Naxçıvan Muxtar Respublikasının Boks federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

İclasda federasiyanın sədr müavini Məmmədcəfər Əliyev çıxış edib. Məmmədcəfər Əliyev  qeyd edib ki, idmançılarımız son bir ildə 17 müxtəlif idman yarışında iştirak edib ki, bunlardan biri Avropa birinciliyi, 4-ü beynəlxaq turnir, 3-ü Azərbaycan birinciliyi, 1-i Naxçıvan Muxtar Respublika turniri, 7-si açıq birincilik, 1-i isə şəhər birinciliyi olub. Bildirilib ki, federasiyanın idmançıları ölkə və beynəlxalqmiqyaslı yarışlardan 20 müxtəlif əyarlı medal qazanıblar.

Ardınca federasiyanın məşqçiləri məruzə ətrafında çıxışlar ediblər.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Məcid Seyidov qeyd edib ki, ötən il nazirlik və Boks federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublika boksçuları beynəlxalq və respublikamiqyaslı yarışlarda  uğurlu nəticələr qazanıblar ki, bunun da 9-nu qızıl medal təşkil edir. Həmçinin vurğulanıb ki, ötən ilin may ayında Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq boks turniri də yüksək təşkilatçılıq fonunda uğurlu nəticələrlə yadda qalıb.

Sonda yığıncağın yekun qərarları iştirakçıların diqqətinə çatdırılıb və iclas 2018-ci ildə görüləcək işlərin  müzakirəsi ilə sona çatıb.