Fevralın 1-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanını yaratmaq məqsədilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişikliklər təklif edilir. Dəyişikliyə görə, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.