tə`sirli istifadə etməməsi əhalinin haqlı narazılığına və cəmiyyətdə gərginliyin artmasına səbəb olmuşdur.

Respublikada cinayətkarlığa qarşı mübarizəni gücləndirməyin, qanunçuluğu və hüquq qaydasını möhkəmləndirməyin zəruriliyini nəzərə alaraq qərara alıram:

1. Ədliyyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, Respublika Prokurorluğuna tapşırılsın və Azərbaycan Respublikasının Ali Məhkəməsinə təklif edilsin ki, bir ay ərzində respublikada cinayətkarlığa qarşı mübarizə üzrə dövlət proqramının layihəsini işləyib hazırlasınlar və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

2. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırılsın ki, idarə, təşkilat və müəssisələrdə rüşvətxorluq faktlarının aşkar edilməsi, belə hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə cəzalandırılması, rüşvətxorluq faktlarının qarşısının alınması üçün tə`sirli tədbirlər görsünlər.

Azərbaycan Respublikasının məhkəmələrinə təklif edilsin ki, rüşvətxorluq faktları ilə bağlı açıq və səyyar məhkəmə prosesləri təşkil etsinlər.

3. Prokurorluq, istintaq və təhqiqat orqanlarına tapşırılsın və məhkəmə orqanlarına təklif edilsin ki, cinayət işləri üzrə ağır cinayətlər törədən və mütəşəkkil cinayətkar dəstələrin üzvü olan və ya onların törətdiyi cinayətlərdə fəal iştirak edən müttəhimlər barəsində ən ciddi qəti imkan tədbiri tətbiq etsinlər.

4. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanlarına tapşırılsın və məhkəmə orqanlarına təklif edilsin ki, ağır cinayətlərin törədilməsində, habelə mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilmiş cinayətlərlə əlaqəsi olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, onların banklardakı əmanətləri və hesabları üzrə əməliyyatlar haqqında müvafiq orqanların vəzifəli şəxslərindən zəruri hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədləri və mə`lumatları tələb edib ümumi qaydada alsınlar; belə tələblərin yerinə yetirilməsinə mane olan və ya bundan yayınan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

5. Azərbaycan Respublikasının Prokurorluğu, müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri silah və hərbi sursat saxlayan bütün təşkilatlarda onların inventarlaşdırılmasını aparsınlar və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməklə iki ay müddətində görülmüş iş üzrə Azərbaycan Respublikasının Prezidentinə mə`lumat versinlər.

6. Daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini tə`min etsinlər və iki ay müddətində görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə mə`lumat versinlər.

7. Daxili İşlər Nazirliyinin tərkibində mütəşəkkil cinayətkarlığa, terrorizmə və banditizmə qarşı mübarizə idarəsi yaradılsın; daxili işlər naziri həmin idarənin təşkili və normal fəaliyyəti üçün zəruri tədbirləri daxili ehtiyatlar hesabına həyata keçirməklə on gün müddətində həmin idarənin fəaliyyətə başlamasını tə`min etsin.

8. Ədliyyə Nazirliyinə tapşırılsın ki, korrupsiyaya, yalançı sahibkarlığa, qəsdən iflasa, qanunsuz kredit verməyə, kreditlərdən tə`yinatı üzrə istifadə etməməyə, valyuta vəsaitlərini xaricdən vaxtında və tam gətirməməyə, mühasibat uçotu qaydalarını qəsdən pozmağa, əmlakı zorakılıqla almağa (reketə) və başqa ictimai təhlükəli əməllərə görə cinayət məs`uliyyətinin müəyyən olunması; vergi ödənilməsindən boyun qaçırmağa və ya yayınmağa, oğurluğa, avtonəqliyyat vastələrini qaçırmağa, qanunsuz odlu silah saxlamağa, gəzdirməyə və s. görə cinayət məs`uliyyətinin gücləndirilməsi, cinayət və cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi barədə bir ay müddətində qanunvericilik təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Respublikanın Prokurorluğuna və Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hazırlanan cinayət haqqında ciddi dəlillər olduqda təhqiqat orqanlarının əməkdaşlarına, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və tikintiləri müayinə etmək hüquqları verilməsi üçün qanunvericilik aktlarında zəruri dəyişiklik edilməsi haqqında təklifləri bir ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

10. Azərbaycan Respublikasının Prokurorluğuna, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, banditizmin və mütəşəkkil cinayətkarlığın geniş yayıldığı şəhər və rayonların siyahısını müəyyən etsinlər; onların ərazisində fəaliyyət göstərən daxili işlər və milli təhlükəsizlik orqanlarının cinayətkarlığa qarşı mübarizədə xüsusi tədbirlər həyata keçirilməsi ilə bağlı əməliyyat xidməti fəaliyyətinin gücləndirilmiş iş rejiminə keçirilməsini tə`min etsinlər.

11. Nazirlər Kabinetinə tapşırılsın ki, cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının vacib ehtiyaclarını nəzərə almaqla onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir kriminalistika texnikası vasitələri ilə təchiz edilməsi haqqında təkliflərini bir ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

12. Azərbaycan Respublikasının Prokurorluğuna, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, cinayət işlərinin çevik və keyfiyyətli istintaqını tə`min etmək məqsədi ilə həmin orqanların işçilərini iş göstəricilərindən asılı olaraq mə`nəvi və maddi cəhətdən həvəsləndirmək üçün lazımi tədbirlər görsünlər.

Cinayətkarlığa qarşı mübarizə işində fərqlənən vətəndaşların, daxili işlər, milli təhlükəsizlik, polis və prokurorluq orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün əlavə vəsitlər cəmləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi fondu yaradılsın.

Ədliyyə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, həmin fondun Əsasnaməsinin layihəsini on gün ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 9 avqust 1994-cü il.

№ 181.

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 avqust 1994-cü il, № 154).

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 15, maddə 202.