1997-ci il fevralın 1-də ulu ­öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclərin birinci Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir.
“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənc­lərə tapşırırıq. Bizim işimizi gənc­lər davam etdirməlidir”. Ümummilli liderimiz Heydər Əliyevin bu fikir­ləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi­-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqil­lik qazandıqdan sonra milli kadr təminatında əsas amil olmuşdur.

Ümummilli liderimiz müstəqillik dövründə – 1993-2003-cü illərdə ölkəmizə rəhbərliyi zamanı da gənc­lərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirmiş, gənc­lərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların sosial problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün lazımi şərait yaratmışdır. Ayrı-ayrı dövlət təşkilatlarının gənc­lərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək üçün 1994-cü ildə Gənc­lər və İdman Nazirliyi yaradılmış, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə “Gənclər siyasəti haqqında”, “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” qanunlar qəbul olunmuş, bir sıra fərman və sərəncamlar imzalanmışdır. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Sağlam və intellektual gənc nəslin yetişdirilməsi hər bir xalqın əsas strateji hədəflərindən sayılır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənc­lər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.
Muxtar respublikamızda da gənc­lərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qeyd etmişdir ki: “…Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənc­lərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tədbirlər görülür. Muxtar respublikamızda Gənclər Mərkəzi, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər saymaqla bitməyən obyektlər tikilmiş və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilmişdir.
Gəncliyə qayğı gələcəyə qayğıdır. Ona görə də gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının davamıdır. Bu fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmişdir. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu amil nəzərə alınaraq muxtar respublikada idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənclərin hərtərəfli böyüməsinə xidmət edir. Yaradılan imkanlardan istifadə edən gənclər Azərbaycan və dünya miqyaslı yarışlarda və çempionatlarda uğurla iştirak edərək Naxçıvan idman məktəbinin adını yüksəldirlər.
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni yaşayış kompleksi tikilərək istifadəyə verilmiş, gənclərin güzəştli şərtlərlə mənzil sahibi olmaları üçün tədbirlər görülmüşdür.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq hər il ölkəmizdə internet üzərindən aparılan səsverməyə əsasən bir şəhər Gənclər Paytaxtı seçilir. Bu il yanvarın 25-dən 31-dək ölkəmizin 23 şəhər və rayonu arasında aparılmış səsvermənin nəticəsinə əsasən Naxçıvan şəhəri ən yüksək səs toplayaraq 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu qələbə muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin bəhrəsi, gələcəyimiz olan gənclərə göstərilən qayğının və onlar üçün yaradılan şəraitin nəticəsidir.
Yaradılan şərait onu deməyə əsas verir ki, Gənclər Paytaxtı Naxçıvan bu adı uğurla doğruldacaq, gənclərin fəaliyyət imkanları daha da genişlənəcəkdir.